1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günüdür. Bu münasibətlə Bakının Sabunçu qəsəbəsindəki 4 nömrəli orta məktəbdə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülaran Əliyeva açaraq ölkəmizdə uşaqlara olan qayğının günü-gündən artdığını qeyd etmiş, bu günkü tədbirin də belə bir mahiyyət daşıdığını vurğulamışdır.
Sonra tədbirin aparıcıları qeyd etmişlər ki, biz xoşbəxt uşaqlarıq, Azərbaycan dövlətinin azad övladlarıyıq. Biz elə bir dövrdə yaşayırıq ki, yaşamaq və inkişaf etmək, azadlıq və şəxsi toxunulmazlıq, vicdan və fikir azadlığı , ailədə yaşamaq, təhsil almaq və digər hüquqlarımız var.
Daha sonra şən rəqs sədaları uşaqları öz qoynua almışdır. Məktəblilər şeir demiş, rəqs etmişlər. Dördüncü sinif şagirdi Ayselin ifasında Özbək xalq rəqsi , beşinci sinif şagirdi Əlinin ifasında “Ruhani” saz havası tədbirə xoş bir övqat gətirmişdir.
Birinci sinif şagirdi Zeynəb Rəfiyevanın ifa etdiyi “Əsgər marsı” şagirdlərdə vətənpərvərlik hisslərini daha da artırmışdır.
Məktəb şagirdlərinin ifa etdikləri “Can bala”, “Əziz müəllimim”, “Almanı atdım xarala...”və başqa mahnı və rəqslər də tədbirə şən əhvali-ruhiyyə qatmışdır.
Respublika səviyyəli yarışlarda yüksək yerlər tutan məktəb şagirdlərinin müxtəlif akrobatik hərəkətləri şagirdlər tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.
Sonda 4 nömrəli orta məktəbin direktoru Fəttanə Rəhimova çıxış edərək keçirilən tədbirin xüsusi əhəmiyyətini qeyd etmiş, bu silsilədən olan tədbirlərin davam etdiriləcəyini demişdir.
Tədbir "Azərbaycan" mahnısının sədaları altında uşaqların şən rəqsləri ilə sona yetmişdir.
Ovqat.com
Paylaş: