Davamlı vərəm xəstəliyindən əziyyət çəkənlərə müvəqqəti olaraq əlillik dərəcəsi verilməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
H.Rəcəbli bildirib ki, əlilliklə bağlı elektron addımlar atılıb: "Bu, bürokratik əngəlləri aradan qaldırır".
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıcanlı isə bildirib ki, əhalinin icbari dispanserizasiyası üzrə müayinələrə geniş yayılan ürək, şəkər, vərəm xəstəlikləri üzrə müayinələr də daxil edilməlidir.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, planetdə yaşayan hər 3 insandan biri vərəm çöpünə yoluxur: "Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Bu istiqamətdə son illər tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problemdir”.
Ə.Əmiraslanov qeyd edib ki, son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər – azalma baş verib: "2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53, 2016-cı ildə 38,9 nəfər vərəmlə xəstələnib".
Paylaş: