Xəbər lenti

 

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq namizədlərin irəli sürülməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 456 şəxsin namizədliyi təsdiqlənib.

Maraqlıdır, ayrı-ayrı peşə sahibləri, nüfuzlu və ya sıravi vətəndaşlar niyə deputat olmaq istəyirlər?

Modern.az bu sual ətrafında deputatlığa namizədlər arasında sorğu keçirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cəmiyyətimiz, millətimiz və xalqımızla bağlı çoxlu ideyalarının olduğunu söyləyib:

“Bunun həyata keçirilməsi üçün ən yaxşı vasitə məhz parlamentdir. Qanunvericilik təşəbbüsü məhz parlamentə məxsus olduğuna görə, biz cəmiyyətin inkişafı, milli problemlərin həllinə kömək edəcək qanunların təklifinə başlamalıyıq. Ona görə, mən partiya sədri kimi xalq üçün reallaşdırmaq istədiyim fikirləri Azərbaycan qanunları çərçivəsində reallaşdırmağı məqsədəuyğun hesab edirəm”.

Beşinci Çağırış Milli Məclisin deputatı Vahid Əhmədov 15 ildir Quba camaatını Milli Məclisdə təmsil etdiyini xatırladıb:

“Bu müddət ərzində rayonda, eləcə də ölkə üçün xeyli iş görülüb. Bundan sonra da yarımçıq qalan - işlərimizi davam etdirməyi düşünürəm. İnsanlar da bunu dəstəkləyir”.  

Təhsil eksperti Kamran Əsədov isə öncə doğulub boya-başa çatdığı rayonun problemlərini sadalayıb:

Mən Nefçalada doğulub, böyümüşəm. Kəndimizdə nə uşaq baxçası var idi, nədə ki, məktəb. Bunlar üçün 10 kilometr uzaqda olan qonşu kəndlərə gedirdik. 2003-c ildə orta məktəbi bitirib, təhsil almaq üçün Neftçaladan çıxdım. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2009-cu ildə magistr, 2015-ci ildə BDU-nun Azərbaycan tarixi kafedrasını Vətən tarixi üzrə doktoranturanı, 2018-ci ildə MEA-nın Tarix institutunun Qafqaz ölkələri tarixi şöbəsinin doktorantura pulləsini bitirdim, orta məktəblər üçün tarix dərsliklərinin müəllifi oldum. Bu illər ərzində Neftçalaya gedəndə orada heç bir inkişaf, dəyişiklik görmədim. Hər dəfə rayona gedəndə insanların problemlərini deməyə deputatlarını görmədiklərini, məmurların onlara xidmət etmədiklərini eşitdim, gördüm. Digər tərəfdən isə ölkədə təhsilin inkişafı üçün qanunvericilik bazasının formalaşmasında müəyyən çatışmazlıqların olduğunun şahidi oldum. Hələ də içməli su, işsizlik ilə bağlı problemlər qalmaqda davam edir. Əsas məsələ, bizim kənddə yenədə məktəb, bağça, kitabxana, poçt yoxdur. Kənd və qəsəbə daxili yollar bərbad vəziyyətdədir, hələ də qəzalı vəziyyətdə olan məktəblər var, qazlaşma ilə bağlı rayonda problemlər mövcuddur. 80 mindən çox əhalisi olan, 50 dən çox yaşayış məntəqəsi olan Neftçala kəndlərində bankomat yoxdur. Kəndlilər təqaüdlərindən pul çıxarmaq üçün rayon mərkəzinə, qonşu kəndə gedirlər. Kəndlərdə baxçaların olmaması uşaqların normal inişafına maneə yaradır. Rayon üzrə cəmi 16 uşaq bağçası var ki, bu da bağça yaşlı uşaqların yalnız 4 faizini əhatə edir”.

Kamran Əsədov qətiyyətlə vurğulayıb ki, insanlara dəstək verməyi özünə borc bilir:

“Neftçalalıların mövcud problemlərinin həllində mənim dəstəyimə ehtiyacları var. Mən deputat mandatı uğrunda mübarizə aparmıram, mən ölkə Prezidentinin siyasətinin yerlərdə tam şəkildə həyata keçirilməsini təmin etmək üçün, ölkəmizin, rayonumuzun inkişafı, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi üçün bu marafona qoşulmuşam. Neftçalalıların dərdini dinləyəcək, onlara yol göstərəcək, onların içindən çıxmış birinə ehtiyacları var. Hesab edirəm ki, bilik və bacarıqlarım, təcrübəm həm ölkəmizin, həm təhsilimizin, həm də Neftçalamızın inkişafına xidmət edəcək. Mən bunu edə biləcək kompitensiyaya malikəm. Mənim deputat olmağım məndən çox ölkəmiz, dövlətimiz, Neftçalamız üçün faydalı olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə səbəblərini bu cür ifadə edib:

“Bir şəxs tək namizədliyini irəli sürdüyü dairənin deputatı seçilmir, millət vəkili seçilir. İndiyə qədər millət üçün etdiyimiz işlərin davamı üçün namizədliyimi irəli sürdüm”.

Demokratik İslahatlar Partiyasının sədri, beşinci çağırış Mİlli Məclisin deputatı Asim Mollazadənin isə əsas məqsədi müasir, demokratik Azərbaycandır:

“İslahatların davamı, bunun nəticəsində qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması əsas niyyətimizdir. Azərbaycanın ərazi bütövlüyü və güclü dövlət kimi inkişafı hər bir vətəndaşın istəyi olmalıdır. Əsl deputat məhz dövlətinə sədaqətlə xidmət etməlidir”.

Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı növbəti çağırışda deputat seçiləcəyi təqdirdə siyasi proseslərdə yeni hədəflərinin olmadığını söyləyib:

“Mənim hədəfim güclü, demokratik, bütöv Azərbaycandır. Bu amala partiya sədri kimi illərdir xidmət edirəm. Bu xidmətimi yenidən deputat seçilsəm, davam etdirəcəyəm”.




Ana səhifəyə qayıt        Baxış: 369          Tarix: 7-01-2020, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma