Xəbər lenti


Sentyabrın 27-də Ermənistan-Azərbaycan müharibəsi yenidən başlayıb, Ermənistan Azərbaycan qüvvələrinin təzyiqi ilə ciddi hərbi geriləmələr yaşayıb. O, 1993-cü ildə işğal etdiyi, azərbaycanlıların yaşadığı ərazilərin əksəriyyətini itirməklə kifayətlənməyib: Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağa irəliləyərək noyabrın 8-də strateji və rəmzi şəhər olan Şuşanı ələ keçiriblər.

Son bir neçə ildə Azərbaycana qarşı getdikcə daha iddialı və davakar ritorikasını nəzərə alaraq, Ermənistan qəfil yaxalanıb. Niyə münaqişə erməni liderlərinin təsəvvür etdiyi kimi nəticələnməyib?

Səbəb Ermənistan rəhbərliyinin bu münaqişə ilə bağlı demək olar ki, hər şeyi səhv qavramasında gizlənir: daha geniş beynəlxalq mühit, Rusiyanın təpkisi, Türkiyənin münaqişədəki rolu, eləcə də düşməni olan Azərbaycanın daxili dinamikası.

Ermənistan-Azərbaycan münaqişəsinDə hər zaman dərin bir paradoks olub. O, Azərbaycan əhalisinin üçdə biri qədər əhaliyə sahibdir, təbii ehtiyatları və mühüm geosiyasi mövqeyi yoxdur. Ancaq müharibəni 1990-cı illərin əvvəllərində, əsasən iki amilə görə udub: Azərbaycanın daxili qarışıqlığı və Rusiyanın İrəvanı dəstəkləməsi. Bu amillər Ermənistanın Dağlıq Qarabağı və bu anklavı əhatə edən, 750 min azərbaycanlının qaçmaq məcburiyyətində qaldığı daha böyük əraziləri ələ keçirməsinə kömək edib.

Qələbə Ermənistanda keçən aya qədər davam edən hərbi üstünlük hissinin əsasını qoyub. Ancaq diplomatik baxımdan, qısa müddətdə Ermənistanın çeynəyə biləcəyindən daha çox dişləm vurduğu aydınlaşıb. Xalqın faciəli tarixinə istinadla, Ermənistan böyük ölçüdə beynəlxalq xoş məramdan bəhrələnib. Lakin İrəvanın ərazi irəliləməsi və 1993-94-cü illərdə azərbaycanlıları etnik təmizləməsi bu düşüncəni dəyişdirib.
1996-cı ilədək BMT və ATƏT kimi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr dünya dövlətlərinin, işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ ermənilərinə status verilməsi ilə, münaqişənin həllini dəstəklədiyini aydın şəkildə göstərib.

Amma Ermənistanın işğal etdiyi ərazilərin genişliyi həm Azərbaycan rəhbərliyinə, həm də cəmiyyətə vəziyyətlə barışmamağı təmin edib. Azərbaycanda güclü revanşizm hissi yaranıb və Bakı, ölkənin misilsiz neft gəlirlərinin ciddi bir hissəsini ordusuna yönəldib. İki ölkə arasındakı artan uyğunsuzluq getdikcə dözülməz hal alıb. Ermənistan hərbi irəliləməsinin qarantı olaraq gördüyü Rusiyadan hərbi asılılığını dərinləşdirib.

Əslində, Ermənistan zamanın onun tərəfində olduğuna inanıb. 2008-ci ildəki ikitərəfli zərbədən – Gürcüstanda müharibə və qlobal maliyyə böhranından sonra Moskvaya arxalanma olduqca ağıllı görünüb. Qərb Qafqazdakı sevimli ölkəsinin hərbi məğlubiyyətinin qarşısını ala bilməyib, maliyyə böhranı onun bölgədən tədricən ayrılmasına səbəb olub. Həmin il Kosovanın elan olunan müstəqilliyi – ikinci alban dövlətinin yaranması – ermənilərə Dağlıq Qarabağ üçün presedent kimi görünüb. Onların ümidləri Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ilə daha da böyüyüb. Nəticə etibarilə, Ermənistan ATƏT-in rəhbərli ilə münaqişəyə dair danışıqları əsasən dayandırıb və buna ciddi zərurət görməyib.

2016-cı ilin aprelində gərginliyin artması 1994-cü ildən bəri ilk dəfə Azərbaycanın işğal altında olan bəzi ərazilərə nəzarəti bərpa etdiyi dördgünlük müharibəyə səbəb olub. Moskva bir neçə gündən sonra atəşkəs haqqında danışıqlar apararkən, Azərbaycanın irəliləmələrini dayandırmağa və ya əraziləri geri qaytarmağa müdaxilə etməyib. Bu, İrəvanda həyəcan təbilinin çalınmasına səbəb olmalı idi. Ancaq qəribədir ki, bunun əvəzinə, Ermənistanın mövqeyi sərtləşib.

İlk dəyişiklik semantik idi. Bir çox erməni siyasətçi, əvvəllər Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın güzəştlərini təmin etmək üçün təhlükəsizlik tamponu və danışıqlar çipi kimi, tədricən Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri “azad edilmiş ərazilər” adlandırmağa başlayıb. Artıq Ermənistan təcili və qeyd-şərtsiz Azərbaycana qaytarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadan bu əraziləri verməyəcəyini bildirib.

2018-ci ilin yazında, “məxməri inqilab”dan sonra Nikol Paşinyan hakimiyyətə yiyələndikdə, ilk növbədə, sülh prosesini yenidən başlamağa hazır olduğu deyib. Sözsüz ki, Azərbaycan elitası onun gəlişini məmnuniyyətlə qarşılayıb: Bakı Ermənistanın daxili qarışıqlığı dövründə hərbi əməliyyatlara başlamaq fürsətindən istifadə edib. Sülh üçün ortağının olacağını ümid edən Bakı, Paşinyana iqtidarını möhkəmləndirmək üçün möhlət verməyə hazır görünüb. Əliyev və Paşinyan 2018-ci ilin oktyabrında Düşənbədə görüşəndə, gərginliyin azaldılmasına razı olublar. Sülh perspektivləri uzun müddətə nisbətən daha yaxın görünüb.

Ancaq sonra bir şey dəyişib. 2019-cu ilin may ayında Paşinyan ATƏT-in 2007-ci ildən bəri danışıqlar üçün tərtib etdiyi “Madrid prinsipləri”ni rədd edib. O, Dağlıq Qarabağdakı yerli rəhbərliyin iştirakını tələb edərək danışıqların formatını dəyişdirməyə çalışıb. Fəqət 2019-cu ilin avqust ayında Qarabağın paytaxtında çıxış edərək “Qarabağ Ermənistandır, vəssəlam” deyib və 1980-ci illərin sonlarında münaqişəyə səbəb olan Ermənistanla Qarabağın birləşmə mövzusunu yenidən gündəmə gətirib.

Bu iki açıqlama sadəcə ziddiyyətli idi: əgər Qarabağ Ermənistandırsa, niyə masa arxasında yer tutmalıdır? Həm də ərazinin statusu ilə bağlı danışıqlara ehtiyac qalırdımı?

Keçidin başqa əlamətləri də var idi. Paşinyanın arvadı Anna 2018-ci ildə “qadınlar sülh naminə” hərəkatına başlayıb, yayda qadınlar üçün hərbi hazırlığı təşviq etmək məqsədi ilə əlində avtomat tutaraq hərbi uniforma geyinib. Paşinyanın oğlu da könüllü olaraq işğal altındakı ərazilərdə xidmətə yollanıb.

Ermənistanın hərbi strategiyası da dəyişib: həmin il hökumət daxilində təsiri sürətlə artan müdafiə naziri David Tonoyan Ermənistanın indi danışıqlar üçün əsas rolunu oynamış “sülh qarşılığında torpaq” məntiqini rədd və bunun əvəzinə, “yeni ərazilər üçün yeni müharibələr” strategiyasını qəbul etdiyini bildirib.

Bu, yerdəki vəziyyəti dəyişdirən iddialı addımlarla birləşdirilib: Ermənistan nisbətən açıq şəkildə Suriyadan və Livandan olan etnik erməniləri işğal altındakı ərazilərə yerləşdirməyə başlayıb, yerlərdə yeni faktlar yaradıb və Bakıda qərarlılıq hissini artırıb. İrəvanın mövqeyi ən yaxşı şəkildə Paşinyanın 2020-ci ilin avqust ayında BBC-nin “Hard Talk”-a müsahibəsində ifadə olunub və hirslənən aparıcı Stiven Sakurda “Siz açıq-aşkar sülh tərəfdarı deyilsiniz” qənaəti doğurub.

Ancaq erməni liderlər daha da irəli gediblər: bəlkə də, səhvən Türkiyəni mübahisəyə cəlb edən addımlar atıblar. Bu ilin iyul ayında münaqişə zonasından şimalda, mübahisəsiz Ermənistan-Azərbaycan sərhədində döyüşlər başladıqda, Türkiyədə Ermənistanın Azərbaycan nefti və qazını nəql edən enerji infrastrukturunu təhdid etməsi qorxusu yaranıb. Ardınca avqustun əvvəlində, Ermənistan prezidenti və baş naziri, həm də Türkiyənin şərqində erməni dövlətinin yaradılmasını nəzərdə tutan Sevr müqaviləsinin 100-cü ildönümünü qeyd ediblər.
Bu inkişaflar Ermənistan liderlərinin ən azı 4 ciddi səhvini vurğulayır.

Birincisi, “azad edilmiş ərazilər” ritorikası beynəlxalq hüquq və təsisatların zəifləməsindən istifadə etmək üçün məkrli cəhdi əks etdirir.
20 il ərzində Azərbaycan səylərini diplomatik və beynəlxalq təzyiqlərlə Ermənistanın beynəlxalq sərhədləri hərbi güc yolu ilə dəyişdirmə cəhdinin qarşısını almağa yönəltmişdi. Zəifləyən beynəlxalq nizam Ermənistana bu torpaqlar üzərindəki nəzarətini sonsuza qədər davam etdirmək üçün sərbəstlik yaradıb. Ermənistan rəhbərliyinin görməməzliyə vurduğu budur ki, eyni beynəlxalq nizam Azərbaycanı diplomatiyanı tərk etmək və məsələni hərbi yolla həll etməkdən çəkindirib.

2019-cu ildə Prezident İlham Əliyev “hərbin haqlı üsul olduğu” bir dünyanın meydana gəldiyini qeyd edərək, Azərbaycanın diplomatiya yolu ilə hədəflərinə çata bilməyəcəyi təqdirdə, buna uyğun davranacağını söyləyib. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərinin beynəlxalq səviyyədə tanınmamasının nəticələrini dərk etməyib. Son hadisələrdən də aydın olduğu kimi, döyüşlər beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərində getdiyi müddətdə, Qərb və ya digər güclər təmkin və danışıqlar çağırışı etməkdən başqa bir şey tapmayıb.

Əli gətirməyən poker oyunçusu kimi, İrəvan bunun əvəzinə, Bakını qəzəbləndirən bleflər edib. Moskvanın Ermənistanı xilas etməsi mümkün olsa da, bu ehtimal çox kiçikdir. Putin Paşinyana və onun hakimiyyətə gəlişinə dərin inamsızlıq göstərir və yəqin ki, üzünə bir şillə vurduğunu görməklə kifayətlənir – bəlkə də, köhnə rejimin Yerevanda yenidən hakimiyyətə qayıdacağı ümidi ilə.

Avqust ayında İlham Əliyevin hökumətindəki rusiyapərəst qüvvələri təmizləməsi və Putinə açıq şəkildə Rusiyanın Ermənistana hərbi təchizatı barədə şikayət etməsi diqqət çəkir. Putinin ehtiyatlı yanaşması Qafqazın ən strateji əhəmiyyəti olan ölkəsi üzərində bəzi təsir alətlərini qoruyub saxlamaq üçün Azərbaycanla xoş davranmağın zəruriliyini əks etdirə bilər. Erməni liderlər, Rusiyanın bütün səs-küyünə baxmayaraq, Moskvanın həm regional, həm də dünya miqyasında zəifləməsini görməyə bilər. İşlər dəyişə bilsə də, Rusiya indiyədək bu müharibəyə qəti şəkildə müdaxiləsindən az fayda qazanıb və sülhməramlılarını münaqişə bölgəsinə yerləşdirməkdən kifayətlənmiş görünür. Ümumən, Ermənistan ritorikasının təklif edə biləcəyindən daha çox təcrid olunub.

Üçüncüsü, erməni liderlər Cənubi Qafqaz və Yaxın Şərq arasında artan əlaqələri, xüsusən, Türkiyənin bölgədəki rolunu düzgün təhlil edə bilməyiblər. 2015-ci ildən bəri Türk dövləti içərisində güclü millətçi dalğa yüksəlib və getdikcə Türk xarici siyasətinin parametrlərini təyin edib. Prezident Rəcəb Tayyib Ərdoğan – özü milliyyətçi deyil, islamçıdır – daha çox millətçi istiqamətə yönəldilib ki, bu da Ankaranın həm Suriyada, həm də Liviyada Moskvaya meydan oxumasına səbəb olub.

Ermənistan üçün, Türkiyə PUA-larının, heç olmasa Liviya məsələsində Rusiyanın hava hücumundan müdafiəsini alt-üst etməsindən ciddi həyəcan keçirtməli və böyük həyəcan duymalı idi. Ərdoğanın Qarabağın Türkiyə və  Azərbaycan üçün çox vacib olduğu barədə açıq xəbərdarlığına baxmayaraq, Ermənistan liderləri Türkiyənin münaqişə ilə bağlı mövqeyinin dəyişməsini gözləmirdi. Əslində, bu yay Sevr müqaviləsini qəbul etmə ilə onlar bu dəyişikliyi sürətləndiriblər.

Nəhayət, erməni liderlər Azərbaycanda son daxili çevrilməni qavraya bilməyiblər. İlham Əliyevi illər boyu ətrafındakı müxtəlif oliqarxlardan əziyyət çəkirdi. Ancaq son bir neçə ildə Azərbaycan lideri dövləti daha səmərəli etmək üçün geniş bir təmizləməyə başlayıb. Əliyev 17 il əvvəl atasından təhvil aldığı rejimin zəncirlərindən qurtulurdu. Erməni liderlər Əliyevin daha iddialı yanaşmasının Azərbaycanın ən aktual probleminə, həll olunmamış münaqişə və Azərbaycan ərazilərinin işğalına təsir göstərəcəyini anlamayıb, baxmayaraq ki, Əliyev dəfələrlə bu vəziyyətdən böyük məyusluğunu bildirib.

Bəs niyə erməni liderləri bu səhv hesablamaları ediblər?
Bir neçə səbəb ağlabatandır.

Son illər dünya sürətlə dəyişib, qlobal və regional proseslər arasındakı qarşılıqlı təsirləri izləmək üçün əhəmiyyətli dərəcədə rahatlıq və analitik bacarıq tələb olunur. Erməni liderlər öz təbliğatları ilə kifayətləniblər. Bu, uğursuzluqlarının miqyasını açıqlamır, amma bunu yalnız Ermənistanın daxili siyasətinin daha dərindən təhlili ilə izah etmək olar.

Artıq aydındır ki, 2018-ci ildə küçə etirazçılarının lideri kimi iqtidara gətirilməzdən əvvəl siyasi təcrübəsi olmayan baş nazir Nikol Paşinyan ölkəsinin və bölgənin geosiyasətini anlaya bilməyib. Ancaq bu həm də Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən daim səhv qavranılıb, öz növbəsində, bu elita Qarabağdakı rəhbərliklə uyğunlaşıb və Moskva ilə imtiyazlı əlaqələr saxlayıb.

Paşinyanın iqtidarını möhkəmləndirmək üçün getdikcə sərt millətçi mövqe tutaraq rəqiblərini üstələməyə çalışıb, son dərəcə qeyri-sabit bir vəziyyət yaradıb. Həqiqətən də, onun birləşmə çağırışı, bəlkə də, əsasən Qarabağdakı rəhbərliyi hədəf alıb və buradakı ermənilər arasında da populyarlığını artırmaq məqsədi daşıyıb. Bu sözlərin Bakıya təsitini düzgün qiymətləndirməyib.

Bu yazı hazırlanarkən, tərəflər Azərbaycanın hərbi qələbəsini möhkəmləndirən atəşkəs razılaşmasını imzalayıblar, amma Dağlıq Qarabağın bəzi yerlərində Ermənistanın nəzarəti saxlanıb.

Ermənistanın səhv hesablamalarından yaranan uzunmüddətli ziyanı razılaşmada görmək mümkündür. Zərərin bir hissəsi maddi olsa da, daha da əhəmiyyətli olan mənəvi ziyandır: Ermənistanın hərbi üstünlük hissi indi dağılıb və təcrid hissi ilə əvəzlənib. İndi aydın olmalıdır ki, Ermənistan yalnız davamlı sülhə nail olduqda, təhlükəsiz ola bilər.

Paşinyan onsuz da zəifləmişdi, bu epizoddan necə yarasız çıxacağını görmək çətindir və istefa çağırışları artır. Bundan əlavə, Paşinyan qalsa da, getsə də, Ermənistanın bu hadisədən necə dərs aldığnı, barışıq üçün müraciət edib-etməyəcəyini görmək lazımdır.

Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 3 114          Tarix: 16-11-2020, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma