İki qardaş ölkənin gücünə güc qatacaq proje işə düşür; Ermənistanın izolyasiyasını gücləndirib, onun tranzit ölkə olmaq şansına növbəti zərbə vuracaq 10 ilin layihəsi yekunlaşır; düşmənin havadarlarını da rahatsız edən, əngəllərlə üzləşən dəmiryolu xəttinin açılışına sayılı həftələr qaldı...
“Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq”. “Trend”in məlumatına görə, bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib. Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir. Nazir bildirib ki, tikinti başa çatdıqdan sonra gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq. O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə iş aparılır.
Qeyd edək ki, indiyədək işə salınacağı gün iki dəfə elan olunsa da, dəmir yolunun açılışı deyilən tarixlərdə baş tutmayıb (ötən ilin dekabrı və bu ilin iyunu). Mətbuatda bununla bağlı belə versiyalar səslənib ki, dəmir yolunun işə düşməsini əngəlləyən başqa səbəblər var. Hətta bu yöndə bəzi məkrli çevrələrin Türkiyə rəhbərliyinə təzyiqlər edilməsi haqda mətbuatda məlumatlar yayılmışdı. Bundan əlavə, qonşu Gürcüstanla tariflər məsələsində anlaşılmazlıqlar üzündən layihənin ləngiməsi haqda fikirlər səslənmişdi.
Ancaq çətin ki, bu kimi maneələr üç qonşu ölkə üçün strateji önəm daşıyan, onların büdcələrini əhəmiyyətli ölçüdə zənginləşdirəcək və tranzit ölkə statusunu daha da möhkəmlədəcək belə bir vacib layihənin reallaşmasını tormozlaya bilsin. Belə görünür ki, tormozlamaq mümkün olmayacaq da. Hər necə olmasa, əngəlləri aşmaq üçün üç paytaxtın - Bakı, Tiflis və Ankaranın siyasi iradəsi yetərli görünür.
Arayış üçün yada salaq ki, BTQ dəmir yolu layihəsinin təməli 10 il öncə - 2007-ci ilin noyabrında Gürcüstanın Marabda kəndində qoyulub. O vaxt hər üç dövlətin prezidentlərinin iştirakı ilə Marabda stansiyasında açılış mərasimi keçirilmişdi.
Musavat.com
Paylaş: