Xəbər lenti


Qazax rayonunun 30 ilə yaxındır erməni işğalı altında olan kəndləri var. Birinci Qarabağ savaşı zamanı Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarla yanaşı, Qazaxın 7 kəndi də ermənilər tərəfindən işğal olunub. İşğala məruz qalan kəndlərin 7 minə yaxın əhalisi bu gün respublikanın müxtəlif regionlarında yaşamaq məcburiyyəytindədir.
Ana Vətən Partiyasının sədr müavini, 1992-ci ildə Qazaxda könüllü olaraq orduya yazılmış Arzuman Abdulkərimov deyir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü təkcə Qarabağla məhdudlaşmır: “Qazaxın 7 kəndinin bu gün də işğalda olması Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiqləyir. Bir neçə il öncə Fransada keçirilən konfaransda bu faktı qeyd etdim. Dedim ki, Ermənista Dağlıq Qarabağı və ətraf rayonları işğal altına alıb. Dünışanda da deyirlər ki, ətraf rayonlar bufer zona olaraq işğalda saxlanır, təhlükəsizlik məsələlərinə görə zəbt olunub. Belə bir halda Qarabağdan 200 kilometr aralıda yerləşən Qazax rayonunun 7 kəndinin işğalını necə əsaslandırırlar? Azərbaycan həmin 7 kəndi azad etməlidir. Bunun üçün hər hansı hüquqi maneə də yoxdur”.

Arzuman Əbdülkərimov deyir ki, Qazaxın kəndləri 1990-cı illərin əvvəlindən erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı: “Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tuturdu. Evləri yandırırdılar, mal-qaranı tələf edir və oğurlayırdılar. İşğal altında olan Qazaxın Bağanis Ayrım (24.03.1990), Xeyrımlı(08.03.1992), Aşağı Əskipara (14.06.1992), Barxudarlı (27.04.1992), Sofulu (27.04.1992), Qızılhacılı (11.05.1992) və Yuxarı Əskipara(08.06.1992) kəndləridir. Bağanis Ayrım kəndini ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə hucum ediblər. Martın 24-ü səhər saatlarında isə kənd erməni-rus silahlıları tərəfindən işğal olunub. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları, mal-qara ermənilər tərəfindən mənimsənilib. İşğal zamanı ermənilər kənddəki bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıb. Bağanis Ayrım kəndinin sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb”.
Arzuman Əbdülkərimov deyir ki, Xeyrimli Gəncə-Qazax düzənliyindədir: “1990-cı ilin martından 1992-ci illin martına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri ermənilər tərəfindən işğal edildi. Yerli əhali doğma evlərini tərk etməli olub. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və 4 gün davam edib. Döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq düşmənə qarşı bir nəfər kimi əliyalın da olsa döyüşüblər. Əhalinin əliyalın olması isə təsadüfi deyil. 1990-cı ildə sərhədyanı zonada sovet hakimiyyəti əhalidən odlu silahları yığıb və faktiki olaraq düşmən qarşısında onları əliyalın qoyub. Həmin günlərdə Qazax hüquq mühafizə orqanlaırnda cəmi 7 avtomat silah olub. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmiryolu xətti də ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra, aprelin 27-də işğal edilib. Ağır döyüşlərdə 7 nəfər kənd sakini şəhid olub, 3 nəfəri isə ağır yaralanıb. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb”.

Həmsöhbətimizin sözlərinə görə bu gün də işğalda saxlanılan Barxudarlı dağətəyi ərazidədir: “Kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə belə adlanıb. Nəslin adı fars dilindəki bərxurdar - “arzusuna yetişən, xoşbəxt” sözündən əmələ gəlib. Sofulu – yaşayış məntəqəsinin adı əvvəllər Zəngəzur və Qazax qəzalarında yaşayan kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır. Qeyd olunan işğallar Qazax rayonunda özünümüdafiə dəstələrinin formalaşmasına səbəb oldu. Rayon erməni işğalçıları ilə döyüşlərdə yüzlərlə yaralı və 263 nəfər şəhid verdi, çox sayda insan əlil oldu. 5 nəfər Qazax rayon sakini “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb. Çətinliklərə baxmayaraq Ordumuzun əsgərləri düşmənin irəliləməsinin qarşısını alıblar. Düşmənlə yaxın təmasda olan bir çox kəndlərin əhalisi müqavimət göstərib öz dədə-baba yurdlarını tərk etməyiblər. Hazırda, əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olan işğal altındakı 7 kəndin 7 mindən çox əhalisi Qazax rayonu ərazisinin müxtəlif yerlərində məskunlaşıb və məcburi köçkün həyatı yaşayırlar. Ermənilərin ərazilərimizə qarşı təcavüzü indi də davam edir. Sərhəd kəndlər yenə də daim atəşə tutulur”.

Arzuman Əbdülkərimov deyir ki, Yuxarı Əskipara da Bərxudarlı kimi dağətəyi ərazidədir: “Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırıldı. Azərbaycan dilindəki “əski” - köhnə, qədim və “para” -yer, kənd, hissə sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində kənddəki bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə yeksan edilib. Digər işğal edilən kəndlərdə də belə dağıdılan tarixi mədəniyyət abidələri az deyil.
Qazax rayonunun işğal olunan ərazilərində mövcud olan təbii sərvətlər də tarixi mədəniyyət abidələri kimi qəddarlıqla dağıdılır və talan olunur. Sərhəd boyu yerləşən meşə sahələrində qiymətli ağac növləri; palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. ağaclar erməni işğalçı ordusu və orada yaşayan erməni əhalisi tərəfindən məhv edilir. Qızıl Hacılı - yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adından götürülüb.
Qazax Ərazi Ekologiya və təbii sərvətlər şöbəsinin balansında dövlət meşə fonduna daxil olan 45359 hektara yaxın meşə ərazisindən, əksər hissəsi dağ meşələri qrupuna aid olan meşə fondunun 2224 ha ərazisi hazırda ermənilərin işğalı altındadır. Həmin meşə sahələrində Ermənistan Respublikasının hərbiçiləri yerləşdirilıb. Meşələrin mühafizəsi demək olar ki, müəssisəsinin nəzarətindən çıxdığına görə orda baş verənlərə məsuliyyəti birbaşa Ermənistan höküməti daşıyır.

Hazırda qiymətli ağac növləri ilə zəngin olan həmin meşələrin erməni işğalçıları tərəfindən kütləvi şəkildə qırılaraq talan edilməsi davam edir. Ermənistanla 168 km-lik sərhəd boyunca yerləşən meşə sahələrində qiymətli ağac növləri: palıd, fıstıq, vələs, dəmirağac, ağcaqayın və s. kimi ağaclar yetişir. Ağaclar erməni işğalçıları və orada yaşayan erməni əhalisi tərəfindən qəddarcasına qırılaraq daşınır. Meşələrin qırılması nəticəsində həmin ərazidəki torpaqlar eroziyaya uğramağa başlayıb, mənbəyini həmin meşələrdən götürən bulaqlar quruyur və içməli suya olan təlabat artmaqda davam edir.
Aşağı Əskipara - yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağının ətəyindədir. Azərbaycan dilindəki “əski” (köhnə, qədim) və “para” (yer, kənd, hissə) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasını daşıyır. 1971-ci ildə Respublikamızın qərbində Ermənistan Respublikası ilə sərhəddə 120 min m3 su tutan Ağstafaçay su dəryaçası tikilərək istifadəyə verilib. Bəndin hündürlüyü 52 m, uzunluğu 2 km-dir. Dəryaçadan iki kanal 12,5 km uzunluğunda sol sahil kanalı və 63 km uzunluğunda sağ sahil kanalı başlanır. Dəryaça 70 min ha sahəni suvarmaq üçün nəzərdə tutulub. Dəryaçanın suyundan içmək üçün də istifadə olunur. Ağstafaçay su dəryaçası Ermənistandan gələn çayın suyu ilə qidalanır. Müxtəlif zamanlarda götürülən su nümunələrinin analizlərinin nəticələri göstərir ki, suda fenol və misin miqdarı normadan 5-10 dəfə artıq olur. Deməli Ermənistan tərəfi bilərəkdən içməli su hövzələrini çirkləndirərək beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozur. Ermənistanda yerləşən müxtəlif sənaye müəssisələrinin, o cümlədən İncevan rayonundan tütün fermentasiya, bentonit, iki şərab, yağ-pendir zavodunun, dəri aşılama fabrikinin, Dilicanda yerləşən hərbi zavodun sənaye və məişət çirkab sularının Ağstafaçay su dəryaçasını qidalandıran çaya axıdıldığını sübut etməyə ehtiyac belə yoxdur”.

Arzuman Əbdülkərimov deyir ki, Ermənistanın işğalçı ordusu Qazax rayonuna çox ziyan vurub və bu gün də vurmaqda davam edir: “Ermənilər bilir ki, Qazax camaatı onların cavabını layiqli şəkildə vercək. Anlayırlar ki, bu müharibədə heç bir müsbət nəticəyə nail ola bilməyəcəklər. Yaxın zamanda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, o zaman erməni işğalçıları öz əməllərinə görə cavab verəcəklər. Buna özlərinin şübhələri yoxdur. Azərbaycan öz torpaqlarını, torpaqlarının bir qarışını da düşmənin tapdağı altında qoymayacaq. Biz ermənilərin Qarabağdan kənar növbəti hucumlarına cavab olaraq Qazaxın 7 kəndini işğaldan azad etməliyik. Ümumilikdə bütünlüklə Qarabağ düşməndən azad edilməlidir. Düşmənin hər hucumu onun əleyhinə çevrilməlidir. Bu gün Azərbaycan ordusu işğalçını əzmək, məhv etmək iqtidarındadır”.
 
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 505          Tarix: 29-07-2020, 23:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma