Politoloq: “Saakaşvilinin sözlərində bir qədər həqiqət var”
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın SSRİ-ni bərpa edəcəyini deyib. Saakaşvilinin sözlərinə görə, SSRİ-nin bərpa edilməsi layihəsi 2024-cü ilə qədər reallaşacaq.
Sabiq prezidentin bəyanatı dünya mediasında əks-səda yaradıb, müzakirələr açılıb. Məsələyə hətta Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib. O deyib ki, Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilə qədər Sovet İttifaqını bərpa etməyə dair planı yoxdur.
Azərbaycanlı siyasi analitiklər isə hesab edir ki, Saakaşvilinin xəbərdarlıq xarakterli bəyanatında həqiqət yükü var.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Qərb arasında siyasi qarşıdurmanın davam etməsi, NATO-nun Şərqə qarşı genişlənmə siyasəti Moskvanın kontr addımlar atmasına gətirib çıxarır. Rusiyada Putin hakimiyyətə gəldikdən sonra ölkənin qlobal müstəvidə rolunu gücləndirmək üçün siyasəti inkişaf etdirərək, yüksələn xətlə hazırkı məqama çatdırıb. NATO-nun isə əsas məqsədi Şərqi Avropanı öz təsir dairəsinə almaqdır: “Xüsusilə Ukrayna, Belarus və Moldova Qərb üçün Rusiyanın Avropaya qarşı mübarizəsinin qarşısını almaq üçün bir növ baryerdir. Rusiya hər üç ölkəni nəzarətə alıb, Qərbin bu planlarının qarşısını almaq üçün şübhəsiz ki, addımlar atır və addımlarını çoxalda bilər. Bu addımların adı SSRİ-nin bərpası olmaya da bilər. Amma mahiyyət eyni ola bilər. Düzdür, Putin zamanla SSRİ-nin bərpası məsələsi ilə bağlı mesajlar verib. Amma hazırkı dünya nizamı Moskvanın bu planının reallaşmasının qarşısını alır. Putin çalışır ki, KTMT və Avrasiya İttifaqı adlı layihələrini böyütsün. O baxımdan Mixail Saakaşvilinin sözlərində bir qədər həqiqətlər var. Rusiyanın Ukraynanın şərqində müharibəni alovlandırması, Belarusla İttifaq dövləti qurmaq planı, Moldovaya qarşı təzyiqlər bunu göstərir. Kremlin əsas hədəfi öz perferiyasında Qərbin planlarının qarşısını almaq və öz nüfuzunu bərpa etməkdir. Bu istiqamətdə apardığı siyasət hesab edirəm ki, ciddi nəticələrə gətirib çıxarmasa da konfliktlərə yol açacaq. Saakaşvili Putinin düşmənidir. Bir çox vaxtlarda emosional da olsa həqiqətləri deyir”.
Xatırladaq ki, hələ 2018-ci ilin yanvarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) o zamankı direktoru Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet respublikalarına dair planının olduğunu açıqlamışdı. O, Putinin Rusiyanın keçmiş imperiya sərhədlərini bərpa etməyə çalışdığını diqqətə çatdıraraq demişdi ki, Putin keçmiş SSRİ-ni bərpa etmək niyyətindədir: “Putinin niyyətlərinə dair fikrimiz dəyişməyib. O, hələ də hesab edir ki, XX əsrin ən böyük uğursuzluğu SSRİ-nin dağılması olub. O, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir. O, hər gün bu fikirlə yuxudan oyanır”.
“Rossiya 1" telekanalında çıxış edən Vladimir Putin isə bəyan etdi ki, keçmiş Sovet İttifaqını yenidən qurmaq niyyətində olmadığını heç kəsə inandıra bilmir: ”Qərb dövlətləri Ukrayna üzərində yaranmış anlaşılmazlığı aradan qaldırmaq yerinə, Sovet İttifaqının yenidən qurulmasının qarşısını almağa çalışırlar. Lakin heç kəsi bu niyyətdə olmadığıma inandıra bilmirəm".
Bununla belə, Vladimir Putinin dəfələrlə etdiyi çıxışlarında SSRİ-nin dağılmasını “XX əsrin ən böyük fəlakəti” adlandıraraq, bu ittifaqı parçalamaqda ittiham etdiyi Mixail Qorbaçovu məhkəmə qarşısına çıxarmağa cəhd də edib. Bu istəyi reallaşmasa da zaman-zaman keçmiş sovet məkanında yerləşən respublikaları yenidən bir “çətir” altına yığmağa cəhdlər edir. “SSRİ-nin yeni modeli” adlandırılan Avrasiya İttifaqının təsis edilərək vaxtilə SSRİ-yə daxil olmuş bir sıra respublikaların bu birliyə cəlb edilməsi, Ukrayna ərazilərinə olan iddiaları, Krımın ilhaqından sonra bu ölkənin tamamilə Rusiyaya birləşdiriləcəyinin gündəmə gətirilməsini, Gürcüstan ərazilərinin işğal edilməsini, Qazaxıstanın şimal bölgələrinə olan iddialar, Moldovanın ilhaqına dair məsələnin gündəmə gəlməsi, Belarusun Rusiyaya birləşdirilməsinə yönəlik cəhdlər və s. kimi səyləri siyasi analitiklər Rusiyanın bu ambisiyasına bağlayırlar.
Paylaş: