İran Tibbi Ekspertiza Mərkəzinin rəisi Əhməd Şücayi iyunun 8-də jurnalistlərə açıqlamasında Tehran teraktlarında həlak olanların sayının artmasından danışıb.
O bildirib ki, İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücumlarda ölənlərin sayı 17 nəfərə çatıb: “Hadisə qurbanlarının ailələrinin yardımı ilə hər iki olayda “şəhid” olanlardan 16-sının kimliyi bəlli olub və hazırda daha 1 nəfərin kimliyini müəyyənləşdirmək üçün iş aparılır. Şəhidlərdən 14-ü kişi, 3 isə qadındır”.
Əhməd Şücayi “İŞİD”çilərin hücumunda həlak olanlardan 16-sının adlarını mediaya açıqlayıb: Maziyar Səbz Əlizadə Tusə Kəllə, Hüseyn Cəlalirad, Hüseyn Bəni Ərdəlan, Səyyaf Əli Hemməti, Əli Cavad Zare, Əli Tudə Fəllah, Məhdiyə Hərati, Ehsan Ağacani Memar, Seyid Mehdi Təqəvi, Muradhüseyn Çaharməhali, Cavad Teymuri, Həmid İmdadi, Cəfər Cəfərzadə, Əli Quluzadə, Haniyə Əkbəriyan Pirdusti, Seyid Rza Sabiti və kimliyi bəlli olmayan bir qadın.
İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar. Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə parlament binasının şimal hissəsindəki korpuslardan birinə qaçaraq 4-cü mərtəbədə mövqe tutub atışmanı 5 saata qədər davam ediblər.
Eyni hadisə,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Bir neçə silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar.
İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.
Paylaş: