Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra D.Xəlilovun vəkili Elvin Səlimov və digər təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlə çıxış ediblər.
Onlar məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyiblər.
Vəsatət təmin edilməyib.
Hakim bildirib ki, həmin vəsatətə lüzum yarandığı təqdirdə məhkəmə baxışı zamanı yenidən baxılacaq.
Məhkəmənin növbəti iclası oktyabın 31-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər NazirliyiBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qəti imkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
İttiham aktında göstərilib ki, D.Xəlilov, Şakir Musayev və Seyfulla Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.
Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, Mənsur Zeynalov, Fərhad Əmiraslanov, Şakir Musayev, Ruslan Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.
Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il, M.Zeynalov, F.Əmiraslanov və S.Seyfullayevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Ş.Musayev, R.Əsgərov və R.Əliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və onlara şərti cəza verilib.
D.Xəlilovun əmlakı "AqroKredit" ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödəniliməsinə yönəldilib. Hökmdən narazı qalan D.Xəlilov apellyasiya şikayəti verib. O, barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini və ona bəraət hökmünün çıxarılmasını istəyir. Bakı Apllyasiya Məhkəməsində hazırlıq iclası zamanı təqsirləndirilən R.Əliyevin vəkili çıxış edib. O, müvəkkilinin apellyasiya şikayəti vermədiyini və buna görə müddətin bərpası üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib. Cinayət işi birinci inatansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılıb.
Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş: