Xəbər lenti

 

20 Yanvar dedikdə, hər kəsin yadına o düşür. Təbii ki, mənfi planda. SSRİ-nin ilk və son prezidenti, 1990-cı yanvarın 20-də baş vermiş Bakı qırğınının müəllifi Mixail Qorbaçov.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında göstərilir ki, “İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun”.

SSRİ-nin son prezidenti erməni separatizminə dəstək vermək, Bakıya qoşun yeridilməsi kimi qərarların müəllifi kimi hər zaman mənfi planda xatırlanır. Yəqin ki, bu ləkə onun üzərində əbədilik qalacaq. Yeri gəlmişkən, Qorbaçevin alnındakı o ləkə uzun müddət Azərbaycanda sovet dövlətinin başçısı haqqında ifadənin simvolu olub.

Əslində, pis başlamamışdı. 1985-ci ildə 54 yaşında SSRİ-nin birinci şəxsi postuna gətirilən Qorbaçov nəhəng imperiyada bir sıra dəyişikliklərə imza atdı. Amma bu dəyişikliklər də SSRİ-nin sonunu sürətləndirdi. SSRİ-yə “Aşkarlıq” və “Yenidənqurma” kimi terminləri dövriyəyə buraxan yeni lider Qərbdə böyük rəğbət qazanmışdı.

Mixail Qorbaçov 1931-ci il martın 2-də Şimali Qafqaz diyarının (hazırkı Stavropol) Medvejensko rayonu, Privolnoe kəndində doğulub. Atası rus, anası isə urkaynalı olub. 1955-ci ildə Moskva Dövlət Universitetinin hüquq, 1967-ci ildə isə Stavropol Kənd Təsərrüfatı İnstitutunu aqronom-iqtisadçı ixtisası üzrə bitirib.

1952-ci ildən Kommunist Partiyasına üzv olub, müxtəlif komsomol və partiya postlarını tutub. 1955-ci ildə universiteti bitirdikdən sonra Stavropolda prokurorluğa təyinat alsa da, bu vəzifədə cəmi 10 gün işləyib, daha sonra öz istəyi ilə Stavropol Diyar Komsomol Komitəsində təbliğatçı vəzifəsinə təyinat alıb.

Daha sonra partiya vəzifə pillələrində irəliləyib. 1962-ci ildə partiya təşkilatçısı, 1970-ci ildə isə diyar partiya təşkilatının sədri, bir il sonra isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib və 1991-ci ilə qədər üzv, həm də rəhbər olaraq qalıb. 1979-1980-ci illərdə Siyasi Büro üzvlüyünə namizəd, 1980-1990-cı illərdə isə üzv olub.

Çernenkonun ölümündən sonra – 1985-ci il martın 11-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib. Eyni zamanda, SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü seçilib.

SSRİ-yə faktiki olaraq son qoyduöu üçün Qərbdə Qobaçov həm də demokrat kimi tanınır. Ancaq hakimiyyətdə olduğu müddətdə təkpartiyalı sistemi saxlayıb, eyni zamanda, xüsusən də ittifaq respublikalarında baş verən etirazların, həmçinin, Bakıda baş verən aksiyaların zorakılıqla yatırılmasına göstəriş verdiyi üçün bir çoxlarına görə Qorbaçov sadəcə uğursuz islahatçı və şovinist idi. SSRİ-yə sadiq siyasətçilər isə onu satılmış siyasətçi adlandırır.

Bu versiyanı sübut edən amillərdən biri də Qorbaçovun irəli sürdüyü islahat proqramlarının uğursuz olması, yaranmış nisbi yumşalmanın doğurduğu tələblərin zorakılıqla yatırılması idi. Faktiki olaraq Qorbaçov qeyri-müəyyən, irəli sürdüyü proqramların nəticəsini hesablaya bilməyən və ya bildiyi halda, baş verənlərə şərait yaradan avantürist idi.

Hakimiyyətə gəldiyi ilk illərdə onun alkoqol əleyhinə kampaniyası, rüşvətxorluq və yeyinti hallarına qarşı başlatdığı həbslər rəğbət doğururdu. Bir qədər sonra isə “aşkarlıq” və “yenidənqurma” kampaniyaları başlandı, SSRİ-də oğurluqla əldə olunan qazancların bir formada leqallaşması prosesinə start verildi, kooperativ hərəkatı başladı.

Ancaq yaranmış vəziyyət tezliklə əks nəticə verdi, əzaq qıtlığı baş verdi, həmçinin, yaranmış nisbi yumşalma ilə paralel olaraq, əsasən, ittifaq respublikalarında etirazlar, etnik münaqişələr alovlandı. Və bu zaman Kreml proseslərə obyektiv və lazımi reaksiyanı verə bilmədi.

Qərblə mütəmadi danışıqlarda olan Qorbaçov Sovet Ordusunu Şərqi Avropadan geri çəkdi, Almaniyanın birləşməsinə şərait yaratdı, lakin daxildə baş verən çağırışlara daha sərt reaksiya verdi. Almatı, Tbilisi və nəhayət, Bakıda etirazları yatırmaq üçün zorakılığa əl atdı.

1990-cı ildə Mixail Qorbaçov SSRİ-dən “qan tökmədən” dəyişikliklərə nail olduğuna görə, Nobel Sülh mükafatına layiq görülüb. Bir ildən sonra 1991-ci il dekabrın 25-də isə SSRİ rəsmən ləğv olunduqdan sonra Qorbaçov işini itirir. Onun tərcümeyi-halında titulları, tutduğu vəzifələrin, simvolik desək, sayı-hesabı yoxdur. Ancaq onu indi nə ölkəsində – Rusiyada, nə də SSRİ-nin digər respublikalarında sevmirlər. Azərbaycanda hətta yeni nəsil belə onu nifrətlə xatırlayır.

Bir neçə il əvvəl Rusiyada keçirilən rəy sorğusunda iştirakçıların yalnız 10 faizi Qorbaçovu “hörmətlə” xatırladığını deyib. Yerdə qalanlar ya etinasız olub, ya da nifrətlə yad edib.

Qorbaçov isə yaşayır və elədiklərindən məmnundur. Dünyada ən bahalı seminar demiş şəxs kimi tarixə düşüb, öz adına fond yaradıb, 90-cı illərdə qəzet təsis edib və Qərbdə hələ də populyarlığını qoruyub-saxlayır. Hələ Stavrapolda işləyərkən rüşvətxorluğa görə məşhurlaşmış SSRİ-nin ilk və son prezidenti verdiyi geniş müsahibələrdə özünü və fəaliyyət dövründə verdiyi qərarları təmizə çıxarmağa çalışır.

Özünün yazdığı  “Həyat və islahatlar” kitabında 20 Yanvar hadisələrinə toxunan Qorbaçov Bakıda baş verən hadisələrə bəraət qazandıraraq hadisələrin bu şəkildə baş verməsinin əsas günahının Dağlıq Qarabağ ətrafında kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olduğunu qeyd edib.

SSRİ-nin son prezidenti yazır ki, Bakıda baş verənlər “çox qan axıdılmasının qarşısını almaq üçün” olub. Eyni zamanda, etiraf edib ki, 20 Yanvar hadisələrindən dərs götürüb. Ancaq indi artıq çox gecdir. Həm onun, həm də bizim üçün.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 22-01-2020, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma