Xəbər lenti

 

Bakının Xəzər rayonunda ailə-məişət münaqişəsi zəminində qətl törədən 1976-ci il təvəllüdlü Muxtar Əlimanovun cinayət işi üzrə mıhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Muxtar Əlimanov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin aprelin 16-da, gecə saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirib.

Səadət hadisə yerində ölüb, Məlahət isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Muxtar Əlimanov tutulub.

İstintaq araşdırması zamını məlum olub ki, Muxtar Əlimanov bu ilin yanvar ayında həbsxanadan çıxıbmış. O, 2007-ci ildə qətl törətdiyi üçün həbs edilib və 12 illik məhkumluq həyatından sonra 3 ay əvvəl azadlığa çıxıb.

Məlum olub ki, Muxtar Əlimanov bacıları ilə birlikdə ümumi həyətdə yaşayıb.

O, son vaxtlar mütəmadi olaraq torpaq-mülk bölgüsü ilə bağlı bacıları ilə mübahisə edirmiş.

Nəhayət aprelin 16-da sərxoş vəziyyətdə olan Muxtar evdə bacısı 1964-cü il təvəllüdlü Səadət Əlimanova ilə yenidən dalaşıb.

Bu zaman bacısına çoxsaylı xəsarət yetirən Muxtar Əlimanovun ürəyi soyumayıb və 2 ədəd şüşə balonla onun sifət nahiyəsinə ağır zərbələr endirib.

Hadisə yerində ölən qadının sifəti tanınmaz hala düşüb.

Spirtli içkinin təsiri altında qanlı cinayət törətmiş Muxtar Əlimanov daha sonra digər bacısı, 1962-ci il təvəllüdlü Məlahət Əlimanovaya da bir neçə bıçaq zərbəsi endirib. 57 yaşlı qadın ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

İstintaq orqanı tərəfindən Muxtar Əlimanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmək) maddələri ilə ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 9-08-2019, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma