Xəbər lenti


Sərdar Turqut
“Habertürk”, Türkiyə, 29 yanvar 2021-ci il
 
ABŞ-ın yeni prezidenti Co Bayden Oval ofisdə yerinə oturar-oturmaz, Suriyada nə ediləcəyilə bağlı öz həllini gözləyən məsələnin administrasiyasının ən başağrıdıcı problemlərindən biri ola biləcəyini artıq görməyə başlayıb.

Administrasiyanı yaxından izləyən mütəxəssislər Baydenin Obama və Tramp administrasiyalarının Suriya siyasətini uğursuz hesab etdiyini öz yeni milli təhlükəsizlik komandasına bildirdiyini ifadə edirlər. Dolayısilə, Vaşinqtonda yeni prezidentin Suriya məsələsilə bağlı yeni və yaradıcı bir yanaşma formalaşdırılmasını istəyəcəyinə əminliklə baxırlar.

Lakin ABŞ paytaxtında Prezidentin yeni yanaşmasının necə qarşılanacağına və onu qane edəcək bir Suriya planı təqdim ediləcəyinə şübhə ilə baxılır.

Çünki, birincisi, Baydenin Suriyada bir həll variantının ortaya çıxması üçün diplomatik kanallara ağırlıq verəcəyi və bu kanalları açıb yeni Suriya planı üçün işlətməsinə görə yeni Xarici işlər naziri Entoni Blinkenə güvəndiyi məlumdur.
İkincisi, yeni ABŞ Xarici işlər nazirinin Suriya kimi problemli bir bölgədə diplomatik yollarla həllə nail ola bilməsi üçün amerikan administrasiyasının bütün qurumlarının öz daxillərində vahid bir plan üzərində anlaşması da lazımdır.
Üçüncüsü, bugünədək Türkiyədən ABŞ-a nə qədər rəsmi heyət gəlibsə, hamısının ortaq şikayəti daim “Qarşımızda hansı Amerikanın olduğunu bilmirik” olub. Buna səbəb gələn heyətlərin eyni problemə Ağ Evdə bir, Pentaqonda ayrı, Konqresdə isə tamamilə fərqli yanaşmaların olduğunu görmələri idi.

Bayden administrasiyasının strateji xarici siyasətlə bağlı hakimiyyətdə mövcud olan xroniki çoxbaşlılığın aşılmasına cəhd ediləcəyini bildirməsinə rəğmən, xüsusilə Suriya kimi problemlərə yönəlik olaraq bunun necə ediləcəyini görmək bu anda elə də asan deyil.
Dördüncüsü, Bayden administrasiyasının Suriyada uğurlu ola bilməsi üçün, dediyim kimi, əlində daxili tutarlılığı olan və hakimiyyətin bütün qurumlarının üzərində anlaşdığı vahid bir planın olması lazımdır. Bunun üçün Ağ Ev, Pentaqon və Konqres vahid bir plan üzərində anlaşmalıdır.
Beşincisi, ABŞ administrasiyasının reallığının bu olmasına rəğmən, xarici siyasətdə önəmli oyunçulardan biri olan Pentaqonun öz daxilində belə, hazırda bu məsələ ilə bağlı tam anlaşma olmadığını görməkdəyik.

Altıncısı, Bayden Müdafiə naziri postuna  general Lloyd C. III Ostinin namizədliyini irəli sürüb. Beləcə, Pentaqona bugünədək siyasət formalaşdırmaqda təcrübəsi olmayan, yalnız təsdiq edilmiş siyasətləri sorğu-sual etmədən icra etməyə adətkar bir general rəhbər təyin edilmiş olacaq. Bu mərhələdə Pentaqondan Suriya üçün orijinal fikir formalaşdırması gözlənildiyinə görə, yeni Müdafiə nazirinin bu işə uyğun olub-olmadığı yaxında bəlli olacaq.

Bayden, Suriyada Obama və Tramp administrasiyaları tərəfindən həyata keçirilmiş siyasətləri çox bəyənməsə də, həmin siyasətlərin bölgədəki tətbiqedicisi, hətta planlaşdırıcısı mövqeyində olan CENTCOM komandirlərinin Pentaqon iyerarxiyası daxilindəki gücləri davam etməkdədir.
Tramp hakimiyyətdən getmədən öncə, son anda bu CENTCOM-un səlahiyyət zonasına İsraili də daxil edərək, bölgədə YPG ilə əməkdaşlıq içində çalışan bu qurumun əlinə daha bir güc vermiş olub. Bu səbəblə, yeni müdafiə nazirinin içindən gəldiyi bu CENTCOM əngəlini aşaraq yeni Suriya siyasəti formalaşdırmağı bacara bilməsi hazırda elə də asan görünmür.

Türkiyənin mövqeyi
Yeddincisi, Türkiyə, Orta Şərq siyasətinə görə məsuliyyət daşıyan kadr kimi, Bret MakQörkün Ağ Evin kadr heyətinə daxil edilməsindən haqlı olaraq narahatdır. Çünki MakQörkün YPG ilə yaxın işləmək arzusu və Türkiyə əleyhinə gördüyü işlər yaxşı məlumdur.
İndi qorxulan budur ki, əgər yeni müdafiə naziri CENTCOM komandirlərini cilovlaya bilməzsə və bölgədə YPG ilə birgə işləməyin doğru olduğuna inanan hərbçilər Pentaqonda daha da güclənərsə, o zaman bu siyasətin doğru olduğuna inanan MakQörkün də Ağ Ev daxilində güclənə biləcəyi söylənir. Təbii, bu da Türkiyənin xoşlana biləcəyi bir şey olmayacaq.
Mütəxəssislər deyir ki, əgər bu ssenari gerçəkləşərsə, o zaman Suriyada bir sıra yeni şeylərin edilməli olduğunu düşünən Bayden çarəsiz qala, Türkiyənin heç xoşlanmadığı  köhnə siyasətləri həyata keçirməyə davam edə bilər.

Səkkizincisi, ABŞ-ın ilk zənci Müdafiə naziri III Ostin, əvvəllər CENTCOM tərkibində çalışan bir general olaraq İraq və Suriyada işləyib, yəni hərbi cəhətdən bölgəyə çox yaxşı bələddir. Obama dövründə yaradılan 500 milyon dollarlıq “Təlim keç-təchiz et” proqramının reallaşdırılmasına görə məsuliyyət daşıyan komandir də əvvəllər o oluduğundan, bu proqramın administrasiya tərəfindən nəticədə uğursuz hesab edilməsi də onun üstündə qalıb.

Obama dövründə İŞİD-ə qarşı hərbi əməliyytlara keçilməsi haqqında təklif gələn zaman indiki yeni müdafiə naziri o vaxt bir komandir olaraq sürətli şəkildə hərəkətə keçilməsinə qarşı çıxmışdı. Baydenin də gücə dayanan bu cür sürətli həll yollarından yana olmadığı, xoşlanmadığı məlumdur. Bu səbəblə, əgər Müdafiə Nazirliyi CENTCOM əngəlini aşıb yeni bir orijinal plan işləyib hazırlaya bilərsə, Baydenin buna çox isti baxacağı da Vaşinqtonda danışılır.

Doqquzuncusu, administrasiya öz yeni planına razılıq ala bilməsi üçün Konqreslə də ahəngdar şəkildə işləməlidir. Bunun üçün yeni Xarici işlər naziri Entoni Blinken və yeni Müdafiə naziri Lloyd C. III Ostin də ahəngdar şəkildə işləməlidir. Yəni, XİN və Pentaqon Konqresdə eyni planı müdafiə etməlidir. Çünki Konqresin razı salınması üçün aparılan işlər ancaq bundan sonra uğurlu ola bilər. Bunun baş tutduğunu fərz etsək belə, administrasiya Suriya məsələsilə bağlı Konqresdəki respublikaçılarla da ahəng içində çalışmalı olacaq.

Ancaq respublikaçıların nə edəcəyi də, hələ ki, bəlli deyil. Bayden vəzifəsinin icrasına başlamadan öncə Respublikaçı İşçi Qrupu (Republican Study Group) adı altında çıxış edən 150 mühafizəkar təmsilçi “Suriyada Ölümləri Durdurun” (“Stop The Killing in Syria”) adlı bir qanun layihəsi təklif etdi. Bu layihə qanuna çevrildiyi təqdirdə, ABŞ, işgəncə etdiyi təsbit edilən Suriyalı vəzifəli şəxslərə sanksiya tətbiq edəcək. Ayrıca, Əsəd rejimi ilə əməkdaşlıq etdiyi təsbit edilən bütün 3-cü ölkələrə də sanksiya tətbiq edəcək (burada xüsusilə İranın nəzərdə tutulduğu söylənir) və başqa ölkələrdə yaşayan zəngin suriyalıların, rejimə birbaşa fayda vermədən, öz ölkələrinə yardım etmələrinin də önü açılacaq.
Bu layihə qanuna çevrilərsə, Pentaqonun XİN-lə anlaşaraq işləyib hazırlayacağı plan da bu qanunun maddələrinə uyğun olmalıdır. Xülasə, Bayden Suriyada fərqli bir həll yolu tapılmasını istəsə də, administrasiya daxilində belə fərqli baxışların mövcud olması səbəbilə, işi indilik elə də asan görünmür.

Vaşinqtondakı qaynaqlara görə, 15 fevralda keçiriləcək NATO sammitində gözlənilən Ərdoğan-Bayden görüşündən sonra onun işinin asanlaşıb-asanlaşmayacağı da görünəcək.
Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 866          Tarix: 31-01-2021, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma