Xəbər lenti


IRNA, İran
13.11.2020


Dağlıq Qarabağda gedən müharibənin başa çatması haqda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyannamə azərbaycanlı qaçqın və köçkünlərin ən qısa müddətdə Dağlıq Qarabağdakı yurdlarına qayıtmalarına imkanı yaradıb.

Ermənistanla Azərbaycan arasında sentyabrın 27-də başlamış və 44 gün davam etmiş hərbi toqquşmalar Azərbaycanın 27 ildən çoxdur erməni işğalı altında olan bir çox ərazisini azad etməsilə nəticələnib. Bu, Azərbaycan cəmiyyətində, xüsusilə azərbaycanlı müharibə qaçqınlarında, nəhayət, Dağlıq Qarabağdakı evlərinə qayıda biləcəklərinə əminlik yaradıb.

Birinci Qarabağ müharibəsi və bölgədən qovulmuş 700 mindən çox Azərbaycan vətəndaşı
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni separatçılarının Ermənistanın açıq dəstəyilə əl atdığı təxribatlar Sovet İttifaqının dağılmasından sonra – 1992-1994-cü illərdə Cənubi Qafqazın yenicə müstəqillik qazanmış iki respublikası arasında müharibəyə çevrilib. Müharibə nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisinin 20%-i – Dağlıq Qarabağ bölgəsi və bir sıra digər rayonları (Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Qubadlı və Kəlbəcər) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal 700 mindən çox insanın Qarabağdan qovulması ilə nəticələnib.
Bundan başqa, Azərbaycanın rəsmi mənbələrinə görə, müharibə ərəfəsində Ermənistanın müxtəlif şəhərlərində, o cümlədən Yerevanda yaşayan 250 minədək azərbaycanlı da oradan deportasiya edilib.

Azərbaycan rayonlarının erməni qüvvələri tərəfindən işğalı bölgənin mülki azərbaycanlı əhalisi üçün böyük humanitar fəlakətlərə yol açıb. Xüsusilə 26 fevral 1992-ci ildə erməni qüvvələri Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərinin yaxınlığındakı müdafiəsiz Xocalı şəhərinə hücum edərək uşaq, qadın,  qoca demədən, təxminən 700 nəfəri qətlə yetirib. Bu zaman mindən çox mülki şəxs girov götürülüb. Bu, yaşanmış faciənin bariz nümunəsidir.
Yeri gəlmişkən, ötən 28 ildə Bakı Xocalı şəhərinin müdafiəsiz sakinlərinin kütləvi qətliamının beynəlxalq səviyyədə hərbi cinayət kimi tanınması üçün davamlı cəhdlər göstərib.

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin 20%-ni itirməklə yanaşı, 30 mindən çox insan təlafatı da yaşayıb. Yüz minlərlə müharibə qaçqınının yaranması isə Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsinə öz mənfi təsirini göstərib.
28 illik nəticəsiz danışıqlar və beynəlxalq vasitəçilərə qarşı məyusluq

1992-ci ildən ATƏT-in ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edir. Lakin onların 28 illik fəaliyyəti heç bir nəticə verməyib. Məhz bu üzdən artıq ölkə ərazilərinin işğal altında qalmasına dözməyən Azərbaycan cəmiyyəti problemin yalnız hərbi yolla çözülə biləcəyi qənaətinə gəlib. Azərbaycanlı ekspertlər hesab edirdilər ki, münaqişənin həll olunmamasının səbəblərindən biri məhz Minsk qrupunun vasitəçilik missiyasını yerinə yetirə bilməməsidir. Bununla yanaşı, Ermənistanın inadkar, qeyri-konstruktiv mövqeyi də səbəblər arasında idi. Məsələ ondadır ki, bütün ötən illər ərzində Ermənistanın başında birinci Qarabağ savaşında hərbi komandir olmuş şəxslər dayanıb və onlar heç zaman güzəştə, kompromisə razı olmayıblar.

Lakin istənilən halda, ötən illər ərzində Ermənistan və Azərbaycan prezidentləri arasında vaxtaşırı danışıqlar aparılırdı. Danışıqlar masasında münaqişənin həllini nəzərdə tutan “Madrid prinsipləri” adlı sənəd də var idi. Lakin Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən keçən iki ildə müzakirələr tamamilə dayandırılmışdı.

Xatırladaq ki, “Madrid prinsipləri” Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tuturdu. Sənədə əsasən, ilkin mərhələdə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş beş rayonundan, daha sonra iki rayonundan çıxarılmalı, yalnız bundan sonra Dağlıq Qarabağın siyasi və hüquqi statusu danışıqlar yolu həll olunmalı idi.

Azərbaycanlı ekspertlərin fikrincə, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra səsləndirdiyi bir sıra bəyanatlar bütün bu planlara son qoyub, danışıqlar prosesinə zərbə vurub, nəticədə müzakirələrin davam etdirilməsi mənasını itirib. Azərbaycan xalqının səbirini daşdıran məqam isə Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı, ardınca isə qondarma “DQR” rəhbərinə Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşada “andiçmə mərasimi”nin keçirilməsi olub.

Bir sözlə, Ermənistanın hazırkı baş nazirinin hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar demək olar ki, tamamilə dayandırılmış, nəticədə artıq bu istiqamətdə hansısa irəliləyişin olacağına ümid qalmamışdı.
İkinci Qarabağ müharibəsinin sonu və sülh şəraiti
Beləliklə, 2 aya yaxın davam etmiş ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusu strateji şəhər sayılan Şuşa başda olmaqla, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bir çox ərazisini azad edib.

Şuşa şəhəri 1752-ci ildə Qarabağ xanı Pənahəli Xan tərəfindən Qarabağ bölgəsinin ən yüksək hündürlüyündə qala şəhər kimi qurulub. O, tarix boyu Azərbaycan xalqının mədəniyyət və incəsənət beşiyi sayılıb. Azərbaycanın bir çox mədəniyyət və incəsənət xadimi məhz bu şəhərdə doğulub.
Şuşa erməni qüvvələri tərəfindən 1992-ci ildə işğal olunmuşdu. Bu işğal Azərbaycan xalqına həqiqətən ciddi mənəvi zərbə vurmuşdu. Odur ki, bu şəhərin azad edilməsi digər tərəfdən strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyırdısa, digər yandan, Azərbaycan üçün şərəf, ləyaqət məsələsi sayılırdı. Məhz Şuşanın azad olunması ilə Dağlıq Qarabağın mərkəzi sayılan Xankəndi şəhəri nəzarətə götürülürdü. İkinci Qarabağ müharibəsinin dönüş nöqtəsi məhz bu olub.

Şuşa şəhərinin azad olunmasından sonra işğal altındakı digər ərazilərə nəzarət Azərbaycan Ordusu üçün çətin deyildi. Bu, Dağlıq Qarabağdakı erməni qüvvələrinin tam məğlubiyyətini qaçılmaz edirdi.

Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri Dağlıq Qarabağda müharibənin başa çatmasına dair birgə bəyanatı məhz bu şəraitdə imzalayıblar. Azərbaycan prezidenti İlham Əliyev bəyanatın şərtlərini dövlət televiziyası vasitəsilə canlı yayımlanan müraciətində açıqlayıb. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, Dağlıq Qarabağ ərazisində gedən hərbi qarşıdurmalar noyabrın 10-u, saat 00:00-dan etibarən (Moskva vaxtı ilə) tamamilə dayandırılıb.

Bundan başqa, razılığa görə, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-nə, Ağdamı 20-nə, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır.
Dağlıq Qarabağ bölgəsindəki ön cəbhədə, o cümlədən Laçın dəhlizi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulur (1960 hərbçi, 90 zirehli texnika, 380 hərbi texnika). Onların bölgəyə Ermənistan qoşunlarının Qarabağdan çıxması ilə eyni vaxtda yerləşdirilməsi razılaşdırılıb. Rusiyalı hərbçilər burada ən azı 5 il qalacaq.

Sənədə əsasən, müharibə qaçqınları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara qayıdacaqlarlar.

Birgə bəyanat çərçivəsində əldə olunan razılaşmalardan biri də, bölgədəki quru nəqliyyat marşrutlarının bərpası, sülhməramlı qüvvələrin nəzarəti altında Azərbaycanən əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə quru yolu marşrutunun yaradılmasıdır.
İlham Əliyev bu üçtərəfli sənədin imzalanmasını Azərbaycan üçün mühüm nailiyyət adlandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə sənədi imzaladığını “Facebook” sosial şəbəkəsindəki səhifəsindən elan edib. O, bəyanatı “dərin təhlillər nəticəsində, Dağlıq Qarabağ müharibəsinə son qoyulması üçün” imzaladığını bildirib: “Mən həm özüm, həm də erməni xalqı üçün çox, çox çətin bir qərar verdim”.

Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə və azərbaycanlı qaçqınlara kömək səyləri
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bir neçə rayonu Araz çayı boyunca, İran sərhədi yaxınlığında yerləşirdi. O zaman Azərbaycan rəsmiləri, bəzi keçmiş hərbçilər də etiraf edirlər ki, İran İslam Respublikasının vaxtında müdaxiləsi olmasaydı, azərbaycanlı müharibə qaçqınları daha böyük fəlakətlə üzləşə bilərdilər. Onlar həmin illərdə İranın erməni qüvvələri tərəfindən mühasirəyə alınmış Zəngilan rayonunun sakinlərinə vaxtında yardım etdiyini hər zaman vurğulayırlar. Məsələ ondadır ki, Tehran öz sərhədlərini bu sərhədyanı rayonun sakinlərinin üzünə açmasaydı, Zəngilan əhalisinin kütləvi qətliamı qaçılmaz olacaqdı.

Bu yaxınlarda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də bu haqda danışıb: “Birinci Qarabağ müharibəsi zamanı 400 min azərbaycanlı erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. O vaxt İranın köməyi olmasaydı, bu insanlar həlak ola bilərdi”.

Həmin illərdə Sovet İttifaqı yeni dağılmış, Azərbaycan müstəqilliyini təzə qazanmışdı. Odur ki, respublika çox ağır iqtisadi vəziyyətdə idi. Belə bir şəraitdə yüz minlərlə azərbaycanlı müharibə qaçqını ölkənin müxtəlif şəhər və rayonlarında qurulmuş çadır düşərgələrində yaşayırdı. İran İslam Respublikası həmin çətin anlarda Azərbaycanın köməyinə yetişib, ona böyük humanitar yardımlar göstərib, uzun illər boyu bir neçə qaçqın düşərgəsinin tam təchizatını öz üzərinə götürüb. Bunu Azərbaycan rəsmiləri də dəfələrlə dilə gətirib, eyni zamanda, Tehranın Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə siyasi dəstək verdiyini bildiriblər.

İkinci Qarabağ müharibəsinin başlaması ilə də İran savaşın dayandırılması, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün diplomatik səylərini artırıb. Müharibənin davam etdiyi bir vaxtda İran xarici işlər nazirinin müavini Tehranın münaqişəyə son qoyulması ilə bağlı təkliflər planını təqdim etmək üçün Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə yollanıb, orada sözügedən planla bağlı müzakirələr aparıb.
Ümumiyyətlə, Tehran Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini hər zaman açıq şəkildə ortaya qoyub. Ölkənin ali rəhbəri də Həzrət Peyğəmbərin (s) mövludu günündə etdiyi çıxışda bildirmişdi ki, Dağlıq Qarabağın işğal olunmuş əraziləri Azərbaycana aiddir və ona qaytarılmalıdır.
İkinci Qarabağ müharibəsi və Azərbaycan cəmiyyəti

Artıq qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurma sentyabrın 27-də yenidən başlamışdı. Amma onlar arasında hələ iyulda da hər iki tərəfdən itkilərə səbəb olmuş toqquşmalar olmuşdu. Bölgədə gərginlik də məhz ondan sonra artmışdı. O vaxtdan tərəflər arasında yeni toqquşmaların başlaya biləcəyilə bağlı proqnozlar səsləndirilirdi.

Üstəlik, artıq Azərbaycan cəmiyyətində də belə bir düşüncə hakim idi ki, artıq Dağlıq Qarabağın işğalına yalnız hərbi yolla son qoyula bilər. Azərbaycanlı ekspertlər hesab edirdilər ki, Bakının birinci Qarabağ müharibəsində məğlubiyyətlə üzləşməsi lazımi iqtisadi və hərbi gücünün olmamasından, eyni zamanda, ölkədəki siyasi ziddiyyətlərdən qaynaqlanırdı. Həmin illərdə müxtəlif siyasi qüvvələr ərazi bütövlüyünün qorunması ilə deyil, siyasi mübarizə ilə məşğul idilər. Bununla yanaşı, Xalq Cəbhəsi hakimiyyətinin bəzi düşünülməmiş addımları da səbəblər arasında göstərilir.

Son 20 ildə isə Azərbaycan neft gəlirləri sayəsində görünməmiş dərəcədə inkişaf edib, iqtisadi gücünün artırıb, müasir silahlarla təchiz edilmiş güclü ordu yaradıb. Bu dövrdə Azərbaycan hərbçiləri Türkiyə, Rusiya və NATO-nun ali hərbi məktəblərində təhsil alıb, təlim keçib, ordunun qabaqcıl hərbi texnika, Türkiyə, İsrail və digər ölkələrdə istehsal edilən müasir silahlarla təchiz olunub. Nəticədə Azərbaycan Ordusunun döyüş qabiliyyətini qat-qat artıb. Ölkənin Dağlıq Qarabağdakı son hərbi döyüşlərdə qazandığı uğurlar məhz bundan irəli gəlir.
Yeri gəlmişkən, Azərbaycan Ordusunun döyüşlərdəki hərbi üstünlüyünü artıq Ermənistan rəsmiləri və hərbçiləri də etiraf edib. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyan hələ döyüşlərin getdiyi günlərdə yerl televiziyaya açıqlamasında bəzi mövqelərdə Azərbaycan qüvvələrinin erməni qüvvələrindən 12 dəfə çox olduğunu deyirdi: “Azərbaycan döyüşlərdə müasir silahlardan, o cümlədən müasir pilotsuz təyyarələrdən, raketlərdən, hava hücumundan müdafiə sistemləri və qabaqcıl telekommunikasiya sistemlərindən istifadə edir. Müasir hərbi texnika ilə təchizat baxımından tərəflərin imkanları bərabər deyil”.

Ekspertlərin fikrincə, birinci Qarabağ müharibəsindən fərqli olaraq, son hərbi döyüşlər zamanı Azərbaycan cəmiyyətində birlik və vəhdət, dövlətə və orduya tam inam da mövcud idi. Onların sözlərinə görə, bir çox siyasi qüvvələr, o cümlədən Azərbaycan iqtidarına müxalif partiya və təşkilatlar Dağlıq Qarabağda hərbi qarşıdurmanın başlaması ilə dövlətə tam dəstək verdiklərini bəyan ediblər. Azərbaycan cəmiyyətində belə bir düşüncə hakim idi ki, erməni qüvvələrinin işğalına son qoyulması, azərbaycanlı müharibə qaçqınlarının Dağlıq Qarabağdakı evlərinə qayıtması üçün tarixi fürsət yaranıb və bu fürsətdən istifadə etmək lazımdır.

Daha bir vacib məqamı qeyd etmək yerinə düşər: birinci Qarabağ müharibəsindən fərqli olaraq, bu dəfə Azərbaycanın raket, artilleriya atəşinə tutulan yaşayış məntəqələrinin sakinləri bir an belə, torpaqlarını tərk etməyib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)



Ana səhifəyə qayıt        Baxış: 2 918          Tarix: 13-11-2020, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma