Diplomat günü münasibətilə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qriboyedovun İrəvanda abidəsi önünə gül dəstəsi qoyub və erməni diplomatlarının məzarlarını ziyarət edib.
Ovqat.com xəbər verir ki, Konkret.az erməni mediasına istinadla verdiyi məlumata görə, Rusiya səfiri ziyarətindən sonra erməni və rus xalqlarının dostluğundan, strateji maraqlarından və Rusiyanın Ermənistanla əməkdaşlığı qiymətləndirməsindən danışıb.
Erməni icmalçı Akop Badalyan isə çoxəsrlik Ermənistan-Rusiya dostluğundan bəhs edən Rusiya səfirinə belə bir sual verib:
“Sənin qardaşın Avel hardadır, Kopırkin!”.
İcmalçı verdiyi suala da elə özü cavab tapmağa çalışıb.
“Qardaşlar arasında əlbəttə ki, yanlışlıq ola bilər, amma bir qardaşın digər qardaşının məkrli ölüm hökmünü imzaladığını və təxminən yüz il bu hökmün öhdəliyini bəyan etdiyini təsəvvür etmək mümkündürmü?
Söhbət 2021-ci ildə 100 il olacaq məşhur Rusiya-Türkiyə müqaviləsindən gedir. Bu müqaviləyə sadiqlik andı, Rusiya rəhbərliyinin Atatürk ilə dostluqda tanınması çətin ki, 100-cü ilə çatsın, amma artıq səsləndirilən vədlər “Sənin qardaşın Avel haradadır, Kopırkin?” sualını verməyə bütün əsaslar verir. Və ya qardaşınız Avel kimdir? Üstəlik, həqiqət anı – ermənilərin məhvinə gətirən100 illik müqavilə yaxınlaşır.
Ermənistan və Rusiyanın regionda strateji ittifaq üçün ortaq maraqları var və bunun kifayət qədər əsaslarının olduğu aydındır. Ancaq səfir deyir ki, Rusiya əməkdaşlığa qiymət verir. Baxmayaraq ki, bütün hallarda, həmişə və hər yerdə, hətta aprel müharibəsi zamanı da o əməkdaşlığa Ermənistanda qiymət verildi.
Aprel müharibəsindən əvvəl Ermənistana silah tədarükü ilə gecikən Rusiya nəyi qiymətləndirib? Müharibədən sonra Ermənistana İsgəndər raketi verir, məxməri inqilabdan sonra isə strateji təyinatlı yeni silahlar ötürür. Buna heç qiymət də düşmür. Etdikləri yəqin ki, “günah hissi”dir…
Ermənistanla strateji münasibətlərin qiymətləndirilməsi anı yaxınlaşır: 16 mart 2021-ci il, müqavilənin 100 illiyi. Rusiya Türkiyə qarşısında erməni subyektliyini məhv etmək öhdəliyini “yüksək qiymətləndirib”.
Rusiya bu öhdəliyə sadiq qalacaqmı? Rusiyanın Ermənistanla münasibətlərini, qardaşlığını və strateji İttifaqını qiymətləndirməsinin zəmanəti budur”.
Babək Göyüş
P.S. Qeyd edək ki, Kain və Avel Bibliyada iki qardaşdır, Adəm və Həvvanın oğullarıdır. Müqəddəs kitaba görə, Kain tarixdə ilk qatil, Avel isə cinayətin ilk qurbanı olub. Avel maldarlıqla, Kain əkinçiliklə məşğul olurmuş. Kain Tanrıya torpağın verdiyi meyvələrdən, Abel isə sürünün ilk doğulan balalarından hədiyyə gətirirmiş. Kain Tanrının Avelə üstünlük verdiyindən bərk hirslənir və qardaşını öldürür. Tanrı ondan qardaşının yerini soruşur: “Sənin qardaşın, hardadır, Avel?” və belə cavab alır: “Mən qardaşımın gözətçisiyəm?”.
Xatırladaq ki, 1970-ci ildə polşalı rejissor Yanuş Nasfeter “Sənin qardaşın Avel hardadır?” adlı psixoloji film ərsəyə gətirib. Filmdə on iki yaşlı Karolun bütün vasitələrlə sinif yoldaşlarının həyat tərzinə uyğunlaşmağa çalışmasından bəhs edir. Dostları Karola kiçik bir oğlanı öldürməyi məcbur edirlər. Karol isə bu barədə anasına danışdığından sinif yoldaşları qəddarcasına ondan intiqam almağa başlayırlar…
Paylaş: