Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen debatı dünyanın bir sıra media qurumlarında ciddi müzakirə edilib. İranın rəsmi xəbər agentliyi İRNA da bu mövzuya işıq tutan media qurumlarındandır.
İRNA-nın xəbərini Ovqat.com oxucularına təqdim edirik.
“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş debat tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həllini tam fərqli gördüyünü bir daha ortaya qoyub.
Azərbaycan prezidentilə Ermənistanın baş naziri arasında qarşılıqlı ittihamlarla müşayiət olunan təxminən 45 dəqiqəlik debatı iki ölkə rəsmilərilə yanaşı, ayrı-ayrı ölkələrdən olan ekspertləri də zalda izləyib.
Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğuna diqqət çəkən Əliyev deyib: “Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”. İ.Əliyev hesab edir ki, Ermənistanın Azərbaycan ərazisinin işğalına son qoyması üçün beynəlxalq ictimaiyyət Yerevana ciddi təzyiq göstərməlidir. Əks təqdirdə, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan öz ərazisini azad etmək üçün qanuni haqlarından yararlanmalı olacaq.
N.Paşinyan isə “Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəsinin olmadığını” deyib. Bununla yanaşı, o, problemin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib. Baş nazir hesab edir ki, münaqişənin həlli “hər üç tərəf” – Ermənistan, Azərbaycan və “DQR” üçün məqbul olmalıdır. O, problemin hərbi yolla həllinin olmadığını bildirib.
Paşinyan Əliyevi Dağlıq Qarabağ ermənilərilə birbaşa danışıqlar aparmağa da çağırıb. Azərbaycan prezidenti isə cavabında bildirib ki, Dağlıq Qarabağ erməniləri ilə danışıqlara erməni qüvvələrinin bölgədən çıxarılmasından, Azərbaycan ərazilərinin işğalına son qoyulmasından sonra başlanacaq. Əliyev ümumiyyətlə, Dağlıq Qarabağın münaqişə tərəfi kimi göstərilməsinə etirazını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistanla Azərbaycandır. Maraqlı tərəflər isə bölgənin erməni və azərbaycanlı icmalarıdır. Bu, ATƏT-in münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik edən Minsk qrupunun sənədlərində də əks olunub”.
Problemin sülh yolu ilə həllinə gəlincə, İ.Əliyev bunun mərhələli şəkildə baş verməli olduğunu söyləyib: əvvəlcə Ermənistan hərbiçiləri bölgədən çıxarılmalı, tərəflər arasında münasibətlər normallaşmalı, daha sonra isə Dağlıq Qarabağ bölgəsinin siyasi və hüquqi statusu müəyyənləşdirilməlidir.
N.Paşinyan isə Dağlıq Qarabağa bitişik ərazilərin (Azərbaycanın Ermənistan qüvvələri tərəfindən işğal olunmuş 7 rayonu) “təhlükəsizlik zonası” olduğunu deyərək, bu üzdən onların asanlıqla geri qaytarıla bilməyəcəyini söyləyib.
İlham Əliyev Paşinyanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrini səhv şərh etməkdə də günahlandırıb. O, xatırladıb ki, həmin qətnamələrdə erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Söhbət BMT Təhlükəsizlik Şurasının problemlə bağlı hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrdən gedir.
Azərbaycan prezidentilə Ermənistanın baş naziri Münxendə ikitərəfli görüş də keçiriblər. Lakin bu haqda ətraflı məlumat verilmir.
Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını Münxendə Beynəlxalq Böhran Qrupunun rəhbəri Robert Malley ilə görüşdə də müzakirə edib.
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi üstündə münaqişə 1988-ci ildə başlayıb. 1992-ci ildə o, hərbi qarşıdurmaya çevrilib. Bölgədə baş vermis hərbi toqquşmalar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu Ermənistan qüvvələri tərəfindən işğal edilib. 1994-cü ildə beynəlxalq səylər nəticəsində münaqişə tərəfləri arasında atəşkəs razılaşması imzalanıb. O vaxtdan ATƏT-in ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu problemin həllində vasitəçilik etsə də, bu günədək hər hansı nəticə əldə olunmayıb”.
Paylaş: