Xəbər lenti
          Təyyar Nəsirlini tanıdığım 25 ildən artıqdı. Keçən yüzilliyin 90-cı illərində tez-tez Salyanda nəşr edilən “Qələbə” qəzetinin redaksiyasına gedərdim. Məqsədim yeni yazılarımı (bu, adətən şeir olardı) qəzetin kollektivinə təqdim etmək idi. Ayda bir dəfə qəzetdə oxuculara poeziya səhifəsi təqdim edilərdi. Varlı kəndindən rayon mərkəzinə 40 kilometrlik yolu da şeirimin bu səhifədə görünməsi üçün gedərdim. Təbii olaraq bu ardıcıl gediş sayəsində qəzetin kollektivini də yaxından tanımağa başlamışdım. “Qələbə” qəzetinin kollektivi içərisində tanıdığım, sonralar mənim üçün çox əziz bir dosta çevrilən insanlardan biri də Təyyar Nəsirli idi. Hər gedəndə onu çox məşğul görərdim. İş masasının üstü əlyazmalarla və şəkillərlə dolu olardı. Sonralar öyrəndim ki,Qarabağ savaşında şəhid olan igid eloğlularımızın həyatını araşdırır, onların adlarını unudulmağa qoymur. Rayonu  kəndəbəkənd gəzib şəhidlərimizin ailəsi, doğmaları, döyüş yoldaşları  ilə görüşür, onlar haqqında bilgi toplayır. Bütün bu işləri kimsədən yardım ummadan və nə isə gözləmədən, vətən, millət qarşısında qutsal borc kimi görür. Təyyar Nəsirlinin qələm məhsulu olan "Ölümdən güclüdür Vətən sevgisi" (1993),  "Tale ulduzları yanan şəhidlər" (1997), "Nigaran ruhlar" (1998) və s. bu kimi illərlə zəhmətin bəhrəsi olan kitablar  həm də bu insanın hansı ruha sahib olduğunu göstərir.  Mənim tanıdığım Təyyar Nəsirli  bu gün də dəyişməyib. Eyni ruh, eyni xarakter və eyni həvəslə bu gün də yazıb-yaradır, el-obası üçün, dövləti üçün faydalı olmağa çalışır, haqqı olan insanların həyatını kitablaşdırmağa, onları gələcək nəsillərə də tanıtmağa çalışır.           
      Təyyar bəy Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, Salyanda çıxan "Qələbə" qəzetinin məsul katibi, "Space" müstəqil teleradio şirkətinin Salyan bürosu üzrə bölgə müxbiridir.  Bu günlərdə 60 yaşını tamam edəcək dostumuz  ömrünün 30 ildən çoxunu qələmə bağlayıb. Özünü peşəkar jurnalist kimi təsdiq etməyi bacarıb. 
      Yubilyar dostumuz 1960-cı il iyulun 9-da Talış dağlarının qoynunda yerləşən Lerik rayonunun Çeşman kəndində doğulub. O, körpə olarkən valideynləri  Salyan rayonunun Xocalı kəndinə köçüb. Qoynunda doğulduğu Talış dağlarının məğrurluğu və sahilində yaşadığı Kür çayının qaynarlığı sonralar onun xarakterinə çevrilib. Məğrur olub, çalışqan olub, daim axtarışda olub. Bu özəllikləri zərrəcə xələl gətirmədən varlığında bu günlərə daşıyıb. 60 yaşa da bu xarakterlə gəlib. Bəzən sahib olduğu bu xarakter onu nələrdənsə məhrum edib, yüksək vəzifəyə, mükafata gedən yolunda əngəl olub, ancaq bu əngəl onu doğru bildiyi yoldan, anadolular demişkən, şaşırmayıb.  Bütün yaradıcılığı da bu xarakterindən boy verib, meydana çıxıb. 1988-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən həyatını birdəfəlik olaraq sözə, qəzetə, jurnalistikaya bağlayıb. Nəticə də göstərdi ki, bu yolu seçməkdə yanılmayıb. Qələm adamı olmaq təkcə onun seçimi deyil, bu, həm də onun taleyidir, alın yazısıdır. Təyyar Nəsirli az öncə adını sadaladığım  kitablardan sonra  "Müəllim ömrü" (2000), "Altında yatırkən də bizimdir yerin üstü" (2007), "Muğan torpağının pəhləvanları" (2009) kimi sanballı əsərlər yazdı və "Əbədi buzlaqlar" (2010) romanı ilə peşəkar yazıçı olduğunu ortaya qoydu. Bildiyimə görə o, hazırda  təbii fəlakətlərin törətdiyi faciələrdən bəhs edən “Qoşa qovaq ağacı” romanı üzərində işləyir...
        Məşhur bir deyim var; “Adamı yolda, yoldaşlıqda tanıyarlar”. Onunla dəfələrlə yoldaş olmuşuq. Birlikdə yurdumuzun yaşıl ormanlara bürünmüş bölgələrinə - Şamaxıya, İsmayıllıya və Qəbələyə səfərlər etmişik. Meşədə təbiət qoynunda süfrə açmışıq, çörək kəsmişik, bu gözəlliklər qoynunda samovar çayı içmişik. Yolda saatlarla həmsöhbət olmuşuq, fikir mübadiləsi aparmışıq. Bir-birimizin iç dünyasını yaxından tanımışıq. Görmüşəm ki, Təyyar təkcə yaxşı ziyalı və qələm adamı deyil, həm də çox gözəl yol yoldaşıdır, maraqlı həmsöhbətdir, ləyaqətli dost, güvənli yoldaşdır.
      Təyyar Nəsirlinin ömür-gün yoldaşı Leyla xanım da qələm adamıdır, peşəkar jurnalistdir. Hər şeydən öncə qəlbi gözəlliklərlə dolu olan dəyərli insandır. Həyatımda bir-birini bu qədər tamamlayan çox az cütlük görmüşəm. Təyyar bəyin bu seçimi onun həyatındakı ən böyük uğurudur.  İndi yox, onları ilk tanıdığım vaxtlardan gəldiyim qənaət budur. Heç yadımdan çıxmaz; “Qələbə” qəzetinin redaksiyasına ilk gedib-gəldiyim vaxtlar idi. Günorta vaxtı redaksiyanın işçisi olan bir qız kollektivlə sağollaşıb, getməyə hazırlaşdı. Hər kəsə adını çəkmədən “Sağ olun” – deyirdi. Təyyar Nəsrliyə tərəf dönəndə isə daha mehribancasına “Sağ ol, Təyyar müəllim!” – deyib getdi. Davranış xoş ovqat yaratdığı üçün “Qələbə”də baş redaktor müavini işləyən, tanınmış yazıçı və jurnalist Fəxrəddin Becanoğludan bu qızın kimliyini soruşdum. “Ə, Leyla balanı deyirsən? Leyladı da, Təyyarın yoldaşıdı” – dedi. Sonralar Fəxrəddin müəllimin “Leyla bala” dediyi bu insan  mənim üçün də “Leyla bacı” oldu,  doğma insanlardan birinə çevrildi. Təyyar bəy və Leyla xanım millətimiz üçün iki ləyaqətli övlad böyüdüblər. Böyük övladları Toğrul Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əvvəllər "Space", sonralar ANS və ARB müstəqil teleradio şirkətlərində işləyib.   Sonralar həyatını başqa sahəyə bağlayıb. Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışır.  Kiçik övladları  Məhəmməd Nəsirli isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə halların təhlükəsizliyi fakültəsini bitirib. Hazırda Salyan Regional Qaz idarəsində çalışır.
        Bu günlərdə 60 yaşını tamam edəcək 25 illik əziz dostum, qardaşım Təyyar Nəsirliyə arzularım bitib-tükənməzdir. Təyyar Nəsirli adının çəkilməsi kifayət edir ki, könül qapısı açılsın və dünyanın bütün gözəl sözləri ürəkdən dodağa süzülsün. Dəyərli dostuma yeni yubiley yaşlarını can sağlığı ilə yanaşı   yaradıcılıq uğurları ilə qeyd etməyi diləyir və rəhmətlik şairimiz Oktay Rzanın dediyi kimi, yüz yaşı adlayıb keçməsini arzu edirəm.
        Yubiley yaşın qutlu olsun, dostum Təyyar Nəsirli!
 
     Namiq Hacıheydərli,
   06 iyul 2020-ci il


Ana səhifəyə qayıt        Baxış: 3 733          Tarix: 6-07-2020, 14:17      


Paylaş:   

Ən çox oxunanlar