Xəbər lenti

  

Polislik şərəfli peşədir. Cəmiyyətin rahatlığı, asayişin təmin olması üçün böyük fədakarlığa qatlanan; bəzən bizim uğrumuzda canından keçən, ağır yaralanan, ən adi halda isə gecələr yuxusuna haram qatıb gündüzlər belə dincəlməyən polislərimizə həqiqətən çox şey borcluyuq. Fəqət onlar arasında ədalətsiz davranışları ilə vətəndaşları narazı salanlar da az deyil.

Xüsusilə yol polislərindən daha çox şikayətlər eşidirik. Bəzən heç bir səbəb olmadan sürücülərin yolda saxlanılması, heç bir xəbərdarlıq bildirilmədən kəsilən ağır cəzalar, haqsız tələblər sözün həqiqi mənasında insanları bezdirir.

Ucar rayonunun Qazyan kənd sakini 78 yaşlı bir ağsaqqalın redaksiyamıza göndərdiyi məktubda da belə hallardan bəhs edilir.

Saytımız vasiəsilə Daxili İşlər naziri Vilayət Eyvazova ünvanlanan həmin məktubda bildirilir ki, Mahmudov Abdulhüseyn Alıhüseyn oğlu adlı bu ağsaqqal günlərin bir günündə ağır xəstəsini xəstəxanaya aparırmış. Təcili getmək məcburiyyətində qaldığından yolun ortasındakı ağ zolağı “ayaqlayır”. Yolda dayanan yol polisi onu saxlayır və...

Gerisini, gəlin, ağsaqqalın Ovqat.com-a göndərdiyi məktubundan oxuyaq:

 

  

“Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Ucar rayonunun Qazyan kənd sakini, fərdi təqaüdçü, 78 yaşlı Mahmudov Abdulhüseyn Alıhüseyn oğlu tərəfindən

ŞİKAYƏT 

 
Üzləşdiyim qanunsuzluğa görə mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edirəm.
Hörmətli Nazir!
01 iyul 2019-cu il tarixdə saat 10-00  radələrində ağır xəstəni Ucar rayonundan Göyçay Mərkəzi rayon Xəstəxanasına Mersedes-Benz 90-MA-899 Dövlət Qeydiyyat Nişanlı öz şəxsi minik avtomobilimlə apararkən Ucar-Göyçay magistral yolun 15-16 km-də, Potu kəndinin yol ayrıcında, yolun kənarında dayanmış bir neçə avtomobilin yanından keçərkən məcburiyyət qarşısında qalıb avtomobilin bir təkəri orta düz xəttin üzərindən keçdi, bu zaman Göyçay Yol Polisi bölməsinin əməkdaşı Dövlət Qeydiyyat nömrəsi 99-YP-621 olan avtomobillə yol polisi nümayəndəsi baş serjant  Nurlan Mehdiyev məni saxlayaraq özünü təqdim etmədən bildirdi ki, sən yol hərəkət qaydasını pozmusan, bəs bizə hörmət et, çıx, get. Mən ona öz iradımı bildirdim ki, “hörmət et” sözünün mənasını başa düşmürəm. Mən xəstəxanaya ağır xəstə aparıram. Məntiqlə mən sizə yox, siz mənə kömək etməlisiniz ki, xəstəni xəstəxanaya çatdırım. Sonra sən əvvəlcə yol kənarında düzgün dayanmayan, yolun hərəkət hissəsinin müəyyən hissəsni zəbt edən avtomobilləri yoldan kənarlaşdırmaq əvəzinə mənə deyirsən ki, bizə hörmət edin və məni günahlandırırsan. Mən xətti üstünə çıxmamaq üçün yol kənarında dayanmış ya həmin avtomobilləri vurmalı idim və yaxud səs siqnalı verərək bir neçə avtomobili yoldan qırağa çıxmasını xahiş etməli idim və yaxud qarşı tərəfin yolu boş olduğu üçün xəttin üstündən keçməli idim. Amma bu işləri yol polisin əməkdaşları yerinə yetrirməli olduqları halda məni günahlandırırsan. Həmin dayanmış avtomobillər yolun hərəkətinə həm mane olur, həm də qəza şəraiti yaradırlar. Amma həmin polis əməkdaşı öna hörmət etmədiyimdən mənə cərimə yazacağını bildirdi. Mən ona xəstənin xəstəxanaya aparmaqda mənə kömək etməsini xahiş etdim, mənə bildirdi ki, mən təcili yardım deyiləm, ondan özünü təqdim etməsini bildirdim, o isə əvəzində mənə dedi ki, sənə protokol gələndə mənim adımı və soyadımı oradan oxuya bilərsən. Elə də oldu onun adını mən protokolu alandan sonra bildim.

1-ci şikayət məktubundan sonra məni Göyçay Yol Polisi bölməsinə dəvət etdilər. Məni bölmənin rəis müavini qəbul etdi və təkidlə protokola imza etməyimi bildirdi, lakin protokolla razılaşmayıb imza etmədim, əvəzində rəis müavinindən soruşduqda ki, niyə əməkdaşınız xəstəni tez xəstəxanaya çatdırmaqda mənə kömək etmədi, əvəzində rəis müavini bildirdi ki, biz təcili yardım işləmirik. Amma dəfələrlə mətbuatda, televiziyalarda oxuyub, görmüşük ki, Bakı şəhəri Yol Polis əməkdaşları hər hansı bir xəstəyə kömək ediblər, bundan region polislərinin xəbəri belə yoxdur.

Demək belə çıxır ki, Bakı şəhərində işləyən yol polis əməkdaşları yüksək mədəniyyətə, insanpərvərliyə malikdirlər, nəinki rayon yol polis bölməsinin əməkdaşları. Bunların bir məqsədi var: daha cox cərimə yazıb, daha çox cərimənin mükafatını almaq, insanların sağlamlığı bunlar üçün 2-ci dərəcəli işdir.

Hörmətli Nazir! Odur ki, yuxarıda yazdıqlarımı nəzərə alaraq Göyçay Yol Polisi bölməsinin əməkdaşı, Dövlət Qeydiyyat nömrəsi 99-YP-621 olan avtomobili idarə edən yol polisi nümayəndəsi polis baş serjantı Nurlan Mehdiyev haqqında ölçü götürülməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Əlaqə telefonu; (050) 455-**-**

İmza: Mahmudov Abdulhüseyn”.




Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 7-08-2019, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma