Xəbər lenti

 

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir. 

K.Qafarov  bu gün -20 Yanvar 1990 –cı il hadisələrinin 30 illiyi günü  Binəqədi rayonu ərazisində yaşayan,  bədnam sovet imperiyasının təpədən dırnağadək silahlanmış işğalçı qüvvələrinin paytaxtımızda dinc əhaliyə hücum çəkərkən  zərər görmüş insanların ailələrini ziyarət etmişdir.

Rayonun Xutor  qəsəbəsində yaşayan  Nənəbəyim Quliyevanın 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qırğın zamanı 3 oğlu şəhərin müxtəlif ərazilərində işğalçılarla üzbəüz qalıb. Onlardan ikisi sonralar qayıdıb gəlsə də, üçüncü oğlu Bəxtiyarı  iki gün nə həlak olanların, nə də sağ qalanların içərisində tapmaq olub. Yalnız qırğından 3 gün sonra onu ağır yaralanmış halda meyitlərin arasından tapıb çıxarıblar. Kürəyindən dəhşətli güllə yarası almış Bəxtiyar Hüseynov 11 il  I qrup əlil kimi həyat mücadiləsi etsə də,  2001-ci ildə bu dünyaya gözlərini əbədi yumub.

Kamaləddin Qafarovun şəhidin qohumları və əzizləri görüş zamanı o məşum günlər bir  daha xatırlandı. Vətən uğrunda canından keçən cəsur, mərd insanlar  böyük ehtiram və rəğbətlə yad edidi. K.Qafarov  dövlətimizin, ölkə Prezidenti İlham Əliyev cənablarının 20 Yanvar şəhidlərinin ailələrinin maksimum qayğı və diqqətlə əhatə olunması istiqamətində atılmış  mühüm addımlardan ətraflı bəhs etdi. Xalqımızın, hökumətimizin şəhidlərin xatirəsinin bundan sonra da daim uca tutacağına əmin olduğunu xüsusi vurğulayan K.Qafarov şəhid ailəsinin güzaranı və qayğıları ilə maraqlandı.

Şəhid anası N.Quliyeva ailələri üçün  ağır və kədərli gündə  dərdlərini onlarla birlikdə bölüşdüyünə, oğlunun xatirəsinə göstərdiyi ehtirama görə K. Qafarova öz  razılığını bildirdi.

Binəqədi rayonunun  22-ci Dağlıq küçəsinin sakini , II qrup 20 Yanvar  əlili Soltan Xəlilov üçün parlamentə növbəti çağırış deputat seçilmək üçün namizədliyini irəli sürmüş Kamaləddin Qafarovun 20 Yanvar günü onun yaşadığı evə gəlməsi çox gözlənilməz oldu. 80 yaşlı əmək veteranı K.Qafarovu səmimiyyətlə qarşıladı, dövlətin onlar üçün nəzərdə tutduğu imtiyazların genişləndiyini və son dövrdə sosial vəziyyətlərinin xeyli yaxşılaşdığını qeyd etdi. Pensiyaların, maaşların, imtiyazların xeyli artdığını razılıqla vurğuladı.

Kamaləddin Qafarov 20 Yanvar hadisələrinin xalqımızın milli-azadlıq hərəkatı tarixində çox önəmli bir yer tutduğunu bildirərək, gələcək nəsillərin də bu tarixi hadisəyə adekvat münasibət göstərəcəklərinə inam ifadə etdi. O, göstərdi ki, 20 Yanvar şəhidləri və qazilərinin hünəri  ölkəmizin qanuni milli qürur və iftixar mənbəyidir.

Səmimi çay süfrəsi arxasında keçən görüş zamanı  S.Xəlilovun qayğı və problemləri, onların aradan qaldırılması məsələləri geniş müzakirə olundu.  Kamaləddin Qafarov  20 Yanvar faciəsinin qurbanlarının  və qazilərinin ailələrinin problemlərinin həll edilməsinin dövlətimizin bütün strukturlarınun diqqət mərkəzində dayandığını və prioritet bir məsələ olduğunu qeyd etdi.

1news.az




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 21-01-2020, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma