Xəbər lenti

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Ovqat.com xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalov ifadə verib. O, ifadə verməyi düşünmədiyini, ifadə verənlərin dediklərindən heç bir cinayət əməli törətmədiyinin üzə çıxdığını bildirib: "İlkin ifadəmdə göstərdiyim kimi, rəhbərliyin göstərişlərini yerinə yetirmişəm. Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim etdilər. İfadə verirəm ki, qorxduğumu düşünməsinlər. Çox insan çıxışımı səbirsizliklə gözləyirdi. Deyəcəklərim çoxdur, lakin özümü yormaq istəmirəm. Səbəbkar vicdan əzabı çəkəcək. İstəmirəm, kiməsə problem yaransın. İttihamın yazdığı rəqəmlərlə razı deyiləm. Məhkəmədə bir az ədalət olsa, “1+1 = 2” yazılar. Əgər etməyəcəksə, sağ olsunlar. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsaxanda olan digər şəxslər də bu günü gözləyir”.

V. Zeynalov bank, maliyyə, xəzinə ilə bağlı qanunların hazırlanmasında iştirak etdiyini bildirib: “Evlərimi satıb İqtisad Universitetini təmir etdirmişəm. Beş dərs vəsaiti yazmışam. Xarici jurnallarda məqalələrim dərc olunub. Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Günahım odur ki, əlavə tapşırıq veriləndə qəbul eləmişəm. Buna görə övladlarımın gələcəyinə ləkə gətirdim. Buna görə, xalqımdan və prezidentdən üzr istəyirəm. Allah günahımdan keçsin. İstintaq dövründə dəymiş ziyanı ödəmək istədim, imkan vermədilər.

İstintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi. Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir?

Vaxtilə mənə və qardaşıma ölkədən köçməyimiz məsləhət görülmüşdü. Dedilər ki, burada biz ancaq çoban ya balıqçı ola bilərik, getməsək, peşman olacağıq. Əhəmiyyət vermədik. Günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb, dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yaradılsın. Buna da razı deyillərsə, desinlər, müştəri axtarmayaq.

Həmin dövrdə hesablamalar dollarla olduğu halda ittiham aktında manatla yazılaraq qiymətlər 25 faizə qədər şişirdilib. Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar. Maliyyə Nazirliyi iki şey bilir - yoxlama və hesab çıxarmaq. Bu qədər “ağa” “qara” yazmaq allahsızlıqdır. İttiham aktını oxuyanda səhvləri yox, düzü axtarmağa məcbur olmuşdum. Bunlar baş vermiş hadisəyə istintaq orqanın münasibətini göstərir".

V. Zeynalov səhhətinin yaxşı olmadığını deyərək, fasilə verilməsini xahiş edib. İclas mayın 10-na təxirə salınıb.

 

 ***

13.56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxslərdən Namazalı Məmmədov, Emin Məmmədov və Səhrab Hümbətov dəymiş zərəri ödəyiblər. Nazirliyin nümayəndəsi adı çəkilən şəxslərə qarşı mülki iddialarının olmadığını bildirib. 

İclasda Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlərlə çıxış edib. O bildirib ki, istintaq dövründə mənimsənilən məbləğ 153 milyon göstərilib: "İstintaq dövründə bəzi şəxslərə dəymiş zərər ödətdirilib. Bəlkə məhkəmə istintaqı başqa qərara gələcəkdi? Biz tələb edirik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sorğu göndərilsin və ödənilən məbləğ dəqiqləşdirilsin. Çünki ödənilən məbləğ iş materiallarında yoxdur".

E. Süleymanlı ekspertlərin, əlavə şahidlərin, mütəxəssislərin dindirilməsi ilə bağlı da vəsatət verib. Vəkil cinayət işində olan ekspert rəylərinin araşdırılmasını, dəymiş ziyanın məhkəmə tərəfindən hesablanıb, konkret rəqəm göstərməsini istəyib.
Həmin vəsatətlərə isə zərəri ödəyən təqsirləndirilən şəxslərin vəkilləri etiraz ediblər. Onlar bildiriblər ki, dəymiş zərərin ödənilməsi ilə bağlı istintaq materiallarında məlumat var. 
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxışında deyib ki, mülki iddia konkret göstərilmir: "Mülki iddiaçı belə konkret məbləği müdafiə edə bilmir. Ekspertiza təyin edilsin, dəqiq məbləğ müəyyənləşsin. Vidadi Zeynalovun yaxınlarının da dəymiş zərərin ödənilməsi ilə bağlı təşəbbüsü var".
Vidadi Zeynalov isə vəsatətlərə münasibət bildirən zaman deyib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sorğu göndərməyə ehtiyac yoxdur: "Hər adamın ayağına nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib".
V. Zeynalov digər iki vəsatətin təmin edilməsini, Maliyyə Nazirliyinin nümayəndələrinin, ekspertlərin dindirilməsini və sənədlərin elan edilərək məhkəmədə müzakirə edilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib. 
Proses günün ikinci yarısında davam edəcək. İclasda V. Zeynalovun ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 3-05-2017, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma