Xəbər lenti


Son zamanlar Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, Prezidentin sabiq köməkçisi Əli Həsənov və KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyətinin araşdırılmasına dair çağırışlar çoxalıb.
“AzPolitika.info” xəbər verir ki, bu tələblə çıxış edənlərin sırasına Əməkdar jurnalist, professor Qafar Cəbiyev də qoşulub. O, saytlarda dərc olunan yazısında xüsusilə dövlət tərəfindən jurnalistlər üçün inşa edilən binalarda mənzillərin bölüşdürülməsi zamanı yol verilən qanunsuzluqlara, özbaşınalıqlara diqqəti çəkib. Sitat: “Nə özləri, nə də ətrafındakılar, necə deyərlər, artıq ayaqlarının altını belə görmürdülər. Görün, iş nə yerə çatmışdı ki, ölkə Prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər”.
Q.Cəbiyev qeyd edib ki, mənzil bölgüsü zamanı peşəkar jurnalistlər kənarda qoyularaq, Ə.Həsənov və V.Səfərliyə yaxın adamlara, qohum-əqrabalarına ev verilib: “Peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar. Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildirmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.”
“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 2 935          Tarix: 26-04-2020, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma