Bu yaxınlarda müsahibələrimin birində onun Qarabağda döyüşməsi barədə ağ yalanları haqqında demişdim ki, bu adam çox asanlıqla yalan danışır. Yalançı yaddaşsız olduğu üçün elə bilir hamı yaddaşsızdır.
Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev AXCP sədri Əli Kərimlinin Ermənistan Baş naziri Nikol Paşinyan haqda fikirlərini şərh edərkən deyib. Q.Həsənquliyev bildirib ki, Ə.Kərimli o vaxt xarici səfəri zamanı işlətdiyi sözlərə görə onun xaricə çıxışına məhdudiyyət qoyulmuşdu:
“O, Brüsselə son səfəri zamanı görüşlərindən birində rəsmən bəyan etmişdi ki, Azərbaycanda indiki iqtidarın hakimiyyətinin davam etməsi sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Elə bu çıxışından sonra hökumət ona xarici səfərlər üçün yeni pasport vermədi. Onun çıxışı “Azadlıq” qəzetində dərc olunmuşdu və hətta o da xüsusi vurğulanmışdı ki, o, ingiliscə çıxış edib. O zaman mən efirdən onun qəzetdəki çıxışını göstərərək demişdim ki, bu adam hakimiyyət naminə, ermənipərəst xarici dairələrin dəstəyini almaq üçün xəyanət yolu tutaraq münaqişənin mahiyyətini təhrif edir. Qarbağ münaqişəsi ermənilərin Azərbaycanda hüquqlarının pozulmasına görə başlamayıb, bu münaqişə Ermənistanın Qarabağı özünə birləşdirmək istəyinə görə başlayıb. Onu da vurğulamışdım ki, ən qanlı döyüşlər iki demokrat prezident - Elçibəy və Levonun dövründə baş verib. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?!”
Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Əli Kərimli nə vaxt özünə nələr sərf edirsə, onu da danışır:
“Qərb Ermənistanı Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. 1992-ci ilin dekabırında ABŞ işğalçı Ermənistana yox, təcavuzə məruz qalan Azərbaycana sanksiyanı da məhz Əli Kərimli hakimiyyətdə olanda tətbiq edib. Ona görə də onun cəfəng çıxışlarına qulaq asmaq lazım deyil”.
Qeyd edək ki, Əli Kərimli son açıqlamasında Ermənistanın demokratikləşməsinin Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda İrəvanın mövqeyini gücləndirəcəyi “xəbərdarlığını” etdiyini dilə gətirib.
Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Qüdrət Həsənquliyev müsahibəsində AXC sədri Əli Kərimlinin tələbə olarkən Qarabağa döyüşməyə getməsi ilə bağlı açıqlamasına toxunmuşdu.
“O, nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. Həmin vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkli çəkdirib qayıtdı. O, həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!”, - millət vəkili bildirmişdi.
Paylaş: