Xəbər lenti

 

APA TV-nin yeni format və yeni kollektivlə internet televiziya məkanına qayıtması xəbərinin ardından “Yeni Müsavat”ın reportyor qrupu olaraq, həmkarlarımızı ilk təbrik edən və hazırlıq prosesini tamaşaçılara ilk göstərənlərdən biri olmaq üçün "APA Group"un ofisinə üz tutduq. 

Yenidən efirə qayıtmanın sevinc və həyəcanını yaşayan kollektiv bir nəfər kimi iş başında idi. Yaxın günlərdə fəaliyyətini bərpa edəcək televiziyanın studiyaları, texnikası, yaradıcı və texniki heyəti hazır vəziyyətə gətirilib. İşçilər apatv.az saytı və "Youtube" üzərindən yayımlanacaq televiziyanın bazasını formalaşdırmaq, maraqlı verilişlərlə ilk gündən gündəmi zəbt etmək uğrunda dayanmadan çalışırlar.

Otaqların birində müxbir və aparıcılardan ibarət yaradıcı komanda, digərində isə rejissor və operatorlardan ibarət texniki heyət çalışır. Hər iki komandanın başında duran, onları koordinasiya edən isə APA TV-nin baş redaktoru Cavid İsmayıldır ki, ilk olaraq bizi qarşılayan və məlumat verən də o oldu.

apa (1).jpg (3.97 MB)

APA TV-nin baş redaktoru Cavid İsmayıl

Cavid İsmayılın sözlərin görə, APA İnformasiya Agentliyinin tərkibində fəaliyyət göstərəcək televiziya tezliklə tamaşaçıların qarşısına çıxacaq: “APA TV yayım ərəfəsindədir. Amma "Youtube" kanalımıza baxsanız, görərsiniz ki, biz həm də fəaliyyətə başlamış sayılırıq. Çünki orada gündəlik xəbər və reportajlarımızı yayımlayırıq. "APA Group"un rəhbəri Vüsalə Mahirqızının APA TV-nin fəaliyyətini bərpa etmək qərarından dərhal sonra necə deyərlər, qollarımızı çırmayıb işə başlamışıq. Artıq kollektiv tam formalaşdırılıb. Əməkdaşlarımız arasında köhnə işçilərimiz də var, yeniləri də. Daha çox gənc müxbirlərlə işləməyi qərara almışıq. Çünki gənclik həm iddialı, həm də özünü təsdiq etməyə meylli olur. Bütün heyətlə hər gün işə gəlir, lazımi çəkilişlərimizi edirik. Tamaşaçılarımız tam əmin olsunlar ki, onları çox yaxşı süjetlər, reportajlar və verilişlər gözləyir”.

Texniki məsələlərə gəlincə, baş redaktor qeyd etdi ki, bununla bağlı son tamamlama işləri aparılır: “APA TV xəbər televiziyası olduğu üçün hər saatbaşı xəbərlərimiz yayımlanacaq. Hadisə yerlərindən canlı yayımlarımız olacaq. Televiziyamızın baxımlı verilişlərindən olan “Sosium”, “Öncə Sağlıq”, “Yaşıl Orta” da bərpa olunur. APA TV-nin efirində İlqar Əlfioğlu, Nəsimi Nəbizadə, Sevinc Vaqifqızı, İlahə Vəliyeva kimi tanınmış simalarla yanaşı, yeni aparıcılar da görəcəksiniz. Onların arasında indiyədək özlərini təsdiqləmiş imzalar da var. İradə İsaq “Birdən milyona”, Tahirə Məmmədqızı “Gecə qonağı” layihələri ilə tamaşaçılar qarşısına çıxacaqlar. Şamil Paşayevin təqdimatında “Hüquq vaxtı”, Orxan Məmmədlinin təqdimatında “Müxtəsər”, İqrar Eyvazovun təqdimatında “Avtovaxt” kimi verilişlər izləyicilərə təqdim olunacaq. “Hadisədən sonra” verilişində isə Şamil Paşayev və Orxan Məmmədli həftənin kriminal xronikasını təqdim edəcəklər. “Sosium”, “Avtovaxt”, “Öncə sağlıq”, “Yaşıl orta” kimi ictimai əhəmiyyətli müzakirələrin olacağı verilişlər canlı olacaq, əsas məqsədimiz izləyicilərimizi də o müzakirələrə qoşmaqdır”.

apa (5).jpg (3.56 MB)

Cavid İsmayıl APA TV-nin çox böyük auditoriyaya xitab edəcəyini bildirərək söylədi ki, telekanalın təkcə "Youtube" hesabının 246 min abunəçisi var: “Biz abunəçi sayını daha da artırmağı planlaşdırırıq. Avqust ayında tamaşaçıların görüşünə gələcəyik, kiçik texniki problemlər istisna olmaqla hazırlıqlarımız tamamlanıb. Arzularımızdan biri də odur ki, APA TV təkcə internetdə yox, həm də kabel televiziya kimi yayımlansın. Bizim belə bir potensialımız var, həm yaradıcı, həm də texniki baxımdan buna hazırıq. APA TV-nin efirə çıxmasının bir qədər gecikməsinin də səbəbi odur ki, biz hazırlığımızı, sadəcə, bir internet televiziyası kimi yox, kabel və ya peyk üzərindən yayımlanan bir televiziya səviyyəsində aparırıq”.

“APAralel” verilişinin aparıcısı İlqar Əlfioğlu da yenidən APA TV-də fəaliyyətə başlaması ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: "Mən televiziya karyeramı AzTV-dən başlamışdım və düşünürdüm ki, fəaliyyətimizin sonu da məhz AzTV-də olar. Ancaq yaxşı ki, APA TV məni yenidən dəvət etdi. Verilişim siyasi-ictimai veriliş olacaq, günün aktual mövzularını müzakirə edəcəyik. Gündəlik veriliş kimi planlaşdırmışıq, canlı yayımda efirə çıxacağıq və çalışacağıq ki, interaktiv olsun”.

APA TV-nin xəbər müdiri, Azərbaycanın əməkdar jurnalisti Nəsimi Nəbizadə isə “Teleköşə” layihəsi ilə tamaşaçıların görüşünə gələcək: "Bu layihə həftədə bir dəfə nəzərdə tutulub. Mən APA TV yarandığı gündən buradayam. İndi isə həm də xəbər müdiri kimi fəaliyyət göstərəcəyəm. Çalışacağıq ki, fərqli bir yanaşma ortaya qoyaq. Azərbaycan teleməkanında fərqlənmək o qədər də çətin deyil. Əsas komandanın potensialından maksimum istifadə etmək və fərqlənməyi bacarmaqdır”.

apa (7).jpg (3.49 MB)

Həmsöhbətlərimizdən biri də APA TV-nin köhnə əməkdaşlarından olan Sevinc Vaqifqızı oldu. O, yenidən ölkə teleməkanına fərqli bir nəfəs gətirəcəklərini vurğuladı: “APA TV yarandığı gündən fərqli gəlmişdi və elə də davam edəcək. Hər bir tamaşaçı bizim xəbər mənbəyimiz olacaq, çalışacağıq ki, hər zaman xəbərin içində olaq. Problemlərin həllində yaxından iştirak etməyə çalışacağıq. Özümə gəlincə, burada həm müxbir kimi fəaliyyət göstərəcəyəm, həm də “Sosium” verilişini aparacağam. Bu veriliş sosial-ictimai məsələləri əhatə edəcək".

Gənc müxbirlər Elvin Paşazadə və Mirçingiz Ağazadə də APA TV-də çalışmaqdan məmnun olduqlarını və bu məsuliyyəti, onlara göstərilən etimadı doğrultmaq üçün tamaşaçılara bir-birindən maraqlı reportajlar təqdim edəcəklərini bildirdilər. 

Qeyd edək ki, Mirçingiz Ağazadə REAL TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin oğludur. Cavid İsmayıl onu bizə təqdim edərkən zarafatla dedi ki, "atasına alternativ hazırlayırıq".

Tanınmış aparıcı İqrar Eyvazov da APA TV-nin yeni simalarındandır: "12 illik fəaliyyətim dövründə müxtəlif televiziya və radiolarda çalışmışam. İndi artıq APA-çıyam. Burada “Avtovaxt” və “Öncə Sağlıq” verilişlərinin aparıcısı olacağam. İndi açıqlamaq istəmədiyim başqa bir layihəm də var”.

APA-çıların iş prosesinə daha çox mane olmamaq üçün onlara uğurlu efirlər arzulayıb, studiyadan ayrıldıq. Reportajımızı daha ətraflı təqdim etdiyimiz videosujetdən izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,
Məğrur MƏRD




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 1-08-2019, 23:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma