Xəbər lenti
 
 
Azərbaycanda anadan olmuş bir strasburqlu Fransada dəfn olunmuş azərbaycanlı əsgərlərin məzarlarını tapmaq üçün geniş araşdırmaya başlayıb. Elzasda onların sayı yüzlərlədir. Bir sözlə, söhbət İkinci Dünya müharibəsinin bir qədər unudulmuş hissəsinin araşdırılmasından gedir.
 
Ovqat.com xəbər verir ki, Fransanın DNA nəşrinin “Bir strasburqlu itkin düşmüş azərbaycanlı əsgərləri axtarır sərlövhəli məqaləsində belə bildirilir.
 
Məqalədə daha sonra deyilir:
 
 
Nicat Kazımov Strasburqda yaşayır. 27 yaşı var. O, Fransaya 2013-cü ildə təhsil almaq üçün gəlib. Elə həmin vaxtdan Elzasın paytaxtında əsasən Qafqaz ədəbiyyatı üzrə ixtisaslaşmış “Kəpəz” nəşriyyat evinin əsasını qoyub.
 
Ötən ilin avqustunda Kazımov təsadüfən Sultz-le-Bən kommunasında 10 azərbaycanlı əsgərin qeydiyyatda olduğu haqda məlumat əldə edib. Dərhal meriya ilə əlaqə saxlayaraq, həmin əsgərlərin adlarını öyrənib. Məlum olub ki, söhbət İkinci Dünya müharibəsində 1942-1944-cü illərdə həlak olmuş şəxslərdən gedir.
 
N.Kazımov həmin şəxslərin ad və soyadlarını “Facebook” sosial şəbəkəsində paylaşıb. Nəticədə siyahı xüsusilə Azərbaycanda yüzlərlə “Facebook” istifadəçisi tərəfindən də paylaşılıb. Bundan sonra Kazımov İkinci Dünya müharibəsində itkin düşmüş azərbaycanlının məzarlarını axtaran ailələrdən mesajlar almağa başlayıb.
 
Araşdırmaları davam etdirən Nicat Kazımova məlum olub ki, adlarını müəyyənləşdirdiyi 10 azərbaycanlı əsgər İkinci Dünya müharibəsi zamanı Mütziq qalasında əsir saxlanılmış 374 Sovet əsgərlərindən olublar. Onlardan bəziləri mühakimə olunaraq, güllələnib. “Almanlar onları Qafqaz legionuna daxil etmək istəyirmiş. Lakin həmin 10 əsgər bundan imtina edib və nəticədə barələrində edam qərarı çıxarılıb. Onlar əsl qəhrəmandırlar”, - deyə Kazımov bildirir.
 
Bundan sonra həmin şəxslərin məzarlarının axtarışına başlayan N.Kazlımov Strasburqdakı cənub qəbiristanlığının Sovet hissəsində onlardan ikisini tapıb. Bu, əsgərlər Molla Hüseynov və Müxlis Məmmədzadənin məzarlarıdır.
 
Kazımov bu hadisədən çox təsirləndiyini deyir. Təkcə ona görə yox ki, unudulmuş bu əsgərlər onunla eyni ölkədəndir. Nicatı təsirləndirən həm də bu itkin şəxslərin taleyinin onların ailələri üçün hələ də müəmma olaraq qalması, ailələrin məlumatsızlıqdan əziyyət çəkməsidir. “Bu ailələrlə telefon danışığım olub. Təxminən əlli yaşlarında olan bir nəfər telefon söhbətimiz zamanı ağlayırdı. O, babasının başına gələnlərdən xəbər tutmaq üçün uzun illər araşdırma aparıb”, - deyə Kazımov qeyd edir.
 
Daha bir nəfər itkin düşmüş qardaşının taleyi haqda uzun-uzadı araşdırma aparıb. O, ailə üzvlərinə vəfat etdiyi zaman məzarı üzərinə itkin düşmüş qardaşının da şəklinin vurulmasını vəsiyyət edib.
 
Belə hallardan təsirlənən Nicat Kazımov Fransada dəfn olunmuş azərbaycanlı əsgərlərinin qəbirlərini tapmaq qərarına gəlib. Bu məqsədlə o, Sovet əsgərlərinin dəfn olunduğu yerlərə getməyi, bundan əvvəl isə İkinci Dünya müharibəsi zamanı burada həlak olmuş Sovet vətəndaşları arasında azərbaycanlıları tapmağı düşünür.
 
İkinci Dünya müharibəsi illərində Fransada 518 qəbiristanlıqda 9661 Sovet əsgəri dəfn edilib. Tarixçilər deyir ki, müharibə zamanı Fransa ərazisində Sovet məhbuslarının saxlandığı 200-dən çox düşərgə olub.
 
Fransada istər həbsdə ölən hərbi əsirlərin, istər Vermax tərəfdən vuruşmuş, döyüşlərdə həlak olmuş, istərsə də hərbi əsir düşərgələrindən qaçaraq Fransa Müqavimət Hərəkatının sıralarında döyüşərək həyatını itirmiş əsgərlərin fərdi və kütləvi məzarları var. O illərdə bir çox mülki şəxsin də öz yurdundan didərgin düşərək, Fransada işləmək məcburiyyətində qaldığı da bəllidir.
 
Bir sözlə, Nicat Kazımov axtarışları davam etdirir. O, topladığı faktlar əsasında kitab çap etmək, yaxid sənədli film hazırlamaq niyyətindədir.
 
Olivye Klodon
 


Ana səhifəyə qayıt        Baxış: 3 582          Tarix: 21-09-2020, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma