“Saxta içkilərlə bağlı problem kifayət qədər ciddi məsələdir və vətəndaşlar özləri diqqətli olmalıdırlar. Təsəvvür edin ki, Şotlandiya viskinin vətənidir və bu ölkənin Edinburq şəhərində hər üç viskidən biri saxtadır”.
Bu sözləri “Yeni Müsavat”a professor Adil Qeybulla son həftələr saxta içkilərdən baş verən zəhərlənmə və ölüm halları ilə bağlı danışarkən bildirdi. Həkimin sözlərinə görə, saxta içkilər deyəndə texniki standartlara cavab verməyən məhsullar nəzərdə tutulur: “Bu da kor olmağa, qəfil ölümə gətirib çıxara bilər. Zəhərlənmə və ölümə gətirib çıxaran digər səbəb isə həmin saxta içkinin böyük dozada qəbul olunmasıdır. Görünür, tərkibində toksik komponentlər çox olub”.
A.Qeybulla qeyd etdi ki, ev və ya kustar şəraitdə, hətta zavod istehsalı belə standartlara uyğun olmayanda artıq geydirmə məhsul sayılır: “Normada spirt 38-56 dərəcə arasında olur.
Onun tərkibində etil spirti olmalıdır və başqa qatqı əlavə edilməməlidir. Sonra normaya uyğun 4 dəfə destillə olunur və birinci fraksiyadan alınır".
Adil Qeybulla: “Şotlandiya viskinin vətənidir və bu ölkənin Edinburq şəhərində hər üç viskidən biri saxtadır”
Professor vurğuladı ki, bütün hallarda insanlar spirtli içki az qəbul etməlidir: “Eyni zamanda konkret yerdən, ixtisaslaşmış mağazadan alsınlar. Bu gün şadlıq evlərində özləri içki hazırlayır və aşağı keyfiyyətdə olur. Ona görə də yaxşı olar ki, vətəndaşlar özləri spirtli içkilər alarkən diqqət etsinlər. Xüsusən də bahalı içki sayılan viskinin saxtası hazırlanır”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva isə “Yeni Müsavat”a bildirdi ki, baş verən zəhərlənmə və ölüm halları ilə bağlı Baş Prokurorluq tərəfindən istintaq aparılır.
AQTA-nın bir neçə gün əvvəl yaydığı məlumatda isə deyilir ki, bayram günlərində ictimai-iaşə obyektləri və satış müəssisələrində mütəmadi reydlər keçirilib və aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb. Aparılan reydlər və görülən tədbirlər barədə qarşıdakı günlərdə ətraflı məlumat veriləcək. Qurum tövsiyə edir ki, bu kimi faciəvi hallarla rastlaşmamaq üçün ucuz içkilərdən uzaq durmaq lazımdır. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.
Onun spirtli içkini “8-ci kilometr” adlanan bazarın topdansatış mağazasından aldığı müəyyən edilib. Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.
Yada salaq ki, bundan əvvəl Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi, 32 yaşlı Sərxan Bayramov dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib.
İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər.
Sonra onlar Tiflis prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Həmzəyev özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Paylaş: