Cəbrayıl rayonunun əsaslı şəkildə yenidən qurulan Cocuq Mərcanlı kəndinə köçürülmə prosesi başlayıb.
Ovqat.com məlumat verir ki, dünən Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində püşkatma keçirilib. Püşkatma nəticəsində kəndə köçürüləcək sakinlər müəyyən edilib. Bu gün isə həmin sakinlərin bəzilərinin köçürülmə prosesinə başlanılıb. İlk gündə Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində çətin vəziyyətdə yaşayan 4 ailə Cocuq Mərcanlıya köçürülüb.
Köçürülmə prosesində iştirak edən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev deyib ki, köçürülmə mərhələli şəkildə olacaq. İlkin mərhələdə 50 ailə köçürüləcək. Onların 25-i Bakıda, 25-i isə digər rayonlarda yaşayan ailələrdir.
Qeyd edək ki, Cocuq Mərcanlıda daha 100 ev tikiləcək. Həmin evlərin oktyabr ayında hazır olacağı gözlənilir. /Xezerxeber.az/
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: