Xəbər lenti

Ermənilər ABŞ-ın Azərbaycana 120 milyonluq hərbi yardımını əngəlləyə, Xankəndi aeroportuna təyyarə endirə bilmədilər; Elxan Şahinoğlu: “Torpaqlarımızı azad etmək üçün həmlələrə baş vursaq, Konqresin bu qətnaməsini əldə rəhbər tuta bilərik”

Tovuz istiqamətində döyüşlər səngisə də, gərginliyin davam etdiyi bir dövrdə ABŞ Konqresində Azərbaycan əleyhinə “daşnak”lar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının alınması mühüm və maraqlı hadisə idi. Söhbət ilk dəfə Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsindən gedir.  Belə ki, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər.
Sözügedən proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər. Nəhayət, iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin iclasında qərar qəbul olunub.

Konqres üzvü Stiv Kohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən, Müdafiə katibi ilə əlaqələndirilməklə, Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Stiv Kohen
Ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələrinin, hətta son dəqiqədə milyonlarla izləyicisi olan erməni əsilli “tanınmış simaların” səfərbər olunmasına baxmayaraq, sözügedən düzəlişlərin qəbul edilməməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub. Maraqlıdır, ermənilər bu qədər dəstəyin qarşılığında niyə məğlub oldular? Paşinyanı dirijor çubuğu ilə oynadan qüvvələr tərəfindən Qərbin enerji axınlarına real təhlükə yaranması səbəb ola bilərmi?
Çünki yəhudilərin neft istehlakının 40 faizi Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql olunur. Həmin xətt Tovuzdan keçir və bu istiqamətdə döyüşlərin başlaması həm də Qərbin enerji axınına təhdid idi.

ABŞ-dakı səfirimiz Elin Süleymanov da proseslərə geopolitik aspektdən yanaşıb. Səfir Vaşinqtonda “The Jerusalem Post”a bildirib ki, Bakı-Tiflis-Ceyhan boru kəməri İsrailə öz neftinin 40 faizini verir. O, bir çox Azərbaycan rəsmiləri kimi, beynəlxalq ictimaiyyətin bir qədər az diqqətində olan münaqişənin qlobal əhəmiyyətini vurğulamağa çalışıb. “Bakı-Tiflis-Ceyhan , Bakı-Supsa neft kəmərləri və Bakı-Tiflis-Ərzurum qaz kəməri bu ərazidən çox da uzaq yerləşməyib.
Bu bölgə, həmçinin Cənub Qaz Dəhlizinin son həlqəsinin tamamlanması ilə Avropanın Rusiya qaz təchizatından asılılığını azaldacaq. Rusiya və Ermənistan müttəfiqdirlər" - sitatın sonu.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali məktəbində enerji üzrə mütəxəssisi və Demokratiyaların Müdafiə Fondunun baş məsləhətçisi Brenda Şaffer də səfirimizin fikirlərini qüvvətləndirən mövqedən çıxış edərək Ermənistanı yeni qaz kəmərinin tamamlanmasını pozmaq istəyində günahlandırıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ermənipərəst qüvvələr və konqresmenlər 30 ildə ilk dəfə belə ağır zərbə aldılar: “Onlar Azərbaycan əleyhinə düzəliş qəbul olunmasını istəyirdilər ki, ABŞ bizə 120 milyonluq hərbi yardım etməsin. Digər təxribatçı təklif bu idi ki, Xankəndi yaxınlığında hava limanına təyyarələr enib-qalxa bilsinlər, Amerika buna dəstək versin. Bu iki bənd keçmədi. Amma bir məsələyə diqqət etmək lazımdır - bu, Azərbaycanda əlahiddə dəstək qətnaməsi deyildi”.

Politoloqun sözlərinə görə, söhbət 4 ölkənin ərazi bütövlüyünə dəstək qətnaməsindən gedir və burada Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan qeyd edilmişdi: “Amerika Azərbaycanı bu üç GUAM ölkələrindən ayıra bilməzdi. Amerikanın Ukrayna və Gürcüstanla sıx tərəfdaşlığı var. Əlbəttə, Azərbaycanla da tərəfdaşlıq var. Bunu Trampın prezident İlham Əliyevə göndərdiyi məktublar da göstərir. Amerikanın rəsmi qurumları Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Ona görə Konqres əleyhimizə qətnamə və ya düzəliş qəbul etsəydi, Amerikanın milli və təhlükəsizlik siyasətinə zidd olardı.

Əvvəllər Konqres Azərbaycan ətrafında informasiya blokadasından istifadə edərək 907-ci düzəlişi qəbul etmişdi, indi o dövr deyil. O baxımdan Konqres bizə və ümumilikdə 4 ölkəyə dəstək verdi. Bu, bizim üçün faydalıdır və gələcəkdə torpaqlarımızı işğaldan azad etmək üçün ciddi həmlələrə baş vursaq, Konqresin qətnaməsini əlimizdə rəhbər tuta bilərik, deyə bilərik ki, siz özünüz bizi dəstəkləmisiniz”.
“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 2 898          Tarix: 24-07-2020, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma