XXI əsrin əsas xüsusiyyətlərdən biri də qloballaşmadır. Qloballaşma bütün dünya üzrə ölkə iqtisadiyyatlarının bir-birinə inteqrasiya prosesinə deyilir. Başqa sözlə sürətlənmiş məlumat və əmtəə mübadiləsi nəticəsində ölkələr bir-birinə daha yaxın olurlar. Artıq İndoneziya və ya Meksikada yaşayan insanların tələbatları bir-birinə yaxındır: telefon, internet, qazlı içkilər, fast-fud və s. Bir-birindən yüzlərlə və minlərlə kilometr məsafədə yaşayan xalqlar çox da fərqlənmirlər. İqtisadi cəhətdən isə bu, iqtisadiyyatların bir-biri ilə mübadilə etmək imkanının artması deməkdir. Misal üçün, Azərbaycan kərə yağını Yeni Zelandiyadan alır. XIX və hətta XX əsrin böyük hissəsi üçün bu ya mümkün olmayan, ya da nadir hallarda baş verə biləcək bir prosesdir. Amma indi biz gündəlik həyatımızda Yeni Zelandiyadan kərə yağı, Hindistandan çay, Afrikadan banan istehlak edirik. Eyni zamanda Azərbaycan iqtisadiyyatı da dünya bazarlarından asılıdır: biz neft ixrac edirik.
Başqa sözlə artıq hər hansı bir ölkə dünya bazarında baş verən proseslərin təsirindən kənarda qala bilməyəcək. Bunun üçün ya ölkə, ya da iqtisadiyyat çox qapalı olmalıdır (nümunələrdən biri Şimali Koreyadır, amma o da bir çox malları xaricdən əldə edir. Bunun üçün isə müxtəlif məhsullar ixrac etmək lazımdır. Düzdür onların asılılığı Azərbaycan kimi deyil, amma tam qapalı da deyillər).
Dediyimiz kimi, Azərbaycan da qloballaşmadan kənarda qalmayıb. Əgər 2005-ci ilə kimi biz ən yaxşı halda bir az neft və kənd təsərrüfatı məhsulları ixrac edirdiksə, 2005-ci ildən başlayaraq neft bizim əsas həyat mənbəyimizə çevrildi. Onun ixrac həcmləri artdı və nəticədə bütöv iqtisadiyyat dünya birjalarında olan neft kotirovkalarına bağlandı. Düzdür, o dövrlər bizim neftin qiyməti çox yüksək də deyildi. Misal üçün, AzərTAC gündəlik olaraq Azərbaycan neft markası olan “Azeri Light” neftinin qiyməti barədə məlumat verərkən, qeyd edir ki, 2001-ci ilin dekabrında qiymət bir barrelə görə 19,15 dollar təşkil edirdi.
Amma bizim aktiv olaraq bazara daxil olmağımız, neft bazarında artım dövrü ilə üst-üstə düşdü və nəticədə 2008-ci ilin iyulunda neftimizin qiyməti 149,66 dollar olub. Hardasa 2015-ci ilə kimi biz qloballaşmanın yalnız müsbət tərəflərini müşahidə edirdik: pulumuz çoxalırdı, idxalımız da artırdı.
Neft qiymətlərinin düşməsini biz bir qədər gecikmiş olaraq, amma çox ciddi hiss etdik. O zamandan bəri insanlar neft qiymətinin kotirovkalarını müşahidə etməyə başladılar. Bəlli oldu ki, bizdən minlərlə kilometr məsafədə olan London birjasında (Azərbaycan neftinin qiyməti Şimal dənizində çıxarılan Brent markalı neftin qiymətinə bağlıdır) bizim gələcəyimiz həll olunur. Nəyəsə görə bizim hökumət bunu heç vaxt “qloballaşmanın fəsadları” kimi göstərməyib (onların fikirlərincə bu fəsadlar yalnız “mənəvi” xarakter daşıya bilər).
Yavaş-yavaş hamı London birjasını izləməyə öyrəşmişdi, problemlər birdən-birə başqa tərəfdən gəldi – Çindən. Çində yeni tipli koronavirus aşkarlandı və müvafiq virus çox böyük yoluxma sürətinə malik idi. Nəticədə karantin tədbirlərini reallaşdırarkən, Çin bir çox istiqamətlər üzrə təyyarə uçuşlarını dayandırdı, yoluxmuş bölgələrdə iş yerlərini müvəqqəti bağladı və s. Çin isə dünya bazarında ən böyük neft istehlakçılarından biridir. Bu vəziyyət birbaşa olaraq neftin qiymətinə təsir etməlidir. Tələbat azaldığına və təklif artdığına görə, neftin qiyməti düşməyə başladı. Azərbaycana koronavirus çatmamış, artıq iqtisadiyyatımıza təsir etməyə başladı. Yanvarın ilk iş günündə neftin qiyməti 71,2 ABŞ dolları idi. 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiymətinin 55 ABŞ dolları üzrə hesablasaq, bu çox yüksək göstərici idi. Və məhz belə qiymətlərin olması “xarici borcumuzu istədiyimiz vaxt bağlaya bilərik” kimi ifadələrin işlənməsinə səbəb oldu.
Amma qrafikdən göründüyü kimi, neftin qiyməti yanvarın 7-dən aşağı düşməyə başladı. Fevralın sonuna artıq 27%-lik azalma qeydə alındı (51,98 dollar). Bu isə heç bir halda hökumətin planlarına daxil deyildi. Yəni hətta Azərbaycana çatmadan belə dünya bazarının bir-birilə sıx əlaqədə olması nəticəsində (yəni biz neftimizin yalnız 4,5%-ni Çinə ixrac edirik. Onun azalması heç bir halda ümumi ixracata təsir edəcək gücdə deyildi) koronavirus bizə təsir etdi.
Qrafik 1. “Azeri Light” markalı neftin qiyməti (07.01.2020-29.02.2020)
Yeri gəlmişkən, başqa tərəfdən yeni növ koronavirusa yoluxmanın belə tez artmasında da qloballaşmanın rolu böyükdür. Belə ki, qloballaşmanın əsas məqsədlərindən biri də işçi qüvvəsinin rahatlıqla bir bazardan digər bazara keçməsi üçün şəraitin yaradılmasıdır. Son illər ərzində bunun üçün bütün şərait yaradılıb. Bunu biz sadə bir müqayisədə göstərə bilərik.
2002-ci ildə Çində SARS epidemiyası başlamışdı. İki ay ərzində xəstəlik Vyetnama da çatdı, ümumi olaraq isə 29 ölkəni əhatə etmişdi. Yoluxanların sayı 8 mini keçmişdi (ölüm ehtimalı 9% idi). Təxmini 8 aydan sonra xəstəlik yoxa çıxdı. İndiki yeni tipli koronavirus da Çindən başladı. Amma dekabrda tapılmasına baxmayaraq, artıq fevral ayında dünyanın 60-dan çox ölkəsinə yayıldı. Keçən dəfə 29 ölkə üçün daha uzun müddət lazım olmuşdu. Bəs bunun səbəbi nədir?
Statistikanı təhlil etsək, görərik ki, bunun səbəbi bazarlar arasında işçi qüvvəsinin və həmçinin turizm bazarının inkişafıdır. Deməli, 2002-ci ildə bütün dünya üzrə səyahət edənlərin ümumi sayı 715 milyon turist təşkil etmişdi. Tarixdə ilk dəfə beynəlxalq turistlərin sayı 700 milyonu keçmişdi. Bu o dövr üçün çox yüksək göstərici idi. Bu yaxınlarda yayılan Ümumdünya Turizm təşkilatının məlumatına görə, 2019-cu ildə müvafiq göstərici 1,5 milyardı keçib. Beləliklə, 17 il ərzində turistlərin sayı 2 dəfədən çox artıb. Eyni zamanda əgər 2002-ci ildə Çindən xaricə turist kimi gedən çinlilərin sayı 16,6 milyon təşkil edirdisə, 2019-cu ildə müvafiq göstərici artıq 178,4 milyon təşkil edib (hələ buraya Çinə gələn xaricilərin sayını da əlavə etmək lazımdır).
Başqa sözlə ölkələr arasında münasibətlər asanlaşıb (indi artıq dünyanın istədiyi yerindən Çinə getmək olar), amma məhz bunun nəticəsində indiki xəstəlik də dünya üzrə daha tez yayılır. Beləliklə, qloballaşma bizə müxtəlif yeni texnologiyalar ilə birlikdə həmçinin xəstəlikləri də gətirir və hətta bizə çatmadığı halda bizi təhlükə altına salır.
Paylaş: