Xəbər lenti


Moskva əvvəlki inadkar mövqeyindən geri çəkildikdən sonra Birləşmiş Ştatlar bəyan edib ki, iki ölkə arasında nüvə silahlarına nəzarətə dair sonuncu qüvvədə olan sazişin – Yeni START müqaviləsinin etibarlılıq müddətinin bir illliyinə uzadılmasına dair təcili danışıqlara hazırdır.

Rusiya bildirib ki, müqavilənin müddətinin uzadılması dövründə nüvə başlıqları sayının dondurulması tələbinə razıdır. Lakin Moskva Vaşinqtonun da eyni addımı atmasını istəyir.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus oktyabrın 20-də deyib ki, Vaşinqton Rusiya Federasiyasının nüvə silahlarına nəzarət istiqamətindəəməkdaşlıq etməyə hazır olmasını yüksək qiymətləndirir. Sözçü bildirib ki, ABŞ bu razılaşmanın imzalanması üçün təcili qaydada hərəkətə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyinin oktyabrın 20-də verdiyi bəyanatda deyilir ki, Moskva əgər Vaşinqton yeni tələblərlə çıxış etməzsə, sözü gedən müqaviləni uzatmağa və nüvə başlıqlarının sayını dondurmağa hazırdır.

"Azadlıq" radiosu yazır ki, Rusiyanın təklifi Yeni START müqaviləsinin uzadılması ilə bağlı Vaşinqton və Moskva arasındakı ixtilafı xeyli azaltmış olur. Ötən həftə Vaşinqton Rusiyanın bu müqavilənin müddətini qeyd-şərtsiz olaraq bir il müddətinə uzatmaq təklifini rədd etmişdi. Ağ Evin milli təhlükəszlik müşaviri Robert Olbrayn oktyabrın 16-da demişdi ki, Rusiyanın ilkin təklifi qeyri-məqbuldur, çünki nüvə başlıqlarının dondurulmasını nəzərdə tutmur.

2010-cu ildə imzalanmış Yeni START müqaviləsi iki ölkənin strateji nüvə cəbbəxanasına məhdudiyyətlər qoyur. Bu müqavilə Moskvanın istədiyi kimi 5 il müddətinə avtomatik uzadıla da bilərdi. Ağ Ev bundan əvvəl Rusiya ilə olan bütün böyük nüvə silahı razılaşmalarından birtərəfli qaydada çıxıb. Vaşinqton Rusiyanı bu müqavilələrin şərtlərini pozmaqda ittiham edir.

Tramp administrasiyası Rusiya ilə nüvə razılaşmalarına Çinin də qoşulmasını istəyir. Lakin Pekin bu təklifdən qəti şəkildə imtina edib. Ötən ayın əvvəllərində Rusiya və Birləşmiş Ştatlar Helsinkidə Yeni START müqaviləsinin uzadılması üçün 11 saatlıq danışıqlarda olmuşdular. O vaxt Vaşinqton bildirmişdi ki, onun müqavilənin müddətinin uzadılmasına razılaşması üçün Rusiya öz nüvə başlıqlarını dondurmağa razılıq verməlidir.

Kreml bu təklifi dərhal rədd etmişdi. Oktyabrın 13-də Avropa İttifaqının 75 millət vəkili Yeni START müqaviləsinin uzadılmasına çağırmışdı. (azadliq.org)



Ana səhifəyə qayıt        Baxış: 3 230          Tarix: 21-10-2020, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma