Xəbər lenti
13-09-2025, 19:48

 

25 dekabr – Bu gün XX əsrin qüdrətli Azərbaycan şairi, xüsusən də, dünya uşaq ədəbiyyatının klassik nümayəndəsi, yazıçı–şair, ictimai xadim İlyas Tapdıqın əziz xatirəsi yad edildi.

İlyas Tapdıq yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında xalqına, elinə, yurduna məhəbbət, ümumilikdə, dünyəvi gözəllik əsas yer tutur.

İlyas Tapdıq, ustad şair idi. Çünki, o, qələmə aldığı şeirlərinin hər kəlməsində, hər misrasında poetik mənasına varmağa can atırdı və buna da nail olurdu. Şeirlərində Vətənə, ana torpağı vurğunluq ən ülvi hisslərlə tərənnüm olunurdu.

Elin sevincini, kədərini yaz,

Sənət bağçasında yol eldən gəlir.

Elin ətəyini buraxma, İlyas,

Elin ətəyindən tutan yüksəlir.

- deyən İlyas Tapdıq poeziyasında elə, torpağa bağlılıq hər misrada hiss olunur.

 

 Şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb, poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.

Şair uşaq ədəbiyyatına da yeni bir təravət gətirmişdir. Onun yaradıcılığı milli poeziyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Azərbaycanın poeziyasının mənzərəsini göz önünə gətirdikdə İlyas Tapdıq adını xatırlamamaq mümkün deyil!

Xatırladaq ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.

Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb (1989-cu ildən). "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur.

Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda(1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).

İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi, söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı,hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli,qoçaq,sayıqdır. Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur. Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.

Qeyd edək ki, tanınmış şair ürəyindən əməliyat olunmuş 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda evində vəfat etmişdir. Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunmuşdur.

 

ALLAH RƏHMƏT ELƏSİN

Məqaləyə dair fotomateriallar:

 

 

Müəllif: Mətanət İmanquliyeva




Ana səhifəyə qayıt        Baxış: 1 723          Tarix: 25-12-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma