Xəbər lenti


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsi

- Qüdrət bəy, Azərbaycanda yeni tədris ili yeni təhsil naziri ilə başlayır. Gözləntiləriniz nədən ibarətdir?

- İlk öncə yeni təhsil naziri Emin Əmirullayevi təyinatı münasibətilə təbrik edirəm. Yeni dərs ilinin başlaması münasibətilə sevimli balalarımızı, tələbə və şagirdlərimizi də ürəkdən təbrik edirəm. Yeni təhsil nazirinin əvvəlkilərdən fərqi odur ki, onun əmək fəaliyyəti daim təhsillə bağlı olub. Mən onun Mirşahinlə müsahibəsinə baxdım. Yaxşı təhsil alıb, təhsil haqqında geniş düşüncələrə malikdir. Təəssüf ki, həmin müsahibədə təhsilin əsas problemlərindən danışılmadı. Ümid edirəm növbəti müsahibələrdə o bu barədə də danışıb, həmin problemlərin həlli yollarını necə görür - sualına da aydınlıq gətirər.

- Sizcə təhsilin əsas problemi nədir?

- İlk növbədə repititorluq, çoxnövbəli tədris, məktəbəqədər təhsilin bütün uşaqları əhatə etməməsi, bağça problemi, təhsil kreditlərinin verilməməsi, hazırlıq kurslarının təhsil qanununa zidd olaraq başladılmaması, yataqxana problemi, müəllimlərin əmək haqlarının azlığı və bu səbəbdən dünyanın nüfuzlu universitetlərində təhsil almış istedadlı gənclərin  müəllim olmaq istəməməsi və s. Ən böyük problemlərdən biri universitetlərin elmi tədqiqat mərkəzlərinə çevrilməməsidir. Bunlar təhsilimiz qarşısında duran əsas problemlərdir.

- Repititorluğun dünyanın əksər ölkələrində olduğu vurğulanır.

- Bilirsiniz, bu kimi fikirlər diqqəti əsas problemdən yayındırmaq üçün səsləndirilir. Əvvəla təhsil sahəsində ictimai münasibətləri tənzimləmək üçün çoxlu qanunlar var və onların "Təhsil Məcəlləsi"ndə sistemləşdirilməsinə böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə dövlət orta və tam orta təhsilin pulsuz olmasını təmin etməlidir. Halbuki təhsilin bu cür bölgüsü Konstitusiyaya açıqdan-açığa ziddir. Konstitusiyanın 42-ci maddəsinin 2-ci hissəsində düzünə göstəriş var ki, "Dövlət pulsuz  icbari ümumi orta təhsil almaq hüququnu təmin edir." Amma Milli Məclisdə etirazlarıma baxmayaraq ümumi orta təhsili  orta və tam orta təhsilə bölüb tam orta təhsilin icbariliyini aradan qaldırdılar. Bundan başqa bir -iki istisna olsa da ali məktəbə hazırlaşan uşaqlar rüşvət qarşılığında məktəbdən yayınır və repititor yanına gedirlər. Erkən yaşlarından valideyinlərinin rüşvət verdiyini, özlərinin qaydaları pozduqlarını bilir və bu cür tərbiyə alırlar. Bu həm də onların təhsildə birtərəfli inkişafına və sosiallaşmasına ciddi şəkildə mənfi təsir göstərir. Gənc ailələrin büdcəsinə əhəmiyyətli dərəcədə ziyan vurmaqla yanaşı onları mədəni həyatdan, zövqlə geyinməkdən, bəzən normal qidalanmadan məhrum edir, həm ailə daxilində, həm cəmiyyətdə sosial gərginlik yaradır. Bunu aradan qaldırmaq üçün müəllimlərə normal maaş verilməli, orta məktəbin buraxılış imtahanları əsasında ali məktəblərə qəbul keçirilməlidir. Təhsil Nazirliyi dərslikləri hazırladığı, tədrisi həyata keçirdiyi və şagirlərin orta səviyyəsini daha yaxşı bələd olduğu üçün qəbul imtahanlarının suallarını da təhsil nazirliyi orta səviyyəyə uğun hazırlamalıdır. DİM Təhsil Nazirliyi tərəfindən bir il öncədən dərc olunmuş suallar sırasından imtahan suallarını seçməlidir. Bu sadə qərarları qəbul etməklə repititorluq problemini həll etmək olar. Başqa ölkələrdə repititorluq əlbəttə ki, var. Amma o hansısa predmetdən geridə qalan uşaqlar üçün təşkil olunur və bizdəki kimi kütləvi deyil və məktəb təhsilini tamamilə kənara qoymur.

Təhsildəki digər problemləri həll etmək üçün dövlət bağça və məktəb tikintisi üçün ucuz kreditlər verməli, ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Bu zaman özəl orta məktəblərdə təhsil haqqı aşağı düşər, orta təbəqə uşaqlarını həmin məktəblərə göndərər ki, bu da küçələrdə müəllimlərin evlərinə uşaq daşıyan on minlərlə avtomobili də küçələrdən yığışdırar.

Təhsili yüksək səviyyəyə qaldırmaq üçün ali məktəblərin böyük bir qismi özəlləşdirilməli, təhsil kreditləri verilməli, Milli Elmlər Akademiyası müasir bir universitetə çevrilməli, təhsilə büdcədən indikindən bir neçə dəfə artıq vəsait ayrılmalıdır. Xarici tələbələrin (Azərbaycanın gələcək lobbiçilərinin) Azərbaycanda təhsil almaları üçün onlara da yerli tələbələrlə eyni təhsil haqqı nəzərdə tutulmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 617          Tarix: 12-09-2020, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma