Qarabağ probleminin həlli üçün bu məsələyə kompleks yanaşma olmalıdır.
Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə rusiyalı ideoloq Aleksandr Duqinin “Moskva-Bakı oxu” konfransında Ermənistanın 5 işğal olunmuş rayonu Azərbaycana qaytarmalı olduğu ilə bağlı növbəti çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, Rusiya hər dəfə Ermənistanın Azərbaycana 5 rayonu qaytarması məsələsini gündəmə gətirərkən Ermənistanın mövqeyini də göz önündə tutur:
“Belə ki, ermənilər 2 rayonumuza - Kəlbəcər və Laçına xüsusi “dəhliz status”u almaq istəyir. Ona görə də ruslar ermənilərin bu istəyini nəzərə alaraq, Dağlıq Qarabağ ətrafında işğalda olan 7 rayondan 5-nin qaytarılmalı olduğunu bildirir. Əslində isə 5 və ya 7 rayonun qaytarılması deyil, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi ilə proses başlamalıdır”.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağın status məsələsi Ermənistan ordusunun bütün Qarabağdan çıxmasından sonra gündəmə gələ bilər:
“Müzakirə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərin statusu ilə bağlıdır. Dağlıq Qarabağ ətrafındakı 7 rayon bu müzakirənin predmeti, başqa sözlə desək, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində ermənilərin “güzəşti” və yaxud alver predmeti ola bilməz”.
İ.Vəlizadə Rusiya politoloqlarının “5 rayon” məsələsini Ermənistanın Azərbaycana olan güzəşti kimi təqdim etməsini təhlükəli hal kimi dəyərləndirib:
“Əslində isə burada Azərbaycana qarşı hər hansı güzəştdən söhbət gedə bilməz. Bu, Azərbaycanın hüququdur. Bu rayonlar Azərbaycana məxsusdur və o rayonların qaytarılması Ermənistanın borcudur. Bunun müqabilində Azərbaycan Ermənistana heç nə güzəşt edə bilməz. Ümumiyyətlə isə “5 rayon”, “7 rayon” yanaşması doğru deyil. Bu məsələyə kompleks şəkildə baxılsa, problemin həlli üçün münbit zəmin yarana bilər”.
Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın son açıqlamasında Ermənistanın Azərbaycanın 7 rayonundan öz ordusunu çıxarmasının vacibliyini bildirməsi və yalnız bundan sonra Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi yönündə danışıqların başlamasını bəyan etməsi ABŞ-ın ədalətli mövqeyi kimi qiymətləndirilmişdi. Bunun ardınca rusiyalı ideoloq Aleksandr Duqinin “Moskva-Bakı oxu” konfransında çıxışı zamanı Ermənistanın işğal etdiyi rayonlardan 5-ni qaytarması barədə mövqeyini bir daha təkrarlaması isə birmənalı qarşılanmır.
Paylaş: