Xəbər lenti


“Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin yeni mərhələsinə hazırlaşırlarsa, bu prosesə yeni məqamları gətirmək istəyirlərsə, nəzərə almalıdırlar ki, Azərbaycan müzakirələrin məhsuldar olmasını istəyir. Substantiv danışıqların mahiyyəti də budur ki, ən xırda məsələ ilə bağlı razılaşma olsa belə, ona qeyd-şərtsiz əməl olunmalıdır. Ermənistan rəhbərliyi isə buna əməl etmir”.
Politoloq İlqar Vəlizadə belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Xarici ölkələrdə ermənilərlə azərbaycanlılar arasında yaşayan qarşıdurma haqda nə düşünürsünüz – yeni təxribata əl atan düşmən hansı məqsədi güdür?

- Ermənilərin qarşıdurmanı xarici ölkələrə daşımaq cəhdləri xoşagələn deyil. Aşkar şəkildə görünür ki, bu, ermənilərin növbəti təxribatıdır. Bu məqsədlə də cəbhə xətti ilə yanaşı, xarici ölkələrdə də azərbaycanlılara qarşı müxtəlif vasitələrə əl atırlar. Ermənilərin bu addımları şiddətli qəzəb doğurur. Baş verənlər göstərir ki, nə erməni diasporu, nə Ermənistan cəmiyyəti, nə də onun siyasi elitası Azərbaycanla sülh şəraitində yaşamaq istəyir. Onların əsas məqsədi işğalçı siyasəti davam etdirmək, buna bəraət qazandırmaqdır. Bu əməllərin arxasında planlaşdırılmış siyasət durur. Yəni bunlar kortəbii proseslər deyil, məqsədli şəkildə həyata keçirilən təxribatlardır. Ermənilərin azərbaycanlılara qarşı bu aqressiv hücumları onların “böyük”, amma mahiyyətcə cılız siyasətinin kiçik bir hissəsidir.
- Hesab etmək olarmı ki, məsələni torpaq davasından milli münaqişə müstəvisinə çəkirlər? Ümumən, bu proses milli münaqişədir, yoxsa ərazi?

- Siyasət elmində buna “etno-ərazi münaqişəsi” adı verilib. Dağlıq Qarabağ münaqişəsi də etno-ərazi müstəvisindədir. Çünki burada həm ərazi, həm də etnik faktorlar yer alır. Elmi cəhətdən izahı budur.
Erməni ideoloqlarının bir tezisi var, o da bundan ibarətdir ki, ermənilər türklərlə bir yerdə yaşaya bilməzlər, çünki ermənilərlə türklərin yaşadıqları ərazilərdə ya soyqırım baş verməlidir, ya da ərazi üstündə qarşıdurma olmalıdır. Ermənilərin məsələyə baxışı belədir. Baş verənlər də göstərir ki, ermənilər indi də bunu digər dövlətlərə göstərmək istəyirlər. Özlərinin həyata keçirdiyi təxribatı azərbaycanlıların üstünə yığmaqla nümayiş etdirmək istəyirlər ki, bunu onlar yox, bizimkilər törədirlər. Bununla da bizdən “vəhşi xalq” obrazı yaratmaq niyyəti güdürlər ki, baxın, biz onlarla bir yerdə yaşaya bilmərik.
- Məlumdur ki, son hadisələr Tovuz təxribatı ilə başladı. Bəs erməniləri bu təxribata sövq edən hansı niyyət idi: yeni ərazi işğalı, yoxsa…?
- Bəli, yeni işğal faktorundan söhbət gedir. Ermənistan rəhbərliyi işğalçılıq siyasətinə yeni çalarlar qazandırmaq niyyətindədir. Ümumiyyətlə, Paşinyan son zamanlarda yeniliklərdən çox danışırdı. O, eksperiment xoşlayan bir insandır, son təxribat da bura daxildir.
Kimsəyə sirr deyil ki, ermənilər azərbaycanlıları “aqressiv planlar daşıyan” xalq kimi göstərməyə çalışır. Amma Ermənistan rəhbərliyinin son illərdəki diplomatik uğursuzluqları onların bu siyasətini ifşa etdi. Bu da beynəlxalq arenada Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxardı. Bu müstəvidə də xarici ölkələrdən bizə verilən dəstək artır. Çünki aşkar şəkildə görünməyə başlayıb ki, işğalçı kimdir, işğala məruz qalan kimdir. Üstəgəl, Azərbaycan ermənilərə aid heç bir ərazini işğal etməyib.

Həmişə ermənilər Azərbaycanı işğalda ittiham edəndə Polşadan, Macarıstandan və digər ölkələrdən olan siyasətçilər onlara gülürdülər ki, bu necə ola bilər. Ermənilərin bu iddialarını təəccüblə qarşılayırdılar ki, necə olur aqressiv siyasət aparan Azərbaycandır, amma ermənilər onun torpaqlarını zəbt ediblər. İndi də bunu gördükləri üçün Tovuz istiqamətində eyni təxribatlara əl atdılar. Azərbaycanın bu təxribata verdiyi cavabı isə bizə qarşı istifadə etməyə çalışırlar. Buna görə, təxribata işğal olunmuş ərazilərdən yox, sərhəd istiqamətindən əl atdılar.
Əlbəttə bu təxribatlardan həm Ermənistanın daxili problemlərindən diqqət yayındırmaq, həm də KTMT ölkələrini bu prosesə cəlb etmək üçün istifadə olundu. Hesab edirəm ki, Tovuz təxribatının arxasında duran əsas məqamlar budur.
- Bu gün baş verənlər Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə hansı qatqını təmin edəcək?
- Son olaylardan sonra Azərbaycan rəsmilərinin bəyanatı belədir ki, biz, danışıqlar naminə danışıqlara getməyəcəyik. Azərbaycan ictimaiyyəti də açıq şəkildə nəticəsiz danışıqlarının davam etdirilməsinə etiraz edir. Əgər Minsk qrupunun həmsədrləri danışıqlar prosesinin yeni mərhələsinə hazırlaşırlarsa, bu prosesə yeni məqamları gətirmək istəyirlərsə, nəzər almalıdırlar ki, Azərbaycan müzakirələrin məhsuldar olmasını istəyir. Substantiv danışıqların mahiyyəti də budur ki, ən xırda məsələ ilə bağlı razılaşma olsa belə, ona qeyd-şərtsiz əməl olunmalıdır. Ermənistan rəhbərliyi isə buna əməl etmir.

Əgər bundan sonrakı danışıqlar prosesi məhsuldarlığı ilə yadda qalsa, onda hərbi gərginlik səngiyə bilər. Amma yenə də imitasiya olsa, əks proseslərin şahidi ola bilərik. İndi isə təəssüflər olsun ki, biz münaqişənin coğrafiyasının genişlənməsindən danışırıq. İndiki məqamda bu genişlənməni nəinki işğal edilmiş Dağlıq Qarabağ istiqamətində, eyni zamanda sərhədboyu bölgələr yönündə də müşahidə edə bilərik. Bu, istisna olunmur.





Ana səhifəyə qayıt        Baxış: 2 748          Tarix: 26-07-2020, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma