“Prezident Həsən Ruhani, İran İslam İnqilabi Keşikçilər ordusunun “Qüds gücü” korpusunun komandiri Qasım Süleymanini ABŞ-a təslim etməyə hazır olduğu barədə Vaşinqtona mesaj göndərib”.
Ovqat.com xəbər verir ki, bu iddianı İran parlamentinin sabiq deputatı Mahmud Nəbəviyan irəli sürüb.
Sabiq deputatın fikrincə, Həsən Ruhani bu mesajı bir nazir vasitəsilə Maliyyə Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrupa (FATF) çatdırıb və ABŞ-ın tələb edəcəyi təqdirdə, Qasim Süleymanini ona təhvil vermək öhdəliyini boynuna götürüb.
Nəbəviyanın ötən həftə sosial media üzərindən yaydığı bu məlumat İranda ciddi reaksiyalara səbəb olub.
Yaxın Şərqdəki bir çox problemdə barmağı olan əfsanəvi general barədə irəli sürülən iddianın ölkədə böyük daxili çaxnaşmalara yol aça biləcəyindən ehtiyatlanan hökumət Nəbəviyana dərhal cavab vermək məcburiyyətində qalıb. İlk cavab isə İran Xarici İşlər Nazirliyindən gəlib. Nazirlik aranı qarışdıran bu iddianı sərt bir dillə yalanlayaraq, Nəbəviyan haqqında cinayət işi açılması üçün məhkəməyə şikayət edəcəklərini deyib.
Daha sonra İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif mövzuyla əlaqədar jurnalistlərə açıqlama verərək, sabiq parlamentarinin sözlərini təxribat və cinayət adlandırıb, Nəbəviyanı əsassız iddiasından ötrü üzr diləməyə çağırıb. Əks halda onun hüquq qarşısında cavab verəcəyini deyib.
Nazirliyin sözçüsü Behram Qasımi də həftəlik mətbuat konfransında məsələyə münasibət bildirərək, hökumət düşmənlərinin gün keçdikcə cinayətlərini artırdıqlarını, FATF-in bankların fəaliyyətini incələyən beynəlxalq səviyyəli maliyyə qurumu kimi fəaliyyət göstərdiyini və ölkələr arasında kimisə təslimetmə-təhvilalma işləriylə ümumiyyətlə uğraşmadığını xatırladıb.
FATF nədir?
İranın da üzvü olduğu FATF 1989-ci ildə üzv ölkələrinin nazirləri tərəfindən qurulan hökumətlərarası bir təşkilatdır. Təşkilatın məqsədi çürkli pul dövriyyəsinə, terrorçuların maliyyələşməsinə və beynəlxalq finans sisteminə yönələn təhdidlərə qarşı mübarizə aparmaqdır.
Paylaş: