Qüdrət Həsənquliyev: “Böyük qanlar tökülməsinin qarşısının alınması üçün həm vətəndaşların, həm də həkumət qüvvələrinin daha təmkinli olmalarına ehtiyac var”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi
Qüdrət bəy, İranda baş verən son hadisələri necə qiymətləndirirsiniz?
- İranın iqtisadiyyatı neftdən asılı olduğuna və neft sektoruna tətbiq olunan sanksiyalara, korrupsiyanın səviyyəsinin yüksək olmasına, demokratik azadlıqların məhdudlaşdırılmasına, qanunun aliliyi ilə əlaqədar problemlərə, iqtisadi gücü imkan vermədiyi halda region ölkələrində nüfuz şavaşı üçün böyük pullar xərclədiyinə görə, ölkə iqtisadiyyatı tənəzzül dövrünü yaşayır: “İranda yaşayan xalqlar da bundan narazıdır. Benzinin qiymətinin qaldırılması isə insanların səbr kasasını daşdırdı. İran həm qonşu dövlət olmasına, həm də azərbaycan türklərinin dövləti olduğu üçün orda baş verənlər bizi ciddi narahat edir. Biz İrandakı zorakılığı qətiyyətlə pisləyirik. Böyük qanlar tökülməsinin qarşısının alınması üçün həm vətəndaşların, həm də həkumət qüvvələrinin daha təmkinli olmalarına ehtiyac var.
- İranda yaşayan soydaşlarımız hansı mövqeni sərgiləməlidir?
-Onların haqları var ki, digər İran vətəndaşları kimi dinc yolla milli haqları, sosial, siyasi hüquqları uğrunda mübarizə aparsınlar. İranda demokratik islahatlara farslar və digər xalqlarla birlikdə töhfə versinlər. Biz öz ölkəmizdə olduğu kimi İranda da islahatların yuxarıdan aparılmasının tərəfdarı, qanlı inqilablara qarşıyıq. Çox istərdik ki, xalqımız da milli haqlarına sivil yolla nail olsun.
- Proseslərin sonrakı inkişafını necə görürsünüz?
- İranda son illərdə bir neçə dəfə belə iğtişaşlar olub, amma hökumət güc tətbiq etməklə sabitliyi bərpa edə bilib. Vəziyyət uzun müddət belə davam edə bilməz. İran hökuməti öz xarici siyasətinə yenidən baxmalı, xüsusilə soydaşlarımızın heysiyyatına toxunan Ermənistanla qardaşlıqdan imtina etməli, işğalçı dövlətlə ən azı Türkiyə kimi davranmalıdır. Regional nüfuz savaşından imtina etməli, bu istiqamətdə xərclədiyi pulları ölkə iqtisadiyyatına və sosial xərclərə yönəltməlidir. Sanksiyaları aradan qaldırmaq üçün hər hansı şərt qoymadan ABŞ-la danışıqlara başlamalı, daxildə iqtisadi və siyasi islahatlar həyata keçirməlidir. Tezliklə bu istiqamətdə addımlar atılmasa İran repressiv addımlarla çox da uzağa gedə bilməyəcək, ölkəni dağılma təhlükəsi ilə üz-üzə qoyacaq ciddi çətinliklərlə üzləşəcək. Bu gün İran ona görə müvazinətini qoruyub saxlaya bilir ki, nə ABŞ, nə Avropa, nə də regionun böyük dövlətləri İranın parçalanmasında maraqlı deyil, amma sabah hər şey dəyişə bilər
Paylaş: