Bu gün Beynəlxalq Atalar Günüdür. Atalar Gününün yaranmasının kiçik tarixçəsi belədir.
Ötən əsrin əvvəllərində Amerikan vətəndaş müharibəsi qazisinin qızı olan Sonora Smart Dodd analar kimi, ataların da bir gününün olmasının vacibliyini düşünməkdəydi. Çünki Doddun atası analarının yoxluğunda altı uşağını tək başına büyütmüştü. Atasının doğum günü olan 5 İyunun Atalar Günü elan edilməsi üçün kampaniyaya başlayan Dodd lazımi hüquqi prosedurları o vaxta çatdıra bilmədiyindən, qeydolunma iyun ayının üçüncü bazar gününə təxirə salınmışdı.
Atalar Günü ilk dəfə 1910-cu ilin 19 İyununda Vaşinqtonun Spokane şəhərində qeyd olunub. Bu təşəbbüs 1924-ci ildə Amerika Birləşmiş Ştatları prezidenti Kalvin Kulic tərəfindən dəstəklənib, amma rəsmi olaraq Atalar günü elan edilməyib. 1966-ci ildə isə dövrün ABŞ prezidenti Lindon Conson təşəbbüsü rəsmiləşdirib və hər il iyun ayının üçüncü bazarı gününü Atalar Günü kimi qeyd olunacağı barədə fərman verib.
1972-cı ildə ABŞ prezidenti Riçard Niksonun imzasıyla Atalar Günü münasibətilə rəsmi tətil elan edilib.
Ovqat.com da artıq dünyanın bir çox ölkələrində qeyd olunan bu gün münasibətilə bütün ataları şair Heydər Oğuzun “Ata çörəyi” şeirilə təbrik edir:
Ata çörəyi
Yedik ölənəcən ata çörəyi,
Ana südü qədər yadda qalmadı.
İki il əmilən süd dildən düşməz,
Ata çörəyinin duzu olmadı.
Ata çörəyinin duzsuzluğundan
Əsla gətirmədik adını dilə.
Düşdü dilimizə ana dil kimi
Atanın dediyi kəlamlar belə.
Harda anamızın izini gördük,
Ona “Vətən” dedik, ona “yurd” dedik.
Ana gəlin köçdü ata yurduna
Bizsə yurdumuza “ana yurd” dedik.
Atadan geriyə qalan mirasın
Olmaq istəyincə yalnız yiyəsi,
Qardaşın haqqına təcavüz oldu
Bütün fikrimizin ana qayəsi.
Ən böyük yollara “ana yol” dedik
Analar atadan kiçik olsa da.
Hər il tək qeyd etdik ana gününü
Ona hədiyyəni ata alsa da.
Ata nəsihəti tez yaddan çıxdı,
Bir cəza kəsmədi buna yasalar.
Qaldı bir kənarda ata sözləri,
Tabumuz olarkən anayasalar.
Sanki bu dünyaya gəlişimizdə
Atanın bir izi, tozu yox imiş,
İki il əmilən süddə gücə bax,
Ata çörəyinin duzu yox imiş.
Paylaş: