Bakıda olan binalar 9 bal gücündə zəlzələyə davamlıdır.
Bu sözləri Axar.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı Cahangir Qocayev deyib. O bildirib ki, bu, nəzəri hesablama vasitəsi ilə müəyyən edilir:
“Bunun üçün xüsusi düsturlardan istifadə edilir. Amma binaların davamlılığını bilmək üçün onları mütləq müayinə etmək lazımdır. Necə ki, insanlardan vəziyyətlərini soruşanda yaxşı deyirlər, ancaq həkimə gedəndə bunun əksi ortaya çıxır. Binaların da yoxlama və hesablama aparılmadan neçə ballıq zəlzələyə dözümlü olduğunu dəqiq deyə bilmərik”.
C.Qocayev qeyd edib ki, 2000-ci il noyabrın 25-də baş verən zəlzələdə Bakı şəhərində yerləşən binalarda demək olar ki, dağıntı müşahidə edilmədi:
“Bu da binaların artıq sınaqdan çıxdığını göstərir. Bu gün də layihəsi işlənən binaların hamısının zəlzələyə davamlılığı yoxlandıqdan, ekspertiza rəyindən sonra onların tikilməsinə icazə verilir”.
Qeyd edək ki, ötən gün Azərbaycanda baş verən 6 ballıq zəlzələ binaların zəlzələyə davamlılığı məsələsini bir daha aktuallaşdırıb.
Paylaş: