Xəbər lenti


Millət vəkili, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Könül Nurullayeva Xorvatiya mətbuatı vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasəti və erməni diaspor üzvlərinin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərə yönəldib. ( https://www.geopolitika.news/vijesti/zlocini-iz-mrznje-moraju-biti-zamijenjeni-pripremom-naroda-za-mir/) 

Məqalədə qeyd olunur ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi danışıqlar prosesində konstruktiv yanaşma nümayiş etdirir. Rəsmi Bakı haqlı olaraq eyni konstruktivliyi qarşı tərəfdən də gözləyir. Amma bu gözlənti hələ ki, nəticə vermir. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri oldu: “Ermənilər sərhəddə törədikləri təxribatın ardınca dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücumlara əl atdılar. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da baş verdi.
Erməni nümayişçiləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan soydaşlarımıza hücum ediblər. Los Anceles polisi bu hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini təsdiqləyib. Bundan əlavə, polis bu zorakılıqları törədənlərə qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını da bəyan edib.”

Qeyd olunur ki, baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan Amerika Birləşmiş Ştatlarının Azərbaycadakı səfiri Örl Litzenberqer də dinc aksiya üçün toplaşan azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Səfir Litzenberqer, ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qəbuledilməzliyini qeyd edib. Məqalədə həmçinin vurğulanır ki, iyulun 22-də Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin kütləvi aksiya keçirilib. Ermənilərin daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də 1 jurnalist yaralanıb. Diplomatik missiyanın əməkdaşları da xəsarət alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.”

K.Nurullayeva Ermənistanın sülh danışıqlarında və təmas xəttində olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni aqressiyanı sərgilədiyini qeyd edib: “Təəssüf ki, məhz Ermənistanın destruktiv davranışları səbəbindən sülh danışıqlarında bu günə qədər müsbət nəticə əldə etmək mümkün olmayıb. Yada salmaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi qəbul olunduqdan və Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunduqdan sonra ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən 900-ə yaxın hərbçi şəhid olub və ya yaralanıb. Ümumiyyətlə, münaqişə dövründə 20 min soydaşımız həlak olub, 50 mindən artıq şəxs əlil olub, 6 mindən çox insan əsir və girov götürülüb. 1 milyon soydaşımız öz torpaqlarında qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur.”
Məqalədə vurğulanır ki, işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiqlər artırılmalı, nifrət zəminində törədilən cinayətlər sülh və etimad mühitinin möhkəmlənməsi ilə əvəz olunmalıdır. Bu prosesdə ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallıq göstərməlidir./musavat.com/



Ana səhifəyə qayıt        Baxış: 2 511          Tarix: 8-08-2020, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma