Xəbər lenti

  

İblis necə bir varlıqdır? Görəsən mələkdir, yoxsa yox? Onun Allah dərgahından qovulmasının səbəbi, Allah bəndələrini yollarından azdırmaqdakı məqsədi nədir? Onun mübarizə yolları hansılardır? Bu suallar hamının zehninə gələn suallardır. Bu suallara cavab verməyə çalışaq.
Bu bəhsə girməzdən qabaq onu yada salmaq lazımdır ki, “iblis” kəlməsi Quranda 11 dəfə işlənmişdir. Çox qəribədir ki, “istiazə” kəlməsi ki, mənası Allaha şeytandan pənah aparmaqdır, Qurani Kərimdə 11 dəfə işlənmişdir.
“Mofrədati rağib” kitabında bu söz belə izah edilmişdir: “Bələsə - məyus və qəmli olmaqdır, Əl-iblas – o qəmginlik ki, ümidsizliyin şiddətindəın şikayət edər ki, ona İblis deyərlər. İblis kəlməsi də bu kökdən düzəldilmişdir”.
“İblis” kəlməsinin kökü
Qurani-Kərimdə bu sözün mənası canlı, mükəllif, hiyləgər bir varlıq kimi tanıdılmışdır. Allahın əmrindən boyun qaçırdan və Adəmə səcdə etməyən bir varlıq. Nəticədə cənnətdən qovuldu, əzab və lənətə düçar oldu. O, Quranda bəzən “şeytan” adı ilə çağırılır. Qurani-Məciddə günahkarlar haqda da gəlmişdir: “Qiyamətin bərpa olduğu gün günahkarlar məyus olarlar” İblisə işarə edən “məyus” sözü burada günahkar haqqında işlənmişdir.
Məcməyil-bəyan təfsirində deyilir: “İblis ərəb sözü deyildir. Bəziləri deyirlər ki, ərəb sözüdür və iblas sözündən götürülmüşdür. “Səhah” kitabında bu söz ərəb sözü və “Qamus” kitabında isə onun xarici söz olduğu ehtimalı söylənmişdir. “Təfsiri-Safi” kitabında İmam Rzadan (ə) nəql edilmişdir ki, onun adı Haris olmuş və İblis çağırılmışdır. Çünki Allah rəhmətindən məyus olmuşdur”.
İblis mələkdirmi?
Qurani-Kərimdə açıq halda zikr olunmuşdur ki, o, cindir. Belə ki, buyurur: “Bir zaman mələklərə dedik: “Adəmə səcdə et!”. İblisdən başqa (hamısı) səcdə etdilər. O, cinlərdən idi və öz Rəbbinin əmrindən çıxdı”. (“Kəhf” surəsi, 50).
İblisin Allah dərgahından qovulması
İblis, İmam Əlinin (ə) buyurduğu kimi, 6 min il Allaha ibadət etmişdir. Və İmamın (ə) dediyinə görə, məlum deyildir ki, bu dünya illərinə aiddir, yoxsa axirət illərinə. Çünki o dünyanın bir günü - dünyanın 50 min ilinə bərabərdir.
Bəs niyə Allah dərgahından qovuldu?
Cavabını elə İmam (ə) özü buyurur: “Təkəbbür və üsyankarlığına görə”. Quran da bu mövzunu belə bəyan edir: “”İblis dedi: “Mən ondan (Adəmdən) yaxşıyam. Məni oddan yaratmısan, onu isə gildən”.
İblis cənnətdən qovulandan sonra Allaha ərz etmişdir: “İzzətinə and olsun ki, bütün bəndələrini yollarından azdıracağam, sənin xalis bəndələrindən başqa”. Bu ayəyə əsasən, Allah İblisin dili ilə buyurur ki, bütün bəndələr şeytanın yalanlarına məruz qalarlar, xalis bəndələrdən başqa. “Həşr” surəsinin 16-cı ayəsində Allah İblisin insanları aldatmaq yolları haqda buyurur: “Şeytanın (aldatmasına) bənzəyir ki, insana dedi: “Kafir ol!”. Kafir olduqda isə ona dedi: “Mən səndən uzağam, mən aləmlərin rəbbi olan Allahdan qorxuram”.
Başqa yerdə Allah buyurur ki, şeytan ancaq o insanlara təsir edə bilir ki, onları sevir və o kəslər ki, aləmlərin Allahına şirk edərlər. Allah Təala “Nəhl” surəsinin 100-cü ayəsində buyurur: “Onun hakimiyyəti təkcə onu özünə başçı edən və şərik qoşanların üstündədir”. “Zuxruf” surəsinin 36-cı ayəsində Allah buyurur: "Rəhman (Allahın) zikrindən boyun qaçırsa, biz ona şeytanı düçar edərik ki, onunla yoldaşlıq etsin.” Çünki şeytan daima insanı yolundan azdırmağa hazırdır".
“Əl-Mizan” kitabında Şeyx Səduqun İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyilir ki, “bu ayə: “O təqvalılar pis bir iş gördükləri və ya özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istərlər. Axı, günahları Allahdan başqa kim bağışlayar?” (“Ali-İmran”, 135) nazil olanda, İblis Məkkə dağının başına getdi. O dağa Suyer dağı deyərlər. Yüksək səslə ifritlərini çağırdı. Hamısı yanına yığışdılar. Soruşdular: “Ey bizim böyüyümüz, nə oldu ki, bizi çağırmısan?”. Dedi: “Bu ayə nazil olub. Sizlərdən hansınız onun təsirini zərərləşdirə bilər?”. Şeytanlardan olan bir ifrit qalxdı və dedi: “Mən filan yolla onu zərərsizləşdirə bilərəm”. Şeytan dedi: “Yox, bu işi sən görə bilməzsən”. Başqa bir ifrit də qalxdı və o birisi kimi yol göstərdi və eyni cavabı aldı. Vəsvəs Xənnas dedi: “Bu işi mənə tapşır” – “Hansı yoldan istifadə edəcəksən?”. Dedi: “Onlara vədə verəcəyəm. Arzulamalarını istəyəcəyəm ki, axırda xəta və günah işlədəcəklər. O zaman ki, günah işlətdilər, istiğfarı yadlarından çıxardacağam”. Şeytan dedi: “Bəli, sən bu işə yarıyırsan”. Və onu Qiyamətə qədər bu işlə vəzifələndirdi”.
Deməli, şeytanın insanı aldatmağının ən yaxşı yolu - Allahı onu yadından çıxartmaqdır. Ona vədələr verərək, istiğfar etməyi ondan almaqdır. Ona görə də şeytanın bu vəsvəslərindən uzaq olmaq üçün, daima Allahı yada salmaq lazımdır və daima deməliyik ki: “Pərvərdigara! Şeytanın vəsvəsələrindən sənə pənah gətirirəm!”.
Əgər insan özündən qafil olarsa, Allahı yaddan çıxararsa, şeytanla dost olar, şeytan ona hakim olar və o da şeytanın çərgələrinə qoşular.
“Şeytan onlara hakim olub, Allahı onların yadından çıxarar. Onlar şeytanın ordusudurlar. Agah olun ki, şeytanın ordusu ziyan verənlərdirlər”.
Allah bizləri şeytan ordusunda olmayanlardan qərar versin!
(Seyid Məhmud Taliqaninin Quran təfsirinə istinadla)
Hazırladı: Məşhədi Xanım, “Dəyərlər”




Ana səhifəyə qayıt        Baxış: 887          Tarix: 18-09-2019, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma