Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə həmin nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natavan Mirvətova şahid qismində ifadə verib.
Ovqat.com-un “Report”un məlumatına görə, ittiham aktına əsasən, ibtidai istintaq zamanı şahid qismində dindirilən N.Mirvətova 1971-ci ildən MTN əməkdaşı olduğunu, 2006-cı ildən 2015-ci ilədək isə Əməliyyat-Texniki İdarənin rəisi təyin edildiyini bildirib.
O, mərhum Malik Mustafayevi hələ MTN-in Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdən tanıdığını söyləyib: “2014-cü il noyabrın 3-də Malik Mustafayevin intihar etməsi barədə xəbəri idarədə işçilərdən eşitdim. Malik Mustafayev nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyib və son dövrlərdə həmin vəzifədən sərəncama verilmişdi. Həmin zaman mənə məlum oldu ki, onun qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub. Yadımda qalan qədər Malik Mustafayevin qardaşının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla hansısa problemi olub və buna görə onu Milli Təhlükəsizlik Nazirliyinə dəvət edərək söhbət aparıblar. Bildiyim qədər Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yayıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Bunlar nazirliyin işçiləri arasında gəzən söhbətlər idi. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində İstintaq Baş İdarəsində cinayət işi olması barədə məlumatım olmayıb”.
N.Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində M.Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin zaman Mətləb Mustafayevin onun qardaşı olması barədə məlumatı olmayıb: “İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək, araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.
Cinayət işində E.Quliyev M.Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, M.Mustafayevi həmin gün saat 15:35 radələrindəm 19:05-dək qəbul edib.
E.Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.
E.Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterorr mərkəzinə çağıtdırıb. O, Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. E.Quliyev Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib. O, Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.
Daha sonra E.Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar. Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini deyib. Həmin vaxt E.Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İ.Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb Mustafayev heç kimə böhtan atmayacağını deyib.
E.Quliyev və İ.Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. E.Quliyev və İ.Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.
Qeyd edək ki, E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
Onu da əlavə edək ki, N.Mirvətovanın təqsirləndirilən şəxs qismində barəsində cinayət işi ayrıca icraatda araşdırılır. O, və onunla birlikdə mühakimə olunan MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumların digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Paylaş: