Xəbər lenti

 Bu gün səhər saatlarında “Ölkəmizi tanıyaq” tur-aksiyasının 8-ci mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək 8-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3213 nəfər iştirak edəcək.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edən məktəblilər əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə tanış olacaqlar. Tur-aksiya iştirakçıları şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər.

Lənkəran-Astara-Masallı istiqaməti üzrə Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.

Ölkə iqtisadiyyatında önəmli rolu olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala zonasıdır. Bu istiqamət üzrə səfər edən şagirdlər müasir turizm infrastrukturuna malik Qəbələdə “Tufandağ” Xizəkçilik Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, udilərin yaşadığı Nic kəndinə baş çəkəcəklər. Zəngin Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat oyadacaq. Məktəblilər Zaqatalada müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud meydanını gəzəcəklər.

Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər isə Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyi faktlarının şahidi olacaqlar. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Şagirdlər “Şahdağ” Turizm Mərkəzinə səfər edəcək, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi”nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.

Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.

Qeyd edək ki, artıq dördüncü ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli iştirak edib. Budəfəki tur-aksiya ilə birlikdə “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən məktəblilərin sayı isə 17 minə yaxın olacaq.




Ana səhifəyə qayıt        Baxış: 613          Tarix: 11-11-2017, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma