Ovqat.kom-un məlumatına görə, Vəkil Fariz Namazlı virtualaz.org saytına açıqlamasında bildirib ki, hadisəni törədən şəxsin həm də hadisə yerindən yayınması müəyyən olunarsa, bu halda Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə yanaşı, 264.cü maddəsi ilə ittiham elan oluna bilər.
”Təbii ki, burada araşdırılmalıdır ki, sürücü hadisə yerindən hansı formada kənarlaşdırılıb, özü xəsarət alıb və xəstəxanaya özü gedib, yaxud onu aparıblar, ya qəsdən hadisə yerindən yayınıb. Bu hallar müəyyən edildikdən sonra Cinayət Məcəlləsinin 264.cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham məsələsinə baxıla bilər. Digər tərəfdən, həmin hadisə zamanı xəsarət alan şəxslər də var, o zaman əlavə olaraq vurulmuş xəsarətin ağırlıq dərəcəsindən asılı olaraq 263.1 və ya 263.1-1.ci maddəsi ilə ittiham verilə bilər”, - vəkil bildirib.
O əlavə edib: “Cəzalara gəldikdə, əgər N.Allahverdiyevin təqsiri məhkəmədə sübuta yetiriləsə, cəzaları toplamaq yolu ilə ona 10 ildən də yuxarı cəza verilə bilər”.
* * *12:42
İki gün öncə Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib. Qəza zamanı “Gelandewagen” markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər. Hadisə baş verən zaman yol kənarında dayanan Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, həmin avtomobil baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qız nəvəsi Nail Allahverdiyevə məxsusdur. Baş vermis qəza geniş ictimai rezonansa səbəb olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.
DİN adı çəkilən sürücünün cinayət məsuliyyətinə cəlb olunacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən, baş vermis qəzaya səbəb olan şəxsi qanunvericiliyin tələbi ilə 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Paylaş: