Xəbər lenti
Dünən, 19:25

 

Əgər internet həyatımızın mühüm bir hissəsini əhatə edirsə, əlbəttə ki, müharibələr, cinayətlərin də virtual dünyaya transferi qaçılmazdır. Buna görədir ki, artıq dünyanın əksər ölkələri özlərinin kiberorduları, kibercinayətkarlıqla mübarizə qüvvələrini yaradıb.

Bu günlərdə məlum oldu ki, ABŞ hökuməti vətəndaşların və şirkətlərin kredit göstəricilərini təyin edən “Equifax” kredit şirkətinə kiberhücumlara görə Çin Xalq Ordusunun dörd zabiti barəsində ittiham irəli sürüb. Bu hücumlarda, təxmini hesablamalara görə, 150 milyon amerikalının sistemdəki məlumatları və sosial təhlükəsizlik nömrələri ələ keçirilib. Təxminən 10 milyon insanın isə şəxsi məlumatları, ünvanları və sürücülük vəsiqələrinin nömrələri olan məlumatlar oğurlanıb.

Amma bu, son iki gündə kibercinayətkarlıqla bağlı yeganə fakt deyil. Ötən gün İran hökuməti ölkənin telekommunikasiya şəbəkəsinə “bənzəri görülməmiş” ölçüdə böyük hücumun həyata keçirildiyini bəyan edib.

Yeri gəlmişkən, hələ bir neçə il əvvəl “Kasperski Lab” şirkətinin rəhbəri Yevgeni Kasperski bir çox ölkənin kiber silahlara sahib olduğu və kiber müharibəyə hazırlaşdığını demişdi. Dünyanın ən məşhur kiber təhlükəsizlik mütəxəssislərindən biri olan “Kasperski” kiber cinayətlərin hər il dünya iqtisadiyyatına 500 milyard dollar ziyan vurduğunu bildirir.

Qeyd edək ki, ABŞ, Rusiya, Çin, Yaponiya, Böyük Britaniya, İran kimi bir çox böyük dövlət silahlı qüvvələrinin tərkibində “kiberbirliklər” qurduğunu etiraf edib.

Azərbaycanın qonşusu Türkiyə və İranın da kiberorduları var. Türkiyənin rəsmi olaraq “kiberordusu” mövcud olmasa da, “Kasperski” şirkətinin ehtimalına əsasən, türkiyəli hakerlər dünyada ilk “onluğa” daxildirlər.

Son illərdə bir neçə çox səs-küylü kiberhücumlar qeydə alınıb. Bu hücumlar nəticəsində planetdə milyonlarla kompüter zərər çəkib, dəyən ziyanın miqyası milyard dollarlarla ölçülür. Məsələn, “WannaCry” adı verilmiş internet virusu hücumu dörd gün davam edib və 150 ölkədə 200 mindən çox kompüterə yayılıb.

Adıçəkilən virus kompüterlərlə yanaşı, hətta bəzi xəstəxanalarda tibbi cihazları koda salıb və bəzi istehsal müəssisələrində fəaliyyətin dayandırılmasına səbəb olub. Bu virusun təsiri hələ də davam edir.

Virusun ümumi zərəri 4-8 milyard dollar hesab olunur. Buna bənzər daha bir virusun adı “NotPetya” olub və bu kiberhücum nəticəsində 10 milyard dollara yaxın ziyan dəyib.

Son 10 ilin ən ciddi kiberhücumlarından biri də İranın nüvə obyektlərinə ciddi zərbə vuran “Stuxnet” kiberhücumudur. Bu virus İranın nüvə proqramına ciddi zərbə vurub, uranın zənginləşdirilməsini həyata keçirən sentrafuqların fəaliyyətini dayandırıb, nəticədə, İranın nüvə proqramı bir neçə il geriyə düşüb.

Digər viruslardan fərqli olaraq, “Stuxnet” hətta internətə qoşulmayan, şəbəkə ilə bağlantısı olmayan kompüterlərə belə daxil olmaq gücünə malikdir. Bu virusun flaşkartlar vasitəsilə də yayıla bildiyi ehtimal olunur. İlk dəfə 2009-cu ildə üzə çıxarılan bu virusun dünyada ilk dəfə kibersilah olduğu barədə rəy verilib.

ABŞ və İsrail kəşfiyyatı tərəfindən hazırlandığı ehtimal olunan “Stuxnet” Buşehr Atom Elektrik Stansiyasındakı rus mütəxəssislərin kompüterindən təxminən 30 min kompüterə sızaraq, bu stansiyanı bir neçə il iflic edib.

Yeri gəlmişkən, hazırda dünyada ən güclü haker ordularından biri də İrana məxsusdur. “Microsoft”un araşdırmalarına görə iranlı hakerlər son illərdə dünya üzrə minlərlə şəxs və təşkilata kiberhücumlar həyata keçirib. Bu hücumlar nəticəsində hədəfə alınan ölkələrə 100 milyonlarla dollar dəyərində ziyan vurulub.

Bir neçə il əvvəl iranlı hakerlər Səudiyyə Ərəbistanı milli neft şirkətinə kiberhücum təşkil edib və şirkətin 35 min kompüterini “zəhərləyiblər”. Bu hücumların əsas mənbəyi “Holmium” adlı iranlı haker qrupudur. Ancaq konkret olaraq bu qrupun arxasında hökumətin olduğu isbatlanmayıb.

İnternet mütəxəssisləri hələlik dünyada kibermüharibə olmadığını, ancaq eyni zamanda, ölkələrin bir-birinə kiberhücumlar təşkil etdiyini bildirirlər. ABŞ Konqresinin Araşdırma Servisinin 2015-ci ildə hazırladığı hesabatda “kibermüharibələrin” qəti bir açıqlamasının olmadığı ifadə olunur, “hərbi müdaxiləyə yol aça biləcək silahlı hücumlar eyni təsirə səbəb ola bilən kiberdünyanın gücünün dövlətlər arasında istifadə olunması” kimi ifadə olunur.

Kibermüharibə zamanı zərər vurmaq, məlumatı oğurlamaq məqsədilə hazırlanmış proqramlar rəqibin (düşmənin) kompüterlərinə yüklənir və bu kompüterlərin fəaliyyətini iflic edir, müxtəlif fəaliyyətləri, o cümlədən, hərbi təlimləri və raket buraxılışlarını pozur, həmçinin, gizli məlumatlar ələ keçirir. “Stuxnet” nümunəsini qeyd etdik, eyni zamanda, məhz bu proqram vasitəsilə rusiyalı hakerlərin 2016-cı il ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyi iddia olunurdu. Trampın seçilməsi ilə nəticələnən bu müdaxilə göstərdi ki, kiberhücumlar daha əvvəl yalnız məlumat oğurluğu və ya iqtisadi sabotaj təsiri olurdusa, indi artıq siyasi proseslərə də müdaxilə etmək gücünə malikdir.

Yeri gəlmişkən, 2014-cü ildə Ukraynada başlayan vətəndaş müharibəsi zamanı ölkənin elektrik enerjisi təminatı iki dəfə tamamən dayandırılıb və araşdırmalara görə bu hadisələrin hər ikisi internet üzərindən həyata keçirilib. Cənubi Koreyada isə ölkənin bank sektoruna həyata keçirilən hücum nəticəsində ölkənin üç böyük bankı fəaliyyətini dayandırmalı olub, bu da ölkədə panikaya səbəb olub.

Hazırda dünyanın bir çox böyük ölkələrinin hərbi qüvvələri daxilində kiberbirləşmələr var. Dünyanın ən böyük hərbi bloku hesab olunan NATO-nun kibertəhlükəsizliklə məşğul olan “NATO Cooperative Cyber Defence Centre of Excellence” adlı altqurumu fəaliyyət göstərir.

Artıq NATO kibermüharibələr üçün qaydalar da hazırlayıb. Bu qaydalara əsasən, müharibələrdə olduğu kimi, kiberhücumlar zamanı da dinc əhaliyə, o cümlədən, xəstəxana və məktəblərə hücum qadağan edilir, hansı hallarda kiberhücumların hərbi müdaxiləyə səbəb olacağı göstərilir.

Artıq dünyada kiberordular və onların fəaliyyətləri ildən-ilə daha qabarıq görünməyə başlayır. Dünya daha çox virtullaşdıqca savaşların da buraya daşınması qaçılmazıdır.

Rəşad Quliyev




Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 17-02-2020, 16:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma