Xəbər lenti
Dünən, 19:25



Bir zamanlar “toxunulmazlar kastası”na aid olan icra başçılarının cinayətkar əməllərinin ifşası və həbsi başlayanda, bir çoxları bunu növbəti siyasi kampaniya kimi dəyərləndirməyə çalışırdılar. Lakin hadisələrin gedişi göstərdi ki, korrupsiya və rüşvətxorluğa son qoymaqda qərarlı olan siyasi iradə nə icra başçısı, nə məmur-oliqarx, nə də nazir tanıyır.

Əksinə, korrupsiya ilə mübarizənin icra başçıları və onların yerlərdəki nümayəndələri səviyyəsində qalmayacağı, daha yüksək məqamlara qədər uzanacağının siqnallarını verən növbəti addımlar atılmaqdadır. Heç kimin gözləmədiyi halda Dövlət Təhlükəsizliyi Xidməti(DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirdi və burada icra hakimiyyətlərindən heç də geri qalmayan korrupsiya cinayətlərinin, qanunsuzluqların olduğunu üzə çıxardı.

Nazir müavini və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi həbs olundu. İlkin araşdırmalar göstərir ki, ortada təkcə nazirliyin sifarişlərini yerinə yetirən şirkətlərdən “atkat” alınması, vəzifələrin pulla satılması və s. “ənənəvi” korrupsiya əməlləri yox, tarixi-mədəni irsimizə aid obyektlərin dağıdılaraq onların ərazilərinin satılması kimi qat-qat ağır cinayətlərə yol verilib.

Əgər icra başçıları tender, torpaq, sənəd satır, yetim-yesirə ayrılan dövlət yardımını mənimsəyirlərsə, Mədəniyyət Nazirliyindəki “akulalar” pul müqabilində tarixi abidələrimizin yerlə yeksan edilməsinə və ərazilərinin işbazlara satılmasına qol çəkiblər. Və bu, təəssüf ki, Azərbaycan məmur sinfində “köhnə qvardiya”nın əsəri olan və var-dövlət, pul müqabilində az qala hər şeyi satmağa hazır xəyanətkar bir təbəqənin mövcudluğundan xəbər verir...

Məlum olduğu kimi, hələ 2018-ci ildə başlanmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alıb və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması təşkil edir.

Ancaq təəssüf ki, bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları müşahidə olunmaqdadır. Və bu hal təkcə yerli icra hakimiyyətlərinin fəaliyyətilə məhdudlaşmır.



Xatırladaq ki, ölkə Prezidenti icra başçılarının həbsilə bağlı məsələyə münasibət bildirərkən bəzi nazirliklərdə korrupsiya hallarının mövcudluğunu qeyd edərək, bir növ hazırda müşahidə etdiyimiz həbslərin anonsunu vermişdi. Daha doğrusu, növbəti dəfə məmur korpusunun “köhnə qaydalarla” işləyən hissəsini xəbərdar etmişdi. Ancaq göründüyü kimi, yenə nəticə çıxarılmadı və bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, nəyəsə, kiməsə arxayın olan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrildi. 

Nəticədə məlum kadr islahatları nəticəsində işi təkmilləşdirilən və peşəkarlıq səviyyəsi yüksəldilmiş DTX tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olundu.



Qeyd edək ki, Prezident yeni Baş prokuroru vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılmasına dair prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdi. 

Və 8 may tarixində DTX tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə başçısının sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçildi.



Lakin Mədəniyyət Nazirliyində aşkarlanan bu utancverici səhnə təkcə sırf hüquqi yox, həm də mənəvi baxımdan icra başçılarının yaratdığı özbaşınalıq və talançılıqdan daha eybəcər və təhlükəlidir. Çünki bu dəfə talan edilən təkcə ölkənin maddi dəyərləri yox, həm də mədəni, tarixi və mənəvi dəyərlərinin daşıyıcısı olan elementlərdir. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür eybəcər talançılıq cinayətlərinə yol verilməsi korrupsiya virusnun məmur korpusunun bir qisminin az qala genlərinə qədər işləməsindən xəbər verir və cəımiyyətdə haqlı olaraq böyük hiddət, qınaq doğurur.

Çünki onsuz da Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Və yəqin ki, bu məsələdə şəxsən nazir Əbülfəs Qarayevin məsuliyyət dərəcəsi, idarəçilikdəki nöqsanları və s. də araşdırma predmeti olacaq. Çünki bu səviyyədə həyata keçirilən vəzifə cinayətlərinin uzun illər görürülməməsi və ya göz yumulması da diqqətdən kənarda qala bilməz...



Ümumiyyətlə, sanki kimlərsə Azərbaycanın idarəçilik sistemini pul xatirinə hər şeyi satmağa, istənilən cinayətə əl qoymağa hazır və sayı heç də az olmayan məmurlarla “minalayıb”. 

Görünən odur ki, bu “minalanmış sahə”nin təmizlənməsi hələ xeyli vaxt aparacq və irəlidə hətta iri “bombalar”ın üzə çıxacağı da istisna oluna bilməz.
Vaqif Nəsibov
AzPolitika.onfo



Ana səhifəyə qayıt        Baxış: 3 001          Tarix: 11-05-2020, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma