Xəbər lenti

Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı birgə qrup yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşündə deyib.

Onun sözlərinə görə, uzun illərdir ki, qədim İpək Yolunun yenidən qurulması ilə bağlı Azərbaycanda və qonşu ölkələrdə müəyyən işlər həyata keçirilir: "Bunun nəticəsi olaraq daşımaların artırılması və müxtəlif infrastrukturun yaradılmasına nail olmuşuq. İlk dəfə olaraq Azərbaycanda Bakı-Tibilisi-Qars dəmir yolunun gözlənilən açılışı ilə bağlı görüş keçirilir. Məqsəd gələcəkdə bu məsələlərin həlli ilə bağlı müəyyən qrupun yaradılmasıdır".

Aydın Əliyev qeyd edib ki, tədbirin sonunda layihənin inkişafı ilə bağlı bəyannamə qəbul ediləcək: "Görüşün sonunda "Azərbaycan ilə Türkiyə arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"in imzalanması planlaşdırılıb".

Tədbirdə çıxış edən Gürcüstan Baş nazirinin birinci müavini və Maliyyə naziri Dimitri Kumsişvili isə çıxışında Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin əhəmiyyəti haqqında danışıb. Onun sözlərinə görə, bu xəttin işə düşməsi üç ölkə arasında əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

Türkiyənin Gömrük və ticarət naziri Bülənt Tüfəkçi isə hər üç ölkənin ticarəti genişləndirmək üçün böyük potensialının olduğunu deyib: "Nəqliyyat baxımından da Azərbaycan və Gürcüstan tranzit əhəmiyyətə malikdir. Bu potensialdan səmərəli istifadə etmək lazımdır".

 




Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 19-07-2017, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma