Dövlətə xəyanətdə təqsirləndirilən, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlunun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazirlıq iclası oktyabrın 18-ə təyin edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda qeyd olunur ki, B.Yusifzadə təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib. Onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. B.Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.
B.Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib.
B.Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.
Paylaş: