Xəbər lenti

“Vergilər naziri son illərdə kifayət qədər problem içindəydi. Son illər, əvvəlki illərdən fərqli olaraq, vergilər faktiki olaraq sahibkarlığın inkişafına mane olurdu, sahibkarlığın inkişafında bir buxova çevrilmişdi. Tez-tez, hədsiz dərəcədə qanuna edilmiş dəyişikliklər, əlavələr sahibkarları çaş-baş salmışdı”.

Strateq.az bildirir ki, bu sözləri deputat Fəzail Ağamalı musavat.com-a verdiyi müsahibədə sabiq nazir Fazil Məmmədovun vəzifədən çıxarılmasını şərh edərkən deyib.

“İstənilən yüksək səviyyəli dövlət məmuru vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir. Həmin şəxs vəzifədən gedəndən sonra rahat yaşamağı vəzifədə olduğu dövrdə təmin etməlidir. Kim bunu edirsə, o doğrudan da öz həyatının sonrakı illərini çox sakit şəkildə, ailəsi, ətrafı ilə bərabər yaşayır, həyatını davam etdirir. Kim əgər vəzifəsindən istifadə edərək qanunsuzluqlara yol verirsə, milyonları, milyardları yığıb sağa-sola xərcləyirsə, gələcək “qara gün”ü üçün o qədər pulun ona verəcəyi xoşbəxtlik haqqında düşünürsə, məncə, bu cür insanların aqibəti, taleyi çox faciəli olur”.

O  yeni təyin edilmiş naziri dəstəkləyib: “Məncə, Mikayıl Cabbarova vergilərlə bağlı o qədər də yaxşı olan miras qalmayıb, onun üzərinə çox ciddi, ağır bir yük düşüb. Əminəm ki, Mikayıl Cabbarov bunun öhdəsindən gələcək. Necə ki, Təhsil Nazirliyində ciddi islahatlara başladı və biz bu islahatların konkret nəticələrini 3 ilə, 4 ilə, maksimum 5 ilə görəcəyik. Elə ən azı təhsil sistemində direktorların, müəllimlərin təyinatında rüşvətxorluq götürüldü, şəffaflıq təmin olundu, müəllimlərin kateqoriyaları müəyyənləşdi, pislə yaxşı müəyyənləşdikdən sonra onların maaşındakı fərq ortalığa qoyuldu”.

 F.Ağamalı  Mikayıl Cabbarov yeni düşüncə sahibi kimi vergi sistemində də ciddi, hər kəsin, xüsusilə sahibkarların düşündüyü kosmetik deyil, fundamental dəyişikliklərə nail olacağına inandığını deyib: “Çünki cəmiyyətin də, sahibkarların da Mikayıl Cabbarovdan gözləntiləri budur”.




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 18-12-2017, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma