Xəbər lenti

 

Fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq MSK namizədləri qeydə almağa başlayıb. Milli Məclisin özünü buraxmasından sonra bütün diqqətlər seçki hazırlıqlarına yönəlsə də, formalaşacaq yeni parlamentin görəcəyi ən vacib vəzifələr artıq indidən gündəmin müzakirə mövzusuna çevrilib.

Ovqat.com xəbər verir ki, növbəti parlamentin görəcəyi ilk işlərlə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev də öz mülahizələrini facebook dostları ilə bölüşüb.Onun paylaşdığı facebook statusuna görə, yeni parlamentin atacağı ilk addım büdcə qanunvericiliyinin təkmilləşdirilməsi olmalıdır:

"Prezident fərmanına görə, artıq 2021-ci ildən nəticəəsaslı büdcəyə keçidə start verilir. Hazırkı büdcə qanunvericiliyi yeni sistemə keçid üçün təkmil vəziyyətdə deyil.
Büdcə qanunvericiliyində islahatların əsas istiqamətlərindən biri parlamentin büdcə səlahiyyətlərinin maksimum artırılması, prezident başda olmaqla icra hakimiyyətinin büdcə səlahiyyətlərinin məhdudlaşdırılması olmalıdır.
İcra hakimiyyəti parlamentin təsdiqlədiyi büdcə göstəricilərini dəyişdirə bilməməlidir, istənilən dəyişiklik parlamentin müzakirəsilə baş verməlidir. 
Ehtiyat fondlarının ikisinin birlikdə xərclərdə payı maksimum 2%-dən çox olmamalıdır (hazırda 7%). Əgər fövqəladə vəziyyətlər üçün əlavə maliyyəyə ehtiyac olarsa, parlament dərhal yığışıb büdcəni dəyişməklə icra hakmiyyəti üçün vəsait ayırmalıdır.
Büdcənin parlament müzakirələrinin vaxtı ən azı 15 gün artırılmalı, parlamentə büdcə qanunun təqdimi oktyabrın 1-dən gec olmayaraq baş verməli, büdcə müzakirləri ilə bağlı ayrıca prosedur müəyyən edilməlidir (hazırda bunu çox ümumi şəkildə MM-in daxili Nizamnaməsi müəyyən edir).
Büdcə təsnifatı təkmilləşdirilməlidir. Xüsusilə də beynəlxalq dövlət maliyyə statistikasında nəzərdə tutulmayan, şəffaflıq prinsiplərini pozan xərc bölmələri ləğv edilməlidir. Bura ilk növbədə "əsas bölmələrə aid olmayan xidmətlər" kimi qeyri-müəyyən istiqamət daxildir. Bu cür təsnifat nəticəəsaslı büdcə sisteminə keçid mexanizmilə ziddiyət təşkil edir.
Nəhayət, büdcənin ən böyük xərc maddəsi olan investisiya xərclərinin bölgüsü səlahiyyəti parlamentə keçməlidir.
Bu ölkədə parlamentin real hakimiyyət qoluna çevrilməsi üçün başlanğıc addım onun büdcə səlahiyyətlərinin genişləndirilməsilə başlanmalıdır - 2 ay sonra olmasa da, bu, nə vaxtsa məhz burdan başlayacaq..."




Ana səhifəyə qayıt        Baxış: 653          Tarix: 17-12-2019, 00:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma