Xəbər lenti


     Bu gün Azərbaycanda yaxşı tanınan şair İbrahim Yusifoğlu həmişə öz imzası ilə ədəbi mühitin diqqət mərkəində olub. Ilk qələm təcrübələri ilə qapısını açdığı “Şərur qönçələri” ədəbi dərnəyindən üzü bu yana həmişə bir yaradıcıq məsuliyyəti hiss edib özündə. “Milli şeirimizin istedadlı və məhsuldar nümayəndələrindən biri olan”(İsa Həbibbəyli, AMEA-nın prezidenti) İbrahim Yusifoğlu poeziyanın daşlı-kəsəkli yollarında inamla irəliləyib, heç vaxt büdrəməyib, həyatda rastlaşdığı çətinliklər şairi daha da mətinləşdirib. Doğulduğu və yaşadığı ilk gənclik illəri Stalin və MirCəfər Bağırov  rejiminin buzlarının təzə-təzə əridiyi vaxta təsadüf edən şairin nə dünyaya gəlişi münasibətilə adına qurbanlar kəsililib, nə də atasızlığını kimsə duyub, eşidib.
 Pulumun yoxluğundan
 Kinoya getmədim tələbə qızlarla.
 Dedilər şeir yazır.
 Rəngi solmuş köynəyimin ucbatından
 Şeir gecələrinə baxa bilmirdim.
    Dünya bir yuxudur və İbrahim Yusifoğlu o yuxunun içindən keçib gedə-gedə özünü axtarırdı, öz yolunu axtarırdı. İstəyi də o idi ki, bu axtarışları nəticəsiz olmasın, poeziya aləmində kimsəyə bənzəməyən öz yolu, öz dəsti-xətti olsun. Yaradıclıq yollarındakı bu axtarışları nəhayət öz nəticəsini verir. 1989-cu ilin bir payız günü xoş xəbərlə açılır: İlk şeir kitabı “Yazıçı” nəşriyyatının tematik planına salınır. Bu günkü yaşlı nəsil yaxşı bilir ki,  o illərdə nəşriyyat planına düşmək necə məşəqqətli, uzun və çətin bir yol idi. Belə bir uğur o dövr gənclərinin çoxusunun röyalarından belə keçməzdi. Nəhayət 1991-ci ildə İlk şeir kitabı “Araz bayatıları”  “Yazıçı” nəşriyyatında dörd min tirajla işıq üzü görür. Bu uğurlu addım şairi daha da ilhamlandırır, eyni zamanda məsuıiyyət hissini də artırır. Yaradıcılığında rənglərin çeşidi gündən-günə artır, sətirlər arasında canlı həyatın nəfəsi daha aydın duyulmağa başlayr. 

    Ədəbiyyat həyata daha ürəkdən sarılmaq, onu bütün varlığınla sevmək deməkdir. Ədəbiyyat itirmək-qazanmaq, itirmək-geri qaytarmaq deməkdir. Sən ömrünün hansısa anını itirirsən-əvəzində yazdığın şeirlər qazanır, vaxtını itirirsən-sən daha çox tanınırsan, ömrünü  itirirsən- xalqın segisini qazanırsan. Poeziya- itirilmiş vaxtın mənəvi geriqayıdışıdı. Poeziya-vaxtın yenidən dəyər qazanmasıdır.Dəyər isə kapitaldır, özü də mənəvi kapital. Bu kapitalın poeziya ilə dönüşü isə əvəzolunmazdır.
 İnsan düşüncəsi kütlədir. Kütlə- fiziki kəmiyyətdir. Kütlə anlayışında iki xassə başa düşülür. Ətalət kütləsi və Qravitasiya kütləsi. Eynən poetik düşüncədə də bu  bərabərlik prinsipi mövcuddur. Yazılan şeirin miqyası- şeirin qravitasiya sahəsi-oxucu ilə şeirin yarandığı qravitasiya sahəsində qazandığı ağırlıq səviyyəsini xarakterizə edən kəmiyyətdir. ”Məni günahıma bağışla, Allah” istəyi nisbilik nəzəriyyəsinin əsasını təşkil edən ekvivalentlik prinsipini ortaya qoyur: ”Sən demə bu dünya mənlik deyilmiş”:
 Anam nə söylədi, sözünə baxdım,
 Qayğıya bələnən üzünə baxdım,
 Dönüb bu dünyanın özünə baxdım,
 Gördüm ki, hər büsat şənlik deyilmiş.
 Sən demə bu dünya mənlik deyilmiş.
   Mövzu axtarışı adətən sadə həyatın rentabelləşmiş nəticəsindən doğur. Gün ərzində gördüyünü, hiss etdiyini və duyduqlarını sistemli şəkildə yaşayırsan. Bu prosesdə səni ən çox düşündürən anı təkrar-təkrar yaşamaqla ona olan münasibətini ,  hisslərini bir daha isidirsən, lent kimi geri fırlayıb yenidən, dönə-dönə seyr edirsən. Nə yaxşı ki, idarəedici pult sənin əlindədir. Yenidən geri qaytarıb daha diqqətlə seyr edirsən:
 Badam ağacının füsünkar halı,
 Bəlkə də baharın ləli-zəriydi.
 Amma görürdüm ki, qəlbi havalı,
 Bir şair oğlanın şeirləriydi.
   Zalım dünya bəzən sən deyəni boyayıb ayrı bir rəngdə sənin qarşına çıxarır. Amma bu məqamda səni təskinlik edən bir an var:

” İbrahim Yusifoğlu nə yazırsa ürəkdən yazır, şeirləri də özü kimi səmimidir.”(Hüseyn İbrahimov, xalq yazıçısı)
   Fikir bəzən təktərəfli olur. Amma ispata ehtiyac görmürsən.Çünki “ Qələm adamı sözün dünyaya gəlişini o vaxt bayram edib ki, o söz birnəfəsə oxunur və dərhal da ruha hakim kəsilir.”(Əbülfət Mədətoğlu “Sən özün istətdin özünü mənə”):/
 Baxışların dalğın bulud,
 Yanaqların yaşdı, qurut,
 Hisslərini ovut, ovut,
 Unut məni,
 Məni unut.
   “Yer kürəsinin böyüklüyü tam lazımi səviyyədədir”-Yer kürəsinin alimləri bu qənaətə gəliblər. Şairin də düşüncəsi ilə yazdıqları lazımi səviyyədədir. Yəni sən düşündüyündən artıq yaza bilməzsən. Sənin varlığın bərabərdir- düşüncələrinə. Düşüncələrin səni ifadə edir. Sənin ifadə tərzin düşüncələrdən ibarətdir:
 Bu da bir taledi, başım üstündən,
 Bulud çəkilmədi, günəş doğmadı.
 Heç nə istəmirəm Tanrıdan ki, mən,
 Ruhuma bircə bu yağış doğmadı.
   Gördüyünü ifadə etmək, ifadə etdiyindən həzz almaq insan xarakteridir , ruhun əsas ifadə tərzidir. Dağın azəmətinun səndə yaratdığı məmnunluq hissinin kölgəli tərəfi keçə bilmədiyin tikanlı çəpərlərin yolunun üstündə bitməsidir. Çox mərhəm bildiyin bir hissin heç kəslə paylaşılmamasıdı özünü tam mənaa ifadə edə bilməmək hissi. Amma poeziya bütün bu sərhədləri adlayıb keçir. Səni ifadə edə bilmədiyin duyğilarla bir araya gətirir:
 Alma ağacları çiçəkləyəndə,
 Vaxt tapıb arabir dolaş, gəz bağı.
 Tanrı saçlarına nur ələyəndə,
 Göylərə baxarsan-Ay doğan çağı.
    Klassik poeziyadakı poetik təravət- zaman-zaman müasir poeziyamıza sıçramış, öz təsirini göstərmişdir. Şərq poeziyasının plastikası-zərifliyi  çağdaş ədəbiyyatımızda bir daha yenilənmiş, gül-bülbül incəliyi daha böyük məna kəsb etmişdir. Əgər klassik ədəbiyyatda bülbül yalnız  ahu-zar edirsə, çarəsizlikdən göz yaşı tökürsə, günümüzdə bu, mübariz aşiqin qalibiyyətini əks   edən ifadələrlə yadda qalır:

Baxdım gözlərinə, kədərlə dindi,
 Eşit bu halına qəlbim deyəni.
 Sənin ürəyində qalmaq çətindi,
 Çıxart ürəyindən, çıxart, at məni.
     Bütün bu yeni mövzularla yanaşı, ənənvi mövzular da var ki, hər bir şair bundan yan qaça bilmir. Müəyyən yaradıcılıq mərhəllərində bu mövzulara da müraciət etməli olur. Doğulduğu kənd, məhəllə, şəhər, ölkə-bütövlükdə vətən  anlayışı hər bir şairin doğma mövzusudur.
 Ürəkdə qan coşur,ilham çağlayır,
 Bu qədim qalanı seyrə dalınca.
 Hər kəsi özünə qəlbən bağlayır,
 Qürur mənbəyimiz məğrur Əlincə. 

   “Kitabi Dədə Qorqud” dastanında adı keçən Şərur, Əlincə İbrahim Yusifoğlunun da ilham qaynağıdır:
 Dədə Qorqud gəzən Oğuz elidi,
 Dili ana dili- Türkün dilidi.
 Məğrur Naxçıvanın durna telidi,
 Qədimdi, uludu yaşı Şərurun.
 Vətən bütün anlamlarda şirindir. Ilk göz açdığın andan axirət evinəcən. “Gözlərimin didəsindən” boylanan dağına, dərəsinəcən:
 Bu gün ana, həm nənəsən,
 Səndən olmaz, birdənəsən,
 Göylər boyda ümmansan sən,
 Qəlbindən Vətən boylanır.
   İbrahim Yusifoğlu yeni poetik nümunələr yaratdığı kimi, poema janrında da maraqlı, yadda qalan əsərlər yaradıb.”O, günəş ömrüdür, sönməyəcəkdir” poemasında Heydər Əliyevin yorulmaz fəaliyyətindən,”Bu nəğməm sənədir, doğma Naxçıvan” poemasnda qədim yurdun qurub-yaradan oğul və qızlarından, “Cəlil Məmmədquluzadənin ev muzeyi” poemasında böyük ədibin ölməz irsindən, “Mənim inamımı güllələdilər” poemasında mənfur qonşularımızın xəyanəti nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən, “Analı, anasız dünyam”, “Sulara danışdım yuxularımı” poemalarında kənd həyatından, onun qoynunda keçirdiyi xoş anlardan söhbət açılır.
 “Pəhləvanın bağında”, “Ceyranbulaq nağılı” pyeslərində isə balaca yaşlı uşaqların həyatından bəhs edilir.
   Şair bu illərdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur, təhsil sahəsində çalışır, məktəbin həyatımızdakı önəmini  daha dərindən anlayır. Bu həyati müşahidə şairin yaradıcılığında yeni bir istiqamət də müəyyənləşdirir: Təcrübələrdən irəli gələn pedaqoji yaradıcılıq onun bədii yaradıcılığına xüsusi rəng qatır.
   Bu gün İbrahim Yusifoğlu yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Yeni-yeni əsərləri ilə ədəbiyyatımızın zənginləşməsində əhəmiyyətli dərəcədə rol oynayır. Şübhə etmirik ki, şair ədəbi məsuliyyət hissini  beləcə həmişə təzə-tər saxlayacaqdır.
                                                                                                            Məmməd Tahir




Ana səhifəyə qayıt        Baxış: 1 974          Tarix: 17-03-2024, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma