Xəbər lenti

Bu gün - 7 iyul tarixində Azərbaycanın keçmiş Ağdərə rayonu və ətraf kəndlərin işğalından 27 il ötür.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayana kimi Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi.

Modern.az-ın məlumatına görə,  Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub.
1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. 

İşğala qədər azərbaycanlılar Ağdərənin əsasən 14 kəndində - Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıb.

Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası var. Ağdərənin 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi.
Əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuş məşhur Gəncəsar alban məbədi də Ağdərə ərazisindədir.

Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində (1993-cü il 7 iyul) Azərbaycan xalqına məxsus mədəni irs talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı.    

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən, Ağdərə rayonu ləğv edilmiş, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Həmin qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun hücumu nəticəsində 1992-ci ildə Ağdərə rayonu ərazisinin böyük hissəsi Ermənistan silahlılarından azad edilmişdi. Bu, 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlərdən sonra mümkün olmuşdu.  Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verdi. Qarabağ cəbhəsində döyüşən ordu birləşmələrindən birinə rəhbərlik edən qiyamçı polkovnik Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı üsyan edərək Bakıya doğru hücuma keçdi. Məhz onun rəhbərlik etdiyi ordu bölmələri Ağdərə istiqamətində öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldu. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal etdi. 

2016-cı ilin aprelində Azərbaycanın Qarabağ bölgəsində son qanlı döyüşlərin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu. Silahlı Qüvvələrimiz Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri zamanı bu istiqamətdə Seysulan kəndinini və Talış kəndinin ətrafındakı yüksəklikləri azad edib.

Hazırda Ağdərənin Tərtərə aid kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir. Ağdərə şəhəri də daxil olmaqla ərazilərin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.





Ana səhifəyə qayıt        Baxış: 3 224          Tarix: 7-07-2020, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma