“Jurnalistləri Respublika Prokurorluğuna çağırıb, cinayətkarlığa qarşı mübarizəni dövlət sirri kimi təqdim edib, onlara xəbərdarlıq edilməsi əslində ölkədə cinayətkarlığa qarşı səfərbərlik əvəzinə, səfərbər olanlara qarşı səfərbərlikdir…”
Azərbaycan ordusundakı casus şəbəkəsi ilə bağlı rəsmi açıqlama yayılandan sonra, bu mövzu mətbuatın gündəminə çevrildi. Paralel olaraq MTN generallarının məhkəməsində bir sıra agentlərin adlarının açıqlanması istər-istəməz medianı dövlət sirrinin açıqlanması məsələsinə daha həssas yanaşmağa vadar edirdi. Bu baxımdan da “Hürriyyət” olaraq hər iki mövzuda son dərəcədə ehtiyatlı davranmağı qərara aldıq və dövlət sirrini yayan KİV-lərə qarşı da prinsipial mövqe ortaya qoyduq. Amma, görünür, bütün bunlar yetərli deyilmiş...
Belə ki, ötən həftənin sonu “Hürriyyət” qəzeti və Hürriyyət.org saytı Baş Prokurorluğun xəbərdarlığına tuş gəldi. Həm də bizə aid olmayan, başqa saytlara istinadən verdiyimiz yazılara, eləcə də ADP sədri Sərdar Cəlaloğlunun və KXCP sədri Mirmahmud Mirəlioğlunun Hurriyyet.org-da dərc olunan müsahibəsinə görə. Odur ki, bu məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənməyə çalışdıq.
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/28457-respublika-prokurorlugu-son-illr-cox-thlukli-bir-yol-secib-srdar-claloglu.html )
- Bəs Rusiyanın təsiri altında olmaq nə deməkdir?
- Təsir o deməkdir ki, sən burda Rusiyanın əleyhinə hər hansı iş aparmayacaqsan. Təsir o demək deyil ki, sən Rusiyanın xeyrinə öz ölkəndə öz əleyhinə iş aparasan. Bir çoxları Azərbaycanın Rusiyanın təsiri altında olmasını Azərbaycanda oturub Rusiyanın xeyrinə və Azərbaycanın əleyhinə işləmək kimi başa düşürlər. Bu, Azərbaycanda əksər dövlət orqanlarının rəhbərlərinə, yəni hakimiyyətdə təmsil olunan böyük kadrların əksəriyyətinə aiddir. Onlar elə başa düşürlər ki, əgər Azərbaycan Rusiyanın təsir dairəsindədirsə, bu o deməkdir ki, onlar Azərbaycanın əleyhinə, Rusiyanın xeyrinə işləməlidir.
Bu gün biz bilirik ki, Amerikanın, eləcə də digər dövlətlərin təsir dairəsində olan ölkələr var. Bu dövlətlərin böyüklüyü-kiçikliyi, geopolitik maraqları, təbii siyasi sərhədlər və s. məsələlər var. Geopolitika ilə bağlı olan məsələlərdir. Bu, normal bir şeydir. Yəni dünyada bütün dövlətlər bir-birinin təsirindədir, Amerika da bütün dünya dövlətlərinin təsirindədir. Amma bu təsir heç bir ölkədə Azərbaycandakı kimi ifrat, çirkin və yanlış anlaşılmır. , Dediyim kimi, Azərbaycan məmurları, Azərbaycan hakimiyyətində təmsil olunanlar elə bilirlər ki, Rusiyanın təsir dairəsində olmaq rus dövlətinə xidmət etmək, Azərbaycan dövlətinə xəyanət etmək deməkdir. Ona görə də, o adamlar ki, “Rusiyanın təsir dairəsindəyik” təfəkkürü ilə yanlış olaraq düşünüb hərəkət edirlər, onlar Rusiyanın Azərbaycana qarşı düşmənçiliyini ört-basdır etməyə, Rusiyanın Azərbaycanda apardığı təxribatları gizlətməyə və s. çalışırlar.
Eləcə də Azərbaycan Kremlin təzyiqi altından Rusiyaya külli miqdarda güzəştlərə gedir. Baxmayaraq ki, Rusiya açıq şəkildə erməniləri müdafiə edir, ərazilərimizi işğal edib, işğaldan azad olunmağına imkan vermir, məsələn, aprel döyüşlərində olduğu kimi. Hökumət açıq şəkildə etiraf etdi ki, Rusiya bu döyüşləri davam etdirməyə qoymadı.
Daxildə də ən azı Rusiyanın burda hazırladığı qüvvələrin Azərbaycan xalqına, Azərbaycan dövlətinə daha böyük ziyan verməməsi üçün ictimaiyyətin səfərbər olmasının qarşısını alırlar. Bir jurnalistin yazması, ya siyasətçinin etiraz etməsi o deməkdir ki, biz ictimai güclər kimi özümüzü müdafiə edirik. Bizim özünümüdafiə hüququmuz var və bu cinayət məsuliyyəti yaratmır. Məsələn, hansısa bir şəxs zəruri özünümüdafiə halında bir adamı öldürərsə, ona cinayət məsuliyyəti elan olunmur. Bizim də kollektiv kimi, xalq kimi həyatımız təhlükədədir, Rusiya Ermənistan tərəfindən hər an bizi qıra bilər, öldürə bilər. Odur ki, biz özümüzü müdafiə edirik, Azərbaycan Respublikası Prokurorluğu isə jurnalistləri çağırıb hədə-qorxu gəlir, kimlərəsə xəbərdarlıq edir. Adamdan soruşarlar ki, sənin Cinayət Prosessual Məcəlləsindən xəbərin var, ya yox? Sən bilirsən ki, zəruri müdafiə həddində insanların elədiyi hərəkətlər cinayət sayılmır? Biz kollektiv kimi, xalq kimi erməni-rus alyansının təhlükəsi qarşısındayıq, sən isə xəbərdarlıq edirsən…
- Dediyiniz təhlükə bu gün də mövcuddur?
- Əlbəttə. Məsələn, bu günlərdə bir erməni generalı deyir ki, gedək Bakını tutaq. İndi mən Bakıda oturmuşam, o deyir ki, gedək Bakını tutaq. Mən nə etməliyəm: özümü müdafiə etmək üçün bu qüvvələrə qarşı mübarizə aparmalıyam. Bu qüvvələrin də adamları bizim ordudadır, hakimiyyət orqanlarındadır, parlamentdədir, cəmiyyətdədir. Bu qüvvələr haqqında yazanda, onları ifşa edəndə, xalqı ehtiyatlı olmağa çağıranda, onların Azərbaycan dövlətinə və xalqına qarşı apardığı düşmənçiliyi məhdudlaşdırmağa cəhd edəndə biz xalq qəhrəmanı oluruq, yoxsa yanlış yolda olan, qanunu pozan adamlar oluruq?! Çox maraqlıdır ki, hərbi sirr adı altında xəbərdarlıqlar edirlər, amma Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti birgə bəyanat verdilər ki, orduda belə bir xəyanətkar dəstə tapılıb. Əgər bu məlumatı rəsmi hakimiyyət orqanları veribsə, bu hərbi sirr ola bilməz. Hərbi sirr odur ki, kimsə gedib o sirri oğurlayır. Yəni heç kəs deməsin, getsin hardansa əldə etsin, bu olacaq hərbi sirr. Siz bunu bütün dünyaya elan etmisiniz, jurnalist də götürüb bu barədə yazanda, deyirsən ki, hərbi sirri yayırsan…
İkincisi, əgər həqiqətən də hərbi sirr varsa və bu yayılıbsa, ilk növbədə hərbi sirri saxlamalı olan adamlar məsuliyyətə cəlb olunmalıdır. Məsələn, hər hansı bir jurnalist bir hərbi sirri yayırsa, burda öncə Müdafiə Nazirliyinin həmin sirri qorumalı, saxlamalı olan məmurları məsuliyyətə cəlb olunmalıdır, sonra o informasiyanı tirajlayan jurnalist. Çünki hərbi sirr gərək hərbi sirr olan yerdən çıxarılsın. Bunu kim çıxara bilər? Hansı jurnalist gedib Müdafiə Nazirliyindən o sirri oğurlaya bilər? Sirdirsə, bu o deməkdir ki, bunun saxlanma, qorunma qaydası var. O qayda pozulacağı təqdirdə, bu sirr yayıla bilər. Jurnalist də bu sirri götürüb yaya bilər. Bu artıq hərbi sirr yaymaq deyil ki.
Ümumiyyətlə, bizim hüquq mühafizə orqanları hərbi sirr nədir, hərbi sirrə görə məsuliyyət nədir, hərbi sirrə görə məsuliyyətə cəlb etmə hardan başlanmalıdır, bunu bilmirlər. Sən birinci get Müdafiə Nazirliyində bu sirri saxlayan adamları sorğuya çək ki, niyə bu sirr yayılıb, ondan sonra gəl de ki, siz niyə bu sirri tirajlayırsınız.
Digər tərəfdən, dövlətə və xalqa xəyanət sirr ola bilməz. Əgər kimsə - istər prezident, istər müdafiə naziri - dövlətə və xalqa xəyanət edirsə, o sirr ola bilməz. Çünki o xəyanət mənim həyatımla bağlıdır. Bu nə deməkdir? Belə çıxır ki, məsələn, bir qrup cinayətkar 10 nəfəri öldürməyə hazırlaşır, o adamlardan da biri bilir ki, həmin cinayətkar dəstə gəlib onları öldürəcək, onun bu haqda məlumat verməsi o deməkdir ki, sirri yayır?! Bu adam özünü müdafiə etməlidir. Yəni Respublika Prokurorluğu bu qədər absurd bir fəaliyyətlə məşğuldur.
Bu, həm də Azərbycan Konstitusiyasında vətəndaşların informasiya almaq və informasiya vermək hüquqlarının kobud surətdə pozulmasıdır. Vətəndaşlar istədiyi mənbədən informasiya ala, istədiyi informasiyanı yaya bilərlər. Dövlət orqanları ki, “hərbi sirləri yayırsınız” deyir, bir jurnalist gedib qeyri-qanuni yollarla o sirrə çatıbsa və onu yayıbsa, onda məsuliyyət daşıyır. Mən Respublika Prokurorluğunun rəsmi bəyanatı əsasında müsahibə vermişəm, deyir ki, sən hərbi sirri yayırsan. Bu nə deməkdir? Sən özün o bəyanatı verəndə fikirləşmirdin ki, bu sirdir, sirr deyir?
- Dediklərinizdən belə aydın olur ki, bu xəbərdarlıqlar dövlət maraqlarından daha çox Rusiyanın maraqlarını qorumağa yönəlib…
- Əvvəla onu deyim ki, ruspərəst qüvvələr birinci növbədə Rusiyanın Azərbaycandakı təhlükəli fəaliyyətinin ifşa olunmasında maraqlı deyillər. Çünki bu halda onların mövqeyi zəifləyir. Məsələn, mən biləndə ki, Rusiya Azərbaycanda belə bir böyük təxribatçı şəbəkə düzəldib və Azərbaycan əhalisinə və ordusuna xəyanət edir, mən Azərbaycanda Rusiyapərəst heç bir məmura və yaxud da Rusiya ilə bağlı olan insanlara xoş münasibət bəsləmərəm. Odur ki, onlar özlərini qorumaq, Rusiya ilə əlaqələrinin xalq tərəfindən mənfi qarşılanmasının qarşısını almaq üçün birinci bunu edirlər ki, fəaliyyətləri ört-basdır olsun. İkincisi, təbii ki, bu cinayət aşkarlanandan sonra onların fəaliyyəti də üzə çıxacaq... Məsələn, Mədət Quliyev deyir ki, 1988-ci ildən bu günə qədər bu cinayətkar dəstə mövcuddur. Ayaz Mütəllibovun vaxtından bu günə qədər 3 prezident dəyişib – Əbülfəz Elçibəy, Heydər Əliyev, indi də İlham Əliyev hakimiyyətdədir. İndiyə qədər eyni vəzifədə 30-40 ildir qalan adamlar var. İndi bir halda ki, 30-40 ildir bu cinayətkarlıq fəaliyyəti var, onda sual olunur, bu illər ərzində ölkədə hüquq mühafizə orqanlarına nəzarət edən, cinayətkarlığa qarşı mübarizə aparan orqanlar hara baxırdı? İkincisi, bütün prezidentlərin dövründə kim aşkar şəkildə hakimiyyətdə qalıb ki, bu cinayətkar şəbəkə də mövcud olub? Çünki rejim dəyişəndə kadrlar da dəyişir və bu zaman təbii ki, əvvəlki rejimin dövründə yaranana dəstələr, qruplar, siyasətlər də aradan gedir. Amma bu onu göstərir ki, uzun illər hakimiyyətdə elə adamlar qalıb ki, prezidentlərin, nazirlərin, parlamentlərin dəyişilməsi o cinayətkar dəstənin fəaliyyətinə təsir edə bilməyib və bu dəstə qalıb.
Üçüncüsü özünümüdafiə instinktidir. Əvvəla, bütün baş verən hallara görə ilk növbədə hüquq mühafizə orqanları cavabdehdir. Cinayətkarlığa qarşı mübarizəni yaxşı qurmadıqlarına və cinayətkarlığı vaxtında ifşa etmədiklərinə görə. Əgər ölkədə bir cinayətkar dəstə 30 ildir fəaliyyət göstəribsə, Daxili İşlər Nazirliyində Hacı Məmmədov kimi böyük bir cinayətkar uzun illər təhlükəsiz şəkildə fəaliyyət göstəribsə, hətta MTN rəhbəri də cinayətkarlığa qurşanıbsa, bu onu göstərir ki, Azərbaycan hakimiyyətində mütəşəkkil cinayətkarlıq çox asudə və azad şəkildə inkişaf edir. Və hüquq mühafizə orqanlarının nəinki xalqa, heç özünə nəzarət imkanı yoxdur. Çünki özünə nəzarət olsa, içindəki cinayətkar dəstəni ifşa edər. Bu gün gedək Respublika Prokurorluğunu, Daxili İşlər Nazirliyini, məhkəmələri və s. yoxlayaq, orda bu cür cinayətkar dəstələr aşkar olunacaq. Çünki nəzarət yoxdur. O nəzarətsizliyi ört-basdır etmək üçün kənar nəzarəti də susdurmaq istəyirlər. Əslində, bu həm də özünümüdafiə instinktidir. Amma bütün bunlar hamısı dövlətçiliyə ziddir.
-Sizcə, bütün bu neqatif hadisələr bütün post-sovet ölkələrinə xasdır, yoxsa yalnız Azərbaycanda baş verir?
- Əksinə, nə Ermənistanda, nə Gürcüstanda, nə Orta Asiya Respublikalarında, nə keçmiş Şərqi SSRİ respublikalarında – Ukrayna, Moldova, Belorusiyada indiyə qədər Azərbaycandakı qədər hakimiyyətdən başlanan cinayətkarlıq aşkar olunmayıb. Mən bundan əvvəl də həbs olunan nazirləri, bank müdirlərini, yüksək rütbəli məmurları nəzərdə tuturam, hansı ki, hakimiyyətdə mütəşəkkil cinayətkarlıq təşkil ediblər, bu baxımdan Azərbaycan analoqu olmayan ölkədir. Hətta dünyanın ən avtoritar ölkələrində belə, Azərbaycana bərabər hakimiyyətdən başlanan cinayətkarlıq aşkar olunmayıb. O cümlədən, “banan respublikaları” deyilən Afrika ölkələrində belə, bizdəki qədər hakimiyyətdən ardıcıl və mütəşəkkil cinayətkarlıq meydana çıxmır. Azərbaycan hakimiyyətində bu cür cinayətkar qrupların formalaşması bizi düşündürməlidir ki, necə bir hakimiyyət yaratmışıq ki, cinayətkarlığa qarşı mübarizə aparmaq əvəzinə, cinayətkar istehsal etməklə məşğuldur. Bunun da ən vacib səbəblərindən biri Azərbaycanda uzun illərdir müxalifətin, o cümlədən də QHT-lərin hakimiyyətə nəzarətinin qarşısının alınmasıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinə, Azərbaycan xalqına çox böyük təhlükədir. İkinci, hakimiyyətdə olanlara təhlükədir. Bu gün müəyyən cinayətkar dəstə hökumətə yox, xalqa, dövlətə qarşı iş aparırsa, hakimiyyətdəkilər belə düşünür ki, bizə qarşı ki, iş aparmır. Bəlkə sabah o dəstəyə göstəriş verildi ki, hakimiyyəti dəyişdirmək üçün hakimiyyətdəkilərə təxribat etsin, onda nə edəcəklər? Prokuror, prezident, vəzifədə olan şəxslər nə edəcəklər?
Bu gün sən Rusiyanın maraqlarına uyğunsan deyə, sənə qarşı qəsd hazırlamır. Yaxın Şərq inqilabları niyə baş verdi? Ona görə ki, Yaxın Şərq ölkələri ABŞ və Avropanın təsir dairəsindən çıxmağa cəhd edib, müstəqil siyasət aparmaq istəyirdilər. Dərhal onların hamısına qarşı fəaliyyət başladı. İndi bu hakimiyyətdə olanlar fikirləşmirlər ki, sabah Rusiya Azərbaycanda hakimiyyəti zoraklılıqla dəyişmək istəsə, onda Azərbaycanda mövcud cinayətkar dəstələrin hədəfi elə onların özləri olacaq?! Niyə bu şəbəkənin ifşa edilməsində maraqlı deyillər? Respublika Prokurorluğu niyə ölkədəki cinayətkarlığa qarşı daha geniş bir kütlənin, yəni hüquq mühafizə orqanlarından kənarda olan vətəndaşların cəlb olunmasında maraqlı deyil? Bu mənə çatmır.
Bu gün bir jurnalist könüllü şəkildə istintaq aparırsa, bu o deməkdir ki, Respublika Prokurorluğuna kömək edir. Respublika Prokurorluğu Azərbaycanda jurnalistləri, lap siyasi liderləri ictimai təhqiqata cəlb etmək əvəzinə, az qalır ki, öz müstəntiq və prkurorlarının da cinayətkarlığa qarşı fəaliyyətini məhdudlaşdırsın. Jurnalistləri Respublika Prokurorluğuna çağırıb, cinayətkarlığa qarşı mübarizəni dövlət sirri kimi təqdim edib, onlara xəbərdarlıq edilməsi əslində ölkədə cinayətkarlığa qarşı səfərbərlik əvəzinə, səfərbər olanlara qarşı səfərbərlikdir.
Ayxan İLDIRIMTÜRK
Paylaş: